Azərbaycan Respublikasında 2023-cü ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Hüquqi aktlar

Azərbaycan Respublikasında 2023-cü ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 46-cı maddəsinin tələblərinə əsasən hər ilin əvvəlindən başlayaraq daimi seçici siyahıları müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında məntəqə və dairə seçki komissiyaları tərəfindən tərtib edildikdən sonra Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim edilməli, bununla əlaqədar müvafiq iş aparıldıqdan sonra həmin siyahılar may ayının 30-dək müvafiq məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq olunmalı və dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək ictimailəşdirilməlidir.

Cari ilin seçici siyahılarının tərtib edilməsi işi Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada aparılaraq yekunlaşdırılmış, onların aşağı seçki komissiyaları tərəfindən təsdiq olunması və dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilməklə ictimailəşdirilməsi mərhələsi başlanmışdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 46.1-ci və 46.12-ci maddələrinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikasında 2023-cü ilin daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək siyahılar məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq edilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilsin.

2. Tərtib edilmiş seçici siyahılarının qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə təsdiq edilməsi işinin təşkili müvafiq dairə seçki komissiyalarına həvalə edilsin.

3. Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısı dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək Seçki Məcəlləsinin tələbləri nəzərə alınmaqla təsdiq edildikdən sonra Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməklə ictimailəşdirilsin.

4. Qərarın icrası Mərkəzi Seçki Komissiyasının Katibliyinə və dairə seçki komissiyalarına həvalə edilsin.

5. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov