Azərbaycan qlobal nəqliyyat mərkəzinə çevrilir
Digər xəbərlər

Azərbaycan qlobal nəqliyyat mərkəzinə çevrilir

Ölkəmizdə bu sahədə yaradılan infrastruktur beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Azərbaycanın tarixi zəfəri ilə başa çatan Vətən müharibəsi Cənubi Qafqazda artıq tamam fərqli bir mənzərə yaratmaqdadır. Bu, ilk növbədə, regionda təhlükəsizliyin, sabitliyin, yüksək rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması üçün yaranan münbit zəmini özündə ehtiva edir.

Dağlıq Qarabağ münaqişəsi dövründə regionda bağlı qalan kommunikasiya əlaqələrinin yenidən bərpası prosesi başlanır. Bu hal, öz növbəsində, Azərbaycanın regionda geosiyasi, geoiqtisadi mövqelərinin daha da güclənməsinə gətirib çıxaracaq. Onu da qeyd edək ki, kommunikasiya əlaqələrinin bərpası və yenilərinin yaradılması artıq qarşısıalınmaz prosesdir. Bu məsələ 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatla da adları çəkilən ölkələr üçün hüquqi öhdəlik xarakteri daşıyır. Qeyd edilən Bəyanatın 9-cu maddəsində göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Buraya həmçinin Naxçıvan Muxtar Respublikası və Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi də daxildir. Azərbaycan üçün bu məsələ həyati önəm kəsb edir və ölkəmiz tərəfindən də bu kontekstdə artıq zəruri addımlar atılır. Bir müddət əvvəl Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoymaqla 10 noyabr Bəyanatının müvafiq maddəsinin icrasına praktik olaraq start verib. Lakin Zəngəzurdan keçərək Naxçıvana uzanacaq dəhlizdən təkcə Azərbaycan yox, bütün region ölkələri, türk dünyası və digərləri də faydalanacaq. İqtisadi Əməkdaşlıq Təşkilatının onlayn zirvə toplantısında çıxışı zamanı bu məsələ ilə bağlı Prezident İlham Əliyev maraqlı məqamlara toxunub. Xüsusən də, Zəngəzur dəhlizi ilə bağlı dövlət başçısı olduqca mühüm fikirlər səsləndirib: "Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Biz öz tərəfdaşlarımızla birgə Azərbaycanın nəqliyyat infrastrukturunu "Lapis-Lazuli" nəqliyyat dəhlizi ilə birləşdiririk və nəqliyyat sahəsində çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar yaratdıq. Artıq qeyd etdiyim kimi, Azərbaycanın Ermənistan üzərində şanlı qələbəsindən sonra Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Biz indi gələcək haqqında düşünürük. Biz bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrini müzakirə etməyə başlamışıq... Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsi ilə ölkəmizin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək yeni bağlantı dəhlizi regionda nəqliyyat sektorunda yeni imkanlar yaradacaq".

Azərbaycan İkinci Qarabağ müharibəsində əldə edilən möhtəşəm qələbə ilə Zəngəzur nəqliyyat dəhlizini reallaşdırmaqla həm türk dünyasının qərb və şərq qütbləri arasında etibarlı əlaqəni təmin edir, ölkəmiz mühüm nəqliyyat bəndinə çevrilir, həm də digər dövlətlərin, o cümlədən Ermənistanın inkişafı üçün əlavə imkanlar, xüsusilə işğalçı ölkənin dərin sosial-iqtisadi böhrandan xilasına əlverişli şərait yaradır. Zəngəzur dəhlizindən yalnız dəmir yolu deyil, həm də avtomobil yolunun keçməsinin nəzərdə tutulması baxımından bu kommunikasiya sisteminin region üçün böyük əhəmiyyətə malik olduğunu söyləmək olar.

Dəmir yolu əlaqəsinə diqqət yetirsək, bu, ilk növbədə, Horadiz-Ağbənd magistralıdır. Daha sonra 44 kilometrlik Zəngəzur (yaxud Mehri), Ermənistan-Ordubad sərhədi (11 kilometr), Ordubad-Naxçıvan-İrəvan, İrəvan-Gümrü-Qars hissələri gəlir. Əlbəttə, yeni şəraitdə Cənubi Qafqazla İran dəmir yollarını birləşdirən Culfa dəmir yolunun da işə salınacağı diqqət çəkir.

