“Azərbaycan Respublikasında İnzibati Məhkəmələr - 10 il
Digər xəbərlər

“Azərbaycan Respublikasında İnzibati Məhkəmələr - 10 il" kitabı çapdan çıxıb

"Azərbaycan Respublikasında İnzibati Məhkəmələr - 10 il" adlı kitab çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, kitab ölkəmizdə inzibati məhkəmələrin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində nəşr olunub.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin və "İnzibati icraat haqqında" Qanunun 2011-ci il yanvarın 1-dən etibarən eyni anda qüvvəyə minməsi ilə Azərbaycanda inzibati orqanların qərar və hərəkətlərinə (hərəkətsizliyinə) qarşı hüquqi müdafiənin yeni təkmil mexanizmlərinin tətbiqinə başlanılıb. Ötən 10 il ərzində ölkəmizdə inzibati məhkəmə icraatı sahəsində normativ bazanın formalaşdırılması prosesi daim təkmilləşdirilib, məhkəmə sistemində mərhələli şəkildə keçidlə tam ixtisaslaşmanın yaradılması təmin edilərək inzibati münasibətlərdən irəli gələn mübahisələrə inzibati məhkəmələrdə baxılması qaydası təsbit olunub.

Kitabda Azərbaycanda məhkəmə hakimiyyətinin tarixi və dövlət müstəqilliyi bərpa edildikdən sonra məhkəmə-hüquq sahəsində həyata keçirilən köklü islahatlar və görülən genişhəcmli əməli işlər barədə məlumat verilir, inzibati ədliyyənin ötən 10 illik tarixinə ətraflı nəzər salınaraq bu sahədəki inkişaf və qazanılmış nailiyyətlər göstərilir, inzibati məhkəmələrin fəaliyyəti və əldə edilmiş nəticələr təhlil olunur, inzibati məhkəmə icraatının səmərəliliyinin və keyfiyyətinin daha da artırılmasına nail olmaq məqsədilə gələcəkdə həyata keçiriləcək işlərdən bəhs edilir.

AZƏRTAC