Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən sahibkarların öhdəliklərinə təminatın verilməsi mexanizminin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Fərman

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən sahibkarların öhdəliklərinə təminatın verilməsi mexanizminin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (bundan sonra – Fond) sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı mexanizmi üzrə, həmçinin istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə Fondun təminat verməsi qaydalarını beş ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

2. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2030, № 12 (I kitab), maddə 2330; 2018, № 5, maddə 901, № 10, maddə 1991, № 12 (I kitab), maddə 2592; 2019, № 5, maddə 857, № 12, maddə 1923; 2020, № 5, maddə 541; 2021, № 9, maddə 986) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Fərmanla təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası” üzrə:

2.1.1. 3.2.2 – 3.2.4-cü yarımbəndlərdə “30 (otuz)” sözləri “60 (altmış)” sözləri ilə əvəz edilsin;

2.1.2. 4.2.4-cü yarımbənddə “85” rəqəmləri “90” rəqəmləri ilə əvəz edilsin;

2.1.3. 4.6-cı bənddən “və yalnız bir dəfə” sözləri çıxarılsın;

2.1.4. 5.2.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.2.4. müvəkkil bank zəmanət üçün müraciət etdikdə, bu Qaydanın 5.2.4-1-ci yarımbəndində nəzərdə tutulan sənədləri elektron sistem vasitəsilə Fonda təqdim etməlidir. Hər hansı sənəd üzrə məlumatların elektron sistem vasitəsilə əldə edilməsi mümkün olmadıqda, borcalan həmin sənədi müvəkkil banka təqdim etməlidir. Müvəkkil bank təqdim olunmuş sənədin surətini elektron sistemdə həmin gün yerləşdirməlidir.”;

2.1.5. aşağıdakı məzmunda 5.2.4-1-ci yarımbənd əlavə edilsin:

“5.2.4-1. Zəmanət almaq üçün müvəkkil bank aşağıdakı sənədləri Fonda təqdim etməlidir:

1. kreditin və zəmanətin verilməsinə dair qeydlər, habelə bankın daxili kredit reytinqi modelinin nəticəsi göstərilməklə müvəkkil bankın səlahiyyətli orqanının qərarı;

2. borcalanın maliyyə və əmlak vəziyyətini əks etdirən sənədlər və məlumatlar;

3. borcalanın təsis sənədləri (fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənəd) və VÖEN-i;

4. borcalanın nizamnamə kapitalında 25% və daha çox iştirak payı olan fiziki şəxslərin, habelə kredit üzrə təminat vermiş fiziki şəxslərin (zaminlərin, girov (ipoteka) qoyanların və s.) şəxsiyyətini təsdiq edən sənədlər;

5. borcalanın hüquqi şəxs olan qanuni təmsilçisi, nizamnamə kapitalında 25% və daha çox iştirak payı olan hüquqi şəxslər, həmçinin kredit üzrə təminat vermiş hüquqi şəxslər (zaminlər, girov (ipoteka) qoyanlar və s.) barədə dövlət reyestrindən çıxarış;

6. borcalanın müvəkkil banka aidiyyəti olan şəxs olmadığını təsdiqləyən və müvəkkil bankın səlahiyyətli nümayəndəsinin imzaladığı sənəd.”;

2.1.6. 5.3-cü bənddə “5.2.4-cü” sözləri “5.2.4-1-ci” sözləri ilə əvəz edilsin;

2.1.7. 6.1.1-ci yarımbənddə “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (bundan sonra – Palata)” sözləri “Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank)” sözləri ilə əvəz edilsin;

2.1.8. 6.2-ci, 6.3-cü və 10.4-cü bəndlərdə ismin müvafiq hallarında “Palata” sözü ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

2.1.9. 8.6-cı bəndin birinci cümləsinə “sonrakı” sözündən sonra “ayın ilk” sözləri əlavə edilsin;

2.1.10. 10.1-ci bəndin birinci cümləsində, 10.2-ci bənddə və 10.3.2-ci yarımbəndin birinci cümləsində “10” rəqəmləri “20” rəqəmləri ilə əvəz edilsin;

2.1.11. 10.8-ci bənddə “2 (iki)” sözləri “1 (bir)” sözləri ilə əvəz edilsin;

2.1.12. 11.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“11.3. Fondun İdarə Heyəti hər bir müvəkkil bank üzrə limiti Fondun Himayəçilik Şurası tərəfindən təsdiq olunmuş daxili təsnifləşdirmə modelinə əsasən müəyyən edir.”;

2.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası”nın 7.1-ci bəndinin cədvəlinin “Risk kateqoriyası” sütununda “85” rəqəmləri “90” rəqəmləri ilə əvəz edilsin;

2.3. həmin Fərmanla təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası” üzrə:

2.3.1. 5.2-ci bəndə “vaxtda” sözündən sonra “və ya daha sonra ayrıca” sözləri əlavə edilsin;

2.3.2. 5.7-ci bəndə “birlikdə” sözündən sonra “və ya faiz subsidiyası daha sonra verildiyi halda ayrıca” sözləri əlavə edilsin. 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 24 avqust 2022-ci il