Onu da xatırladaq ki, 2020-ci ildə Qars-İğdır dəmir yolunun tikintisinə başlanılıb və onun Naxçıvana birləşdirilməsi nəzərdə tutulur. Bu, perspektivdə Türkiyənin Qars şəhərini regionun vacib nəqliyyat bəndinə çevirmək imkanı yaradır. Çünki Bakı-Tbilisi-Qars və Naxçıvan-Qars dəmir yollarının məhz oradan keçməsi nəzərdə tutulur. Magistral yollara gəlincə, Zəngəzur dəhlizi vasitəsilə avtomobil yolunun bərpasının, həmçinin Naxçıvan-Şahbuz-Gorus-Laçın-Xankəndi-Ağdam-Bərdə-Yevlax avtomagistralının işə salınması da vacib məsələlərdəndir. O, Zəngəzurun şimal hissəsindən keçir və müxtəlif coğrafi regionları birləşdirir.

Respublikamızın açıq dənizə çıxışı olmasa da, hazırda ölkəmiz geniş Avrasiya məkanında mühüm nəqliyyat-logistika habına çevrilməkdədir. Əlbəttə, burada dövlətin siyasi iradəsi, həyata keçirilən siyasət böyük önəm daşıyır. Əslində, ayrılıqda hər hansı ölkə tranzit daşımalarında zəncirin yalnız bir həlqəsidir və onun hansısa uğura imza atması absurddur. Söhbət tranzit daşımalarından gedirsə, burada qonşu ölkələrin əməkdaşlığı, bir-biri ilə xoş münasibətləri önə çıxır. Bunu ölkəmizin timsalında da aydın şəkildə görmək mümkündür. Coğrafi mövqe öz yerində, Azərbaycanın Ermənistan istisna olmaqla, bütün region dövlətləri ilə xoş mərama əsaslanan münasibətlər qurması ölkəmizin tranzit daşımaları sahəsində uğurlar qazanmasını şərtləndirən çox mühüm amillərdən biri qismində çıxış edir. Eyni zamanda, möhkəm qanunvericilik bazası, quru və su sərhədlərinə malik olması, qonşu dövlətlərlə uyğunlaşdırılmış optimal qiymət siyasəti və s. amillər də Azərbaycanın tranzit ölkə kimi cəlbediciliyini artırır.

Burada ölkəmizdə bərqərar olan uzunmüddətli daxili sabitliyin önəmini isə xüsusi qeyd etmək lazımdır. Azərbaycanda daxili qarşıdurmalar, terror təhlükəsi, narko ticarət marşrutu yoxdur və s... Ölkədəki multikultural mühit milli zəmində ziddiyyətlər baş qaldırmasını istisna edir. Bütün bu kimi amillər də ölkələri və transmilli şirkətləri öz yüklərini Azərbaycan üzərindən daşımağa sövq edir.

Bir sözlə, son 19 ildə bütün ölkə üzrə yaradılan müasir yol-nəqliyyat infrastrukturu Azərbaycanın qısa müddətdə Avrasiyanın mühüm tranzit habına çevrilməsini şərtləndirən ən əsas faktordan biridir. Belə ki, məhz bu dövrdə respublika üzrə təxminən 18 min kilometr uzunluğunda avtomobil yolları əsaslı şəkildə yenidən qurulub, yüzlərlə körpü inşa olunub. Ölkəmiz Xəzərdə ən böyük donanmaya malikdir. Hazırda Azərbaycanda 6 beynəlxalq səviyyəli hava limanı fəaliyyət göstərir. Daha 3 beynəlxalq səviyyəli hava limanı isə işğaldan azad olunmuş ərazilərdə yaradılır. Artıq onlardan biri - Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, digər iki aeroportun inşası isə intensiv şəkildə davam etdirilir. Ölkə ərazisində dəmir yollarının müasir standartlar səviyyəsində yenidən qurulması istiqamətində böyük həcmdə investisiya tutumuna malik layihələr reallaşdırılıb. Respublikamız Xəzərdə ən böyük ticarət limanının inşasına nail olub. Ən son texnologiyalar əsasında inşa olunan Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma qabiliyyəti ildə 15 milyon tona bərabərdir. Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə də yükdaşımaların həcmi artır. Yaradılan yüksək səviyyəli infrastruktur yüklərin Azərbaycan ərazisindən təyinat yerinə tez və rahat çatdırılmasını təmin edir.

Məhz bu baxımdan ölkəmizdə yaradılan nəqliyyat infrastrukturu beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Məsələn, Davos Forumunun reytinqinə əsasən, Azərbaycan yolların keyfiyyətinə görə 27-ci, hava və dəmir yolu nəqliyyatı xidmətinə görə 11-ci və 12-ci yerlərdə qərarlaşıb.

Azərbaycan Prezidenti İlham Əliyev nəqliyyat strategiyası baxımından Zəngəzur dəhlizinin əhəmiyyəti barədə çıxışlarının birində deyib: "Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır".

Zümrüd QURBANQIZI,

"Respublika".