Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücumla əlaqədar BƏYANATLAR
Digər xəbərlər

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücumla əlaqədar BƏYANATLAR

Azərbaycan XİN

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı həyata keçirilmiş xain terror hücumunu şiddətlə qınayırıq.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan XİN-in hücumla bağlı bəyanatında bildirilib.

Qeyd edilib ki, səfirliyin yerləşdiyi ölkə olaraq İran tərəfi Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq öhdəliyini yerinə yetirməli idi.

İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub, bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında davamlı qaldırılıb. Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir.

Son zamanlar İranda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılmasının diplomatik missiyamıza qarşı bu kimi hücumlara rəvac verdiyi qənaətindəyik.

İran tərəfindən sözügedən terror hücumunu törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını qətiyyətlə tələb edirik.

Azərbaycan tərəfi günahkarların müəyyən edilərək layiqli cəza almasını təmin etmək üçün müvafiq beynəlxalq mexanizmlərin verdiyi bütün imkanlardan istifadə edəcəkdir.

Baş vermiş terror hücumu nəticəsində yaranmış vəziyyətdə səfirliyin əməkdaşlarının və ailə üzvlərinin təxliyəsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.          

                                             

YAP-ın Mərkəzi Aparatı

Yanvarın 27-də Bakı vaxtı ilə 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücum bütün Azərbaycan ictimaiyyəti kimi, Yeni Azərbaycan Partiyasının üzvlərinin də ciddi narahatlığına və böyük hiddətinə səbəb olmuşdur.

Dünyada tolerantlıq nümunəsi, multikulturalizm diyarı, sülh və sabitlik tərəfdarı kimi tanınan, dinc birgəyaşayışa, sivil inkişafa və ümumbəşəri dəyərlərin qorunmasına böyük önəm verən Azərbaycan Respublikası terrorun bütün forma və təzahürlərini rədd edərək qətiyyətlə pisləyir.

Dövlətimizi və xalqımızı hədəfə almış bu vandalizm aktının arxasında dayanan mənfur qüvvələr bilməlidirlər ki, insanlığa sığmayan, milli və dini dəyərlərə, sivil münasibətlərə və beynəlxalq hüquq normalarına zidd olan bu cür çirkin metodlarla Azərbaycana təsir və təzyiq göstərmək, onu hər hansı bir güzəştə məcbur etmək və müstəqil siyasətindən döndərmək mümkün deyil. 44 günlük Vətən müharibəsinin nəticələri və sonrakı proseslər göstərdi ki, Azərbaycan istənilən təhdidin qarşısını almağa, illərdir regionda kök salmış terrorizmin başını əzməyə və bütün strateji hədəflərini gerçəkləşdirməyə qadirdir. Regionda yeni reallıqlar yaradan, Cənubi Qafqazın lider dövləti kimi güc mərkəzinə çevrilən, dünyada etibarlı tərəfdaş kimi tanınan qalib Azərbaycanın qüdrətinin artmasından narahat olan qüvvələrin istənilən təxribat cəhdi iflasa məhkumdur və bundan sonra da heç bir nəticə verməyəcəkdir!

Yeni Azərbaycan Partiyası olaraq bu xain terror aktını qətiyyətlə pisləyir, şəhid olmuş Orxan Əsgərovun ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralı qardaşlarımıza şəfa diləyir və İran İslam Respublikasından hadisənin hərtərəfli araşdırılaraq hüquqi qiymət verilməsini, qanlı təxribat törədən terrorçunun və onun arxasında dayanan sifarişçilərin layiqincə cəzalandırılmasını, nəhayət, Azərbaycan xalqından üzr istəyərək ölkəmizə qarşı uzun müddətdir ki, davam edən isterika və təbliğata son qoyulmasını, hadisənin əsl mahiyyəti ilə bağlı dəqiq və düzgün məlumat verilməsini tələb edirik!

 

                                         

 

Qafqaz Müsəlmanları İdarəsi

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilən terrorla bağlı Bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinin binasına qarşı törədilən təcavüz aktını qətiyyətlə pisləyir və siyasi məqsədli terror aktı kimi qiymətləndirir. Bildirir ki, müstəqil Azərbaycanın suveren ərazisinin - səfirliyimizin və onun əməkdaşlarının hədəfə alınması ölkəmizə qarşı yönəlmiş və ümumən beynəlxalq hüquqazidd terror aktıdır.

"Tehrandakı səfirliyimizin mühafizəsini təmin edərkən - dövlətimizin qorunması yolunda qəhrəmancasına şəhid olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, hücumu dəf edərkən yaralanan mühafizə əməkdaşlarına Allahdan şəfalar diləyirik.

Birmənalı şəkildə səfirliyimizə hücumla bağlı bütün məsuliyyəti beynəlxalq hüquq və diplomatik qanunlarla İran tərəfi daşıyır. Bu, diplomatik binaların və diplomatların toxunulmazlığı prinsipinin birbaşa pozulması deməkdir. Səfirliyin təhlükəsizliyinin təmin edilməsi, heç şübhəsiz, səfirliