Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilən hücumla bağlı Ombudsmanın bəyanatı
Digər xəbərlər

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilən hücumla bağlı Ombudsmanın bəyanatı

Bu gün səhər saatlarında ölkəmizin İran İslam Respublikasındakı Səfirliyinə qarşı  törədilmiş terror aktını qətiyyətlə qınayırıq. Bu alçaq hücum nəticəsində öz xidməti fəaliyyətini həyata keçirərkən diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov  həlak olmuş, səfirliyin iki nəfər  əməkdaşı isə xəsarət almışdır.

Baş verən hadisə ilk növbədə "Diplomatik əlaqələr haqqında" 1961-ci il tarixli Vyana Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasıdır. Belə ki, Vyana Konvensiyasının 22-ci maddəsinə əsasən, nümayəndəlik binaları toxunulmazdır, nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq, nümayəndəliyin normal fəaliyyətinin təmini üçün lazımi tədbirlər görmək ev sahibi olan dövlətin vəzifəsidir.

Baş verən cinayət hadisəsi həm də "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" 1973-cü il tarixli Konvensiyanın tələblərinin kobud pozuntusudur.

Bəşəriyyət üçün ən təhlükəli təhdidlərdən biri olan terrorizm cinayətinin qurbanı olmuş və öz xidməti vəzifəsini icra edərkən həlak olmuş səfirlik əməkdaşına Allahdan rəhmət, ailəsinə səbir, yaralananlara şəfa diləyirəm.

Bu qanlı terror aktı İran hökuməti tərəfindən tezliklə araşdırılmalı, cinayətkarlar cəzalandırılmalı, beynəlxalq sənədlərə əsasən, müəyyən edilmiş öhdəliklər yerinə yetirilməlidir.

Səbinə ƏLİYEVA,

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman).

27 yanvar 2023-cü il.