Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Qanun

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 787; 2014, № 10, maddə 1155, № 11, maddə 1368; 2016, № 11, maddə 1791; 2017, № 3, maddə 339, № 7, maddə 1303, № 8, maddə 1510; 2018, № 1, maddə 30, № 11, maddə 2211, № 12 (I kitab), maddə 2521; 2019, № 1, maddə 30, № 5, maddə 814, № 8, maddə 1383; 2020, № 5, maddə 522, № 7, maddə 832, № 12 (I kitab), maddə 1438; 2021, № 11, maddə 1204, № 12, maddə 1315) aşağıdakı dəyişikliklər edilsin:

1. 162.2-ci maddənin ikinci cümləsinə “yerinə yetirildikdən” sözlərindən sonra “(bu Məcəllənin 163.6-cı maddəsində müəyyən edilmiş hal istisna olmaqla)” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 163.6-cı maddə əlavə edilsin:

“163.6. Bəyannaməçinin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə uyğun olaraq malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına müraciəti daxil olduqda həmin müraciətə onun daxil olduğu vaxtdan 1 (bir) gün müddətində baxılır və aşağıdakı tələblərin yerinə yetirildiyi müəyyənləşdirildikdən dərhal sonra gömrük orqanı tərəfindən malların buraxılışı həyata keçirilir:

163.6.1. gömrük orqanına təqdim edilən bəyannamə üzrə hesablanmış gömrük ödənişləri ödənilməli;

163.6.2. bu Məcəllənin 221.1-ci maddəsinə uyğun olaraq gömrük orqanı tərəfindən təqdim olunmuş bildirişdəki düzəlişlərin edilməsi nəticəsində yarana biləcək əlavə gömrük borcuna görə bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə etməklə təminat verilməli;

163.6.3. bəyan olunmuş malların buraxılışının həyata keçirilməsi üçün bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş digər tələblər yerinə yetirilməlidir.”.

3. 221.1-ci maddəyə “yazılı” sözündən sonra “, o cümlədən elektron” sözləri və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim olunduğu andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir.”.

4. Aşağıdakı məzmunda 251.4-cü maddə əlavə edilsin:

“251.4. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə uyğun olaraq bəyannaməçinin müraciəti əsasında malların buraxılışının həyata keçirilməsi üçün tələb olunan təminatın məbləği həmin bəyannaməçi tərəfindən gömrük orqanına təqdim edilən bəyannamədə hesablanmış və ödənilmiş gömrük ödənişləri nəzərə alınmaqla, bu Məcəllənin 221.1-ci və 251.2-ci maddələrinə uyğun olaraq gömrük orqanı tərəfindən təqdim edilmiş bildirişdəki düzəlişlər nəticəsində yarana biləcək əlavə gömrük borcunun ən yüksək səviyyəsində müəyyənləşdirilir.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 27 dekabr 2022-ci il