Azərbaycan Respublikasının Baş Prokurorluğunda Geniş Kollegiya iclası
Digər xəbərlər

Azərbaycan Respublikasının Baş Prokurorluğunda Geniş Kollegiya iclası

Yanvarın 27-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2022-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclası keçirilmişdir.

Tədbirdən öncə Baş Prokurorluğun rəhbərliyi ulu öndər Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə gül dəstələri qoymuş, unudulmaz xatirəsini ehtiramla yad etmişlər.

Kollegiya iclasında ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, qazilərə şəfa dilənmişdir.

İclasda giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev qeyd etmişdir ki, Azərbaycan xalqının və dövlətinin taleyində müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin siyasi varisi, müzəffər sərkərdə, yeni dövrün yeni lideri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli dövlət, sosialyönümlü iqtisadiyyat və yüksək rifah cəmiyyəti konsepsiyasının inamla reallaşdırılması Şərqlə Qərbin qovşağı olan Azərbaycanın regional siyasi və iqtisadi gücə çevrilməsini təmin etmişdir.

Baş prokuror Vətən müharibəsindən dərhal sonra Zəfər təntənəsini yaşayan müzəffər xalqın lideri İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşən misli görünməmiş sürətli bərpa-quruculuq işlərinin məntiqi nəticəsi olaraq "Böyük Qayıdış"ın ilk mərhələsinin uğurla icra edilməklə əzəli torpaqlara yenidən həyatın qayıtdığını qeyd etmişdir.

Baş prokuror ölkə başçısı tərəfindən müstəqil dövlətimizin milli mənafelərinə uyğun məharətlə həyata keçirilən balanslaşdırılmış praqmatik xarici siyasət kursunun qlobal siyasətdə respublikamızın etibarlı tərəfdaş statusunun növbəti dəfə təsdiqlənməsi ilə nəticələndiyini bildirmişdir.

Region reallıqlarını yaradan ölkəmizin, xalqımızın xoşbəxt, firavan gələcəyinə istiqamətlənmiş böyük miqyaslı və uzaq məqsədli hədəflərin ötən il ərzində uğurla gerçəkliyə çevrildiyini bildirən Baş prokuror 2023-cü il - "Heydər Əliyev İli"ndə ümummilli liderin əsasını qoyduğu inkişaf yolu ilə zirvələrə doğru irəliləyən Azərbaycanın ölkə başçısının rəhbərliyi ilə möhtəşəm uğurlar qazanacağına əminliyini ifadə etmişdir.

Kollegiya iclasında qeyd edilmişdir ki, prokurorluq orqanları daim möhtərəm cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmaqla hesabat dövründə də bir qrup əməkdaşa ali xüsusi rütbələrin verilməsi ölkə başçısının prokurorluğa göstərdiyi ali dəyəri və etimadı bir daha nümayiş etdirmişdir.

Baş prokuror hesabat məruzəsində 2022-ci ildə də Azərbaycan prokurorluğunun daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında fəal iştirak etdiyini, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlər gördüyünü bildirmişdir.

Xüsusi qeyd edilmişdir ki, bu müddətdə əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş ümumilikdə 17 qəsdən adam öldürmə cinayətinin daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılması təmin edilməklə onlardan 14-ü üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir.

Ümumilikdə, cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan əvvəlki hesabat ilinin müsbət göstəricilərinin 2022-ci ildə də davam etdiyi, əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə qeydə alınmış 36.494 cinayətin 88,2%-nin açılması təmin olunmuş, bu cinayətlərin 95,2%-nin prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil etdiyi bildirilmişdir.

Hesabat dövründə ölkə üzrə cəmi 19591 cinayət işinin ibtidai istintaqının tamamlanmaqla 15772 cinayət işinin ittiham aktları ilə məhkəmələrə göndərilməsi təmin edilmiş, bunlardan 914-ü prokurorluq orqanlarında isintaq edilmişdir.

Prokurorluq və müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarında aparılmış araşdırmalar üzrə ümumilikdə 454 milyon 781 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək, istintaq tədbirləri ilə onun 41,4 faizinin, yəni 188 milyon 293 min manat hissəsinin ödənilməsinə nail olunduğu, prokurorluq orqanlarında ibtidai istintaqı aparılmış cinayət işləri və araşdırılmış materiallar üzrə isə vurulmuş maddi ziyanın məbləğinin 100 milyon 609 min manat olmaqla, onun 71,1 faizinin, yəni 71 milyon 566 min manat hissəsinin ödənilməsinin təmin olunduğu bildirilmişdir.

Bundan başqa, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 20 milyon 755 min manat pul vəsaiti ödənilməklə, həmin məbləğin 20 milyon 213 min manatı prokurorluq orqanlarında istintaqı aparılmış işlər olmuşdur.

Qeyd edilmişdir ki, hesabat dövründə ibtidai araşdırma mərhələsində qanunların düzgün icra edilməsinə tam və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə prokurorluq orqanları tərəfindən daxili işlər orqanları üzrə 34932, vergi orqanları üzrə 1369, ədliyyə orqanları üzrə 907, sərhəd xidməti üzrə 424, gömrük orqanları üzrə 342, dövlət təhlükəsizliyi orqanları üzrə 137, fövqəladə hallar orqanları üzrə 65 cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik həyata keçirilmişdir.

Hesabat dövründə korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 339 şəxs barəsində 240 cinayət işinin ibtidai istintaqı tamamlanmaqla 285 şəxs barəsində 209 cinayət işi baxılması üçün məhkəmələrə göndərilmişdir.

İbtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 74 milyon 763 min manat məbləğində maddi ziyandan 52 milyon 243 min manatın ödənilməsi təmin olunmuş, həmçinin cinayət qanunvericiliyinin tələblərinə əsasən cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 19 milyon 461 min manat məbləğində pul vəsaiti ödənilmişdir.

2022-ci il ərzində 161 saylı "Qaynar xətt" əlaqə mərkəzi vasitəsi ilə korrupsiya hüquqpozmaları barədə Baş idarəyə daxil olmuş müraciətlərin 128-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, digərləri üzrə prokuror təsir tədbiri aktlarından istifadə edilməklə aidiyyəti qurumlarla əlaqəli şəkildə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir.

Hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsində 118 cinayət işinin ibtidai istintaqı aparılmaqla 82 şəxs barəsində 51 cinayət işi baxılması üçün məhkəmələrə göndərilmiş, ibtidai istintaqı başa çatdırılmış işlər üzrə dövlətə və ayrı-ayrı hüquqi və fiziki şəxslərə vurulmuş 14 milyon 333 min manat məbləğində ziyandan 12 milyon 209 min manatın ödənilməsi təmin olunmuşdur.

Kollegiya iclasında Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasına və onun vətəndaşlarına qarşı törədilmiş cinayət faktlarına dair başlanılaraq istintaqı aparılmış cinayət işləri, həmçinin sonrakı müddət ərzində baş vermiş təxribatlarla bağlı cinayət işlərinin ibtidai istintaqının davam etdirildiyi qeyd edilmişdir.

Hesabat dövründə Respublika Hərbi Prokurorluğu orqanları tərəfindən Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu sahəsində tapşırıqlarının icrası ilə əlaqədar Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qurumlarla birlikdə görülmüş işlər nəticəsində hərbi intizamın möhkəmləndirildiyi, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alındığı, ordu quruculuğunun yeni mərhələsində zəruri tədbirlərin həyata keçirildiyi qeyd edilmişdir.

Hesabat dövründə xarici ölkələrin prokurorluq orqanları, ixtisaslaşmış beynəlxalq təşkilatlarla ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində çoxsaylı tədbirlər görülmüş, bir sıra ölkələrin hüquq-mühafizə orqanları rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətlərinin Azərbaycana, eləcə də Baş Prokurorluğun nümayəndə heyətlərinin xarici ölkələrə işgüzar səfərləri baş tutmuşdur.

Kollegiya iclasında ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq prokurorluq orqanlarının hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi istiqamətində sayca 23-cü müsabiqənin nəticəsinə görə 83 namizədin, həmçinin ötən il işə qəbul olunmaq arzusunda olan şəxslər üçün keçirilmiş 24-cü müsabiqə üzrə müvəffəqiyyət qazanmış 57 namizədin cari ildə müvafiq vəzifələrə təyin olunduğu, ümumilikdə 2002-ci ildən başlayaraq prokurorluq orqanlarında keçirilmiş 24 müsabiqənin nəticələri üzrə uğur qazanmış gənc hüquqşünasların hazırda prokurorluq işçilərinin 88,3 faizini təşkil etdiyi bildirilmişdir.

Hesabat dövründə prokurorluq orqanlarına daxil olmuş ərizə və şikayətlərə vaxtında və düzgün baxılması, müxtəlif sahələr üzrə müraciət etmiş vətəndaşlara hüquqlarının hərtərəfli və tam izah edilməsi məqsədilə müraciətlərin 8874-nün tam və qismən təmin olunması, həmçinin Baş Prokurorluğun "Çağrı Mərkəzi"nə daxil olmuş müraciətlərdən 565-nin cinayət xarakterli məlumat kimi araşdırılması vətəndaş məmnunluğunun təmin olunması üzrə həyata keçirilən tədbirlərin nəticəsi kimi qiymətləndirilmişdir.

Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ötən il ərzində Baş prokuror tərəfindən Respublikanın 21 rayonunda ümumilikdə 62 bölgədən 1106 vətəndaş qəbul edilməklə müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun həlli barədə Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe prokurorlara müvafiq göstərişlər verilmiş, həmçinin təsərrüfat, əmlak, mülki xarakterli mübahisələrə və sosial məsələlərə dair müraciətlərin müvafiq mərkəzi, yerli icra hakimiyyəti və məhkəmə orqanlarında zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə göndərilməsi təmin edilmişdir.

Kollegiya iclasında fəaliyyətdə səmərəliliyin artırılması, artım tendensiyası müşahidə edilən cinayətlərin qarşısının alınması, bağlı qalan bütün cinayətlər üzrə təqsirli şəxslərin müəyyən edilməsi, istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət və prosessual rəhbərliyin keyfiyyətinin artırılması və digər istiqamətlərdə konkret tapşırıqlar verilmişdir.

Daha sonra Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev, Baş prokurorun müavinləri Elmar Camalov və Heydər Məmmədov, Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov, Bakı şəhər prokuroru Elşən Abbasov, Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov, Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev və Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Sənan Paşayev hesabat dövründə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair mövzuda çıxışlar etmiş, həmçinin iclasın digər iştirakçıları tərəfindən müzakirələrlə bağlı fikir mübadiləsi aparılmışdır.

Kollegiya iclasına yekun vuran Baş prokuror prokurorluq orqanlarının kollektivi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin etmişdir ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi "Heydər Əliyev İli"ndə öz qüvvələrini səfərbərliyə almaqla dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün öz xidmətlərini göstərəcəkdir.

Ülvi QARAYEV,

“Respublika”.