Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri onlayn beynəlxalq simpoziumda iştirak edib
Siyasət

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri onlayn beynəlxalq simpoziumda iştirak edib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev avqustun 27-də Qazaxıstan Respublikasının Konstitusiya Şurasının təşkil etdiyi Qazaxıstan Respublikasının müstəqilliyinin 30 illiyinə və Konstitusiya Gününə həsr olunmuş “İnternet dövrü: qanunun aliliyi, insan dəyərləri, dövlət müstəqilliyi” mövzusunda onlayn beynəlxalq simpoziumda iştirak edib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin əvvəlində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin simpoziumun iştirakçılarına ünvanlanmış müraciəti səsləndirilib.

Daha sonra Qazaxıstan Konstitusiya Şurasının sədri Kayrat Mami, Avropa Şurası Venesiya Komissiyasının sədri Canni Bukikio və Almaniya  beynəlxalq hüquqi əməkdaşlıq fondunun baş direktoru Frauke Baxler və digərləri açılış nitqləri söyləyiblər.

Tədbirdə Qazaxıstan, Türkiyə, Rusiya, Almaniya, Özbəkistan, İordaniya, Mərakeş, Ukrayna, Koreya, İndoneziya, Banqladeş, Moldova, Serbiya, Belarus, Tailand, Latviya, Tacikistan və digər ölkələrin nümayəndələri müxtəlif hüquqi mövzularla bağlı məruzələr ediblər.

Beynəlxalq simpoziumda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Ədalət mühakiməsi və süni intellekt” mövzusunda məruzə ilə çıxış edib.

Simpoziumda təqdim edilən çıxışlarda “İnternet dövründə əsas hüquq və azadlıqların qorunması və təminatı”, “COVİD-19 pandemiyası dövründə konstitusionalizm”, “Qazaxıstanda rəqəmsallaşma: nailiyyətlər və perspektivlər”, “Avropa Birliyində rəqəmsallaşma və suverenliyin bölgüsü”, “Qanun qarşısında bərabərlik”, “Dövlətin və cəmiyyətin informasiya təhlükəsizliyi”, “Koreya Konstitusiya Məhkəməsinin internetdə əsas hüquq və azadlıqların qorunması təcrübəsi”, “Onlayn seçki kampaniyası: Konstitusiya Məhkəməsinin təcrübəsi” kimi bir sıra mühüm hüquqi məsələlərə toxunulub.

Simpoziumdan sonra, həmçinin Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutları Assosiasiyası, habelə Avrasiya Konstitusiya Nəzarəti Orqanların Assosiasiyasına üzv olan Konstitusiya Məhkəmələrinin iştirakı ilə onlayn görüş keçirilib. Görüşdə gələcəkdə keçirilməsi planlaşdırılan bir sıra tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.

AZƏRTAC