“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005 – 2020)” Azərbaycan Respublikasının yubiley medalının təsviri
Hüquqi aktlar

“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005 – 2020)” Azərbaycan Respublikasının yubiley medalının təsviri

Azərbaycan Respublikasının

2021-ci il 14 dekabr tarixli

Qanunu ilə təsdiq edilmişdir.

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) qızılı rəngli, hamar şüalı və itibucaqlı səkkizguşəli ulduz formalı, diametri 38 mm olan metal lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Daxili çevrənin xaricində zeytun rəngli minalı fonda yuxarı qövs boyunca “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, aşağı qövs boyunca “MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİ” sözləri yazılmışdır, sözlərin arasında dairəvi lövhənin sol və sağ tərəfində aşağıdan yuxarıya doğru uzanan dəfnə budaqları təsvir olunmuşdur. Yazılar və dəfnə budaqları qızılı rəngdədir.

2.2. Daxili çevrənin aşağı hissəsində yuxarıya doğru uzanan iki dəfnə budağından və budaqların qovuşduğu hissədə təsvir olunmuş iki dəfnə meyvəsindən ibarət dəfnə çələngi təsvir edilmişdir. Qızılı rəngli daxili çevrənin mərkəzində kursivlə “15” rəqəmləri, “5” rəqəminin aşağı qövsünün içərisində isə “il” sözü yazılmışdır. “15” rəqəmləri ilə dəfnə çələngi arasında “2005-2020” rəqəmləri həkk olunmuşdur.

2.3. Bütün təsvirlər və yazılar relyeflidir, qızılı rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində dörd sətrə bölünməklə “AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİ” sözləri, onun altında daha qalın şriftlə “2005-2020” rəqəmləri həkk olunmuşdur.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, üst və alt hissəsinə müvafiq olaraq 40 mm x 5.5 mm və 40 mm x 6.5 mm ölçüdə qızılı rəngli metal lövhələr bərkidilmiş 37 mm x 50 mm xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin üzərində mərkəzdə 23 mm enində zeytun rəngli, mərkəzdən sol və sağ kənarlara doğru ardıcıl olaraq 2 mm enində qızılı rəngli və 5 mm enində zeytun rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə olunur.