Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
Hüquqi aktlar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 121; 2006, № 1, maddə 59; 2009, № 1, maddə 32, № 10, maddə 846; 2010, № 1, maddə 49; 2012, № 2, maddə 183; 2013, № 6, maddə 738; 2014, № 1, maddə 69, № 2, maddə 201, № 7, maddə 925; 2016, № 4, maddə 772, № 5, maddə 955; 2017, № 3, maddə 478; 2018, № 3, maddə 624, № 8, maddə 1817, № 10, maddə 2174; 2020, № 6, maddə 788; 2021, № 3, maddə 301, № 9, maddə 1084, № 11, maddələr 1256, 1271) ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bənd üzrə: 1.1. səkkizinci abzasdan “xüsusi” sözü çıxarılsın; 1.2. on dördüncü abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on beşinci və on altıncı abzaslar əlavə edilsin:

“tikinti obyekti – tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğular; 

sayğacın qoşulma sxemi - sayğacın normal işini təmin edən, bir-biri ilə əlaqələndirilmiş elektrik komponentlərinin (ölçü transformatorları və naqillər) qoşulma ardıcıllığı.”.

2. 1.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“1.6. Dövlət elektroenergetika müəssisəsinin, enerji təchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının yeni və ya yenidən quraşdırılmış elektrik qurğularının şəbəkəyə qoşulması, istifadə olunmasına icazə verilmiş gücün artırılması və enerji təchizatı sxeminin dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na uyğun olaraq verilən texniki şərtlərə və Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (bundan sonra – Enerji Məsələlərini Tənzimləmə Agentliyi) istismara buraxılış aktına əsasən həyata keçirilir.”.

3. 2-ci hissə üzrə:

3.1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. Yeni, yaxud yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan, həmçinin enerji təchizatı sxemini dəyişən istehlakçıların (sifarişçilərin), o cümlədən məişət abonentlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və elektrik şəbəkəsinə qoşulması qaydaları və onlara dair tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na, “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na əsasən müəyyən edilir. Müstəqil enerji istehsalçısının bərpa olunan enerji mənbələri üzrə elektrik qurğularının şəbəkəyə qoşulmasına dair texniki şərtlər müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi və ya enerji təchizatı müəssisəsi arasında bağlanılmış şəbəkəyə qoşulma müqaviləsi ilə müəyyən olunur və bu zaman şəbəkəyə qoşulma həmin müqavilənin tələblərinə uyğun həyata keçirilir.”;

3.2. 2.2-2.5-ci bəndlər ləğv edilsin.

4. 3-cü hissə üzrə:

4.1. 3.1-ci bənddən “müəyyən edilmiş qayda üzrə razılaşdırılmış” sözləri çıxarılsın;

4.2. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“Dövlət elektroenergetika müəssisəsinin, enerji təchizatı müəssisələrinin, müstəqil enerji istehsalçılarının, istehlakçıların, o cümlədən subabonentlərin bütün yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerji təchizatı sxemini dəyişən elektrik qurğuları istismara buraxılmazdan əvvəl, onlar təhvil-təslim sınaqlarından keçirilərək, quraşdırma təşkilatından aktla sifarişçi tərəfindən qəbul edilməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddindən yuxarı elektrik qurğularına münasibətdə sifarişçi öz elektrik qurğularına baxış keçirmək və istismara buraxılış aktı almaq üçün həmin qurğuları, eləcə də bu Qaydaların 3.2-1-ci bəndində qeyd edilən sənədləri Enerji Məsələlərini Tənzimləmə Agentliyinə təqdim etməlidir. Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sifarişçinin, tikinti-quraşdırma işlərini yerinə yetirən müəssisənin və ETM-in nümayəndələrinin iştirakı ilə görülən işlərə baxış keçirilir və texniki şərtlərin, enerji təchizatı layihəsinin, elektrik xətlərinin çəkilməsi və elektrik qurğularının quraşdırılması qaydalarının tələblərinin tam yerinə yetirilməsi müəyyən edildiyi halda, Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən “Energetika haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq elektrik qurğusuna istismara buraxılış aktı verilir.”;

4.3. 3.3-cü bənddən “xüsusi” sözü çıxarılsın;

4.4. 3.4-cü bəndin birinci cümləsindən “xüsusi” sözü çıxarılsın, həmin bəndin ikinci cümləsində “Xüsusi yaşayış” sözləri “Yaşayış” sözü ilə əvəz edilsin;

4.5. 3.5-ci bəndə “yoxlanıldıqdan” sözündən sonra “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddindən yuxarı elektrik qurğularına münasibətdə isə” sözləri əlavə edilsin;

4.6. 3.7-ci bənddə (hər iki halda) “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin müfəttişi” sözləri “enerji təchizatı müəssisəsi” sözləri ilə, birinci cümləsində “müfəttişə” sözü “enerji təchizatı müəssisəsinin əməkdaşına” sözləri ilə əvəz edilsin.

5. 5.3.1-ci yarımbənddən və 5.3.2-ci yarımbəndin birinci və ikinci abzaslarından “xüsusi” sözü çıxarılsın.

6. 6-cı hissə üzrə:

6.1. 6.2-ci bənd ləğv edilsin;

6.2. 6.3-cü bənddə “Elektrik qurğularının quraşdırılması qaydaları”na, “Elektrik qurğularının texniki istismar qaydaları”na, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”na” sözləri “Elektrik qurğularının quraşdırılması Qaydası”na, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”na və “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”na,” sözləri ilə əvəz edilsin.

7. 7-ci hissə üzrə:

7.1. 7.3-cü bənddə “quraşdırılmalı və standartların tələblərinə cavab verməlidir” sözləri “quraşdırılmalıdır” sözü ilə əvəz edilsin;

7.2. 7.6-cı bəndin ikinci abzasının ikinci cümləsindən “tələb olunduqda,” sözləri çıxarılsın, üçüncü cümləsi dördüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır.”;

7.3. 7.10-cu bənd aşağıdakı redaksiyada verilsin:

“7.10. Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır.”;

7.4. 7.11-ci bənd üzrə:

7.4.1. birinci cümlədə “Yaşayış” sözü “Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış” sözləri ilə əvəz edilsin;

7.4.2. ikinci cümləyə “müəssisəsi” sözündən sonra “yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında),” sözləri əlavə edilsin;

7.4.3. ikinci abzasdan (hər iki halda) “xüsusi” sözü çıxarılsın.

8. 8-ci hissə üzrə:

8.1. 8.14-cü bənddə “(məişət abonenti istisna olmaqla)” sözləri “(o cümlədən məişət abonenti)” sözləri ilə əvəz edilsin;

8.2. 8.15-ci bəndin üçüncü və dördüncü cümlələri çıxarılsın və altıncı cümləsi aşağıdakı redaksiyada verilsin:

“Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda, elektrik sayğaclarına onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə yenidən hesablaşma aparılır.”;

8.3. 8.17-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.”;

8.4. aşağıdakı məzmunda 8.17-1-ci və 8.17-2-ci bəndlər əlavə edilsin:

“8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.

8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir.

Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır.

İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.”;

8.5. 8.20-ci bəndin ikinci abzasından “xüsusi” sözü və “və hər birinəistifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu)” sözləri çıxarılsın;

8.6. 8.21-ci bəndin ikinci abzasına “hesab” sözündən sonra “açmalıdır” sözü əlavə edilsin, həmin abzasdan “xüsusi” sözü və “açır və istifadə edilən elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçasını verir (özünəxidmət üsulu)” sözləri çıxarılsın;

8.7. 8.22-ci bənddən (hər iki halda) “xüsusi” sözü çıxarılsın;

8.8. 8.26-cı bənddən “özünəxidmət üsuluna,” sözləri çıxarılsın;

8.9. 8.27-ci, 8.32-ci və 8.33-cü bəndlər ləğv edilsin;

8.10. 8.28-ci bənddə “Məişət abonenti özünəxidmət üsuluna keçmədiyi halda, hesablaşma” sözləri “Hesablaşma” sözü ilə əvəz edilsin.

9. 9-cu hissə üzrə:

9.1. 9.1-ci bənddən “elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və” sözləri çıxarılsın;

9.2. 9.8-ci və 9.12-ci bəndlər ləğv edilsin;

9.3. 9.13-1-ci bəndə “9.13.3-cü” sözlərindən sonra “(yalnız qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda)” sözləri əlavə edilsin və həmin bənddən “və istilik” sözləri çıxarılsın;

9.4. aşağıdakı məzmunda 9.13-2-ci və 9.13-3-cü bəndlər əlavə edilsin:

“9.13-2. Elektrik enerjisinin verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra bir gün müddətində enerji təchizatı müəssisəsi tərəfindən elektrik enerjisinin verilməsi bərpa edilməlidir.

9.13-3. Elektrik enerjisinin verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 9.13.3-cü (yalnız qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndləri istisna olmaqla) enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.”.

10. 10-cu hissə üzrə:

10.1. 10.2.3-cü yarımbənddən “9.12,” rəqəmləri çıxarılsın;

10.2. aşağıdakı məzmunda 10.18.9-1-ci və 10.18.9-2-ci yarımbəndlər əlavə edilsin:

“10.18.9-1. Elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə;

10.18.9-2. bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə;”.

11. 11.15-ci və 12.16-cı bəndlərin birinci abzaslarında “Nazirliyinə” sözü “Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinə” sözləri ilə əvəz edilsin.

12. Qaydalara 1 nömrəli əlavə - “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (bundan sonra – abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi” üzrə:

12.1. 18-ci hissədən “9.12-ci bəndindəki hallara görə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin tələbinə əsasən və ya” sözləri çıxarılsın və həmin hissədə “9.13.3-cü yarımbəndindəki” sözləri “9.13-cü bəndindəki (9.13.3-cü (yalnız qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla)” sözləri ilə əvəz edilsin;

12.2. 18-1-ci hissəyə “9.13.3-cü” sözlərindən sonra “(yalnız qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda)” sözləri əlavə edilsin, həmin hissədən “və istilik” sözləri çıxarılsın.

13. Qaydalara 2 nömrəli əlavə - “Enerjitəchizatı müəssisəsi ilə qeyriistehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi” üzrə:

13.1. 17-ci hissədən “9.12-ci bəndindəki hallara görə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin tələbinə əsasən və ya” sözləri çıxarılsın və həmin hissədə “9.13.3-cü yarımbəndindəki” sözləri “9.13-cü bəndindəki (9.13.3-cü (yalnız qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla)” sözləri ilə əvəz edilsin;

13.2. 17-1-ci hissəyə “9.13.3-cü” sözlərindən sonra “(yalnız qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda)” sözləri əlavə edilsin, həmin hissədən “və istilik” sözləri çıxarılsın.

14. Qaydalara 3 nömrəli əlavə - “Enerjitəchizatı müəssisəsi ilə büdcədən maliyyələşdirilən təşkilat (bundan sonra – abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi” üzrə: 

14.1. 17-ci hissədən “9.12-ci bəndindəki hallara görə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin tələbinə əsasən və ya” sözləri çıxarılsın və həmin hissədə “9.13.3-cü yarımbəndindəki” sözləri “9.13-cü bəndindəki (9.13.3-cü (yalnız qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla)” sözləri ilə əvəz edilsin;

14.2. 17-1-ci hissəyə “9.13.3-cü” sözlərindən sonra “(yalnız qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda)” sözləri əlavə edilsin, həmin hissədən “və istilik” sözləri çıxarılsın.

15. Qaydalara 4 nömrəli əlavə - “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 4-cü hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Elektrik şəbəkəsinə qoşulmuş elektrik qəbuledicilərinin gücü ________ kVt müəyyən edilir.”.

16. Qaydalara 6 nömrəli əlavə - “Məişət abonentinin (özünəxidmət üsulu tətbiq edildikdə) elektrik enerjisi sərfinə görə birtipli HESABLAŞMA KİTABÇASI (ödəniş sənədi)” ləğv edilsin.

17. Qaydalara 9 nömrəli əlavə - “Abonentin elektrik şəbəkəsinə qoşulmuş subabonentlər haqqında (elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə) Məlumat”a aşağıdakı məzmunda yeddinci sətir əlavə edilsin:

“elektrik şəbəkəsinə qoşulmuş elektrik qəbuledicilərinin gücü ________ kVt”. 

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri.

Bakı şəhəri, 14 aprel 2022-ci il