Azərbaycan qazına tələbat artır
Siyasət

Azərbaycan qazına tələbat artır

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi bu reallığı bir daha təsdiqləyir

"Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi Avropanın  enerji təhlükəsizliyinin  möhkəmləndirilməsində və qaz  təchizatının şaxələndirilməsində  mühüm rol oynayacaq". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstana səfəri çərçivəsində Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində bildirib.

Azərbaycan bölgənin enerji təhlükəsizliyinin əsas təminatçısı rolunu oynamaqdadır. Cənubi Qafqazda   enerji məsələsi getdikcə daha aktual problem kimi   qarşıya çıxır. Azərbaycan neftinin və qazının dünyaya çıxarılması məsələsi özlüyündə bir neçə dövlətin bu işdə iştirakını nəzərdə tutur. Dünyanın hətta aparıcı  dövlətləri Azərbaycanın enerji  ehtiyatlarından müəyyən bəhrə götürməyə çalışırlar. Bunun bir səbəbi vardır. Azərbaycan  etibarlı tərəfdaşdır və onun daxili durumu sabitdir. Dünya səviyyəsində böhran yarandığı halda belə, Azərbaycanda vəziyyət sabit olaraq qalır. Bu məsələ artıq ölkəmizin etibarını  sübut etmişdir. Xarici ekspertlər Azərbaycanın enerji  daşıyıcılarını ixrac etməkdə  kəsintisiz davam edəcəyini və ölkəmizin iqtisadi sisteminin dayanıqlı  olduğunu vurğulayırlar.  Bu dayanıqlılıq Azərbaycanın  enerji təhlükəsizliyi məsələsində rolunu artırır.

Bu gün Azərbaycanın Avropanın  enerji təhlükəsizliyi üçün önəmi getdikcə artır. Respublikamız Avropaya  alternativ mənbə  və marşrut təqdim edir.   İndiki məqamda Azərbaycanın  şaxələndirilmiş neft-qaz  boru kəməri şəbəkəsinin  qurulmasına nail olması  strateji əhəmiyyət daşıyır. Azərbaycanın təqdim etdiyi  marşrutun funksionallığı  kifayət qədər yüksəkdir. Hazırda ölkəmiz bu marşrutla  istehlakçı ölkələrə  -Türkiyə, Gürcüstan, İtaliya, Albaniya, Yunanıstan və Bolqarıstana mavi yanacaq ixrac edir.   Son dövrdə respublikamızın  bu marşrutla ixrac etdiyi təbii qazın təxminən yarısı Avropa İttifaqının istehlakçıları tərəfindən istifadə olunub.

 Ekspertlərin yekdil qənaəti belədir ki, yaxın perspektivdə Cənub Qaz  Dəhlizinin  Avropada əhatə coğrafiyası  daha da genişlənəcək. Məlumdur ki, Cənub Qaz Dəhlizi ətrafında  tərəfdaş dövlətlərdən, transmilli şirkətlərdən, beynəlxalq maliyyə qurumlarından ibarət güclü  komanda formalaşıb. Burada Böyük Britaniyanın, ABŞ-ın  rolunu xüsusi qeyd etmək olar. Layihənin reallaşmasında Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya da yaxından iştirak ediblər. Həmçinin, bir sıra dövlətlər də perspektivdə  Cənub Qaz Dəhlizinə qoşulmaqla bağlı niyyətlərini bildiriblər.

Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun  açılış mərasimində çıxışında bu məsələyə diqqət  çəkən dövlət başçısı  bu vaxta qədər Xəzərin Azərbaycan  sektorunda yerləşən "Şahdəniz"  qaz yatağının yeganə mənbə olduğunu, lakin ölkəmizin bir neçə  digər qaz yatağında hasilata başlanılacağını  və təchizat həcmlərinin  artırılmasına  töhfə verəcəyini bildirmişdir. Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanan  enerji sahəsində strateji  tərəfdaşlığa dair  Anlaşma Memorandumunun əhəmiyyətindən danışan  Prezident İlham Əliyev Azərbaycanın Avropa üçün bu yaxın zamanda etibarlı elektrik enerjisi təchizatçısına çevriləcəyinə əminliyini bildirib.

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun  açılış mərasimində çıxış edən  Bolqarıstan Prezidenti Rumen Radev Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun  artıq Avropanın enerji  xəritəsini əhəmiyyətli dərəcədə dəyişdiyini  vurğulayaraq deyib: "Nəhayət ki, 10 ildən çox bundan əvvəl  Prezident Pirvanovla əldə edilən razılaşmaya sadiq qalan  Prezident Əliyevin simasında özünü etibarlı tərəfdaş kimi sübut etmiş Azərbaycandan  real qaz axını var. Dünən mən çox mühüm bir təklif aldım,  faktiki olaraq 4 ölkənin - Bolqarıstan, Rumıniya, Macarıstan və  Slovakiyanın qaz nəqli şirkətləri və təchizatçıları  tərəfindən, belə demək mümkündürsə,  mənə səlahiyyət verilib. Onlar məndən Avropa Komissiyasının  Prezidentinə birgə imzalanmış  məktubu təqdim etməyi xahiş  edirlər və iyulda Avropa Komissiyasının Prezidenti ilə Prezident İlham Əliyev arasında imzalanmış Memorandumla paralel olaraq, Azərbaycandan nəql olunan qazın həcminin artırılmasını təklif edirlər".

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB)  ümumi uzunluğu 182 kilometrdir. Bolqarıstanın və Yunanıstanın  qaz nəqli şəbəkələrini birləşdirən layihə 2011-ci ildə  Bolqarıstanda qeydiyyatdan keçmiş  Bolqarıstan-Yunanıstan "ICGB AD" investisiya  şirkəti tərəfindən Bolqarıstanın Enerji Holdinqi və Yunanıstanın "IGI Poseidon" şirkətinin səhmdarları ilə birlikdə  reallaşdırılır və hər biri 50 faiz paya malikdir.

İnterkonnektorun ümumi dəyəri 240 milyon avrodan çoxdur. Avropa Komissiyası 2010-cu ildə  texniki-iqtisadi  əsaslandırmalar üçün  45 milyon avro qrant yardımı və Bolqarıstanın  həyata keçirdiyi proqram çərçivəsində 35 milyon  avro məbləğində daha bir ödəniş ayırıb.  Avropa İnvestisiya Bankı isə  110 milyon avro kredit verib.

Xatırladaq ki, IGB Azərbaycanın "Şahdəniz-2"  yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq.  Bu məqsədlə, Bolqarıstanın "Bulgargaz EAD" dövlət şirkəti  "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Boru xəttinin illik ötürmə gücü 3 milyard kubmetr  təşkil edəcək. Perspektivdə  bu göstərici ildə 5 milyard  kubmetrədək artırıla bilər. Beləliklə, Azərbaycan təbii qazı Bolqarıstanın  tələbatının 25-30 faizini ödəyəcək.

Onu da qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin  axırında Cənub Qaz Dəhlizinin  sonuncu seqmentinin - TAP-ın işə düşməsi ilə başlayıb. Hazırda Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Azərbaycan qazının alıcılarıdır.

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində Yunanıstan Respublikasının  Baş naziri Kiriakos Mitsotakis çıxışında  enerji sahəsində  əməkdaşlıq məsələsinə toxunub, bu xüsusda TAP layihəsinin əhəmiyyətini vurğulayıb. Həmçinin, Yunanıstan ilə Bolqarıstan  arasında istifadəyə veriləcək təbii qaz interkonnektorunun əhəmiyyətini qeyd edib.

Serbiya Prezidenti  Aleksandr Vuçic çıxış edərək deyib: "Layihə Serbiya üçün də  vacib əhəmiyyət kəsb edir. Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının  şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz  Avropada çox məşhurlaşmısınız.  Mən Sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam.  O, Avropada çox məşhurlaşıb. Bu arada,  bilmirəm, o, nə edib, amma qeyd edim ki, bunun sirrini mən də bilmək istərdim".

Daha bir beynəlxalq səviyyəli  görüş tarix oldu və onu göstərdi ki,  yeni çağırışlar qarşısında Azərbaycanın təbii qazına tələbat artır.

Zümrüd QURBANQIZI,

"Respublika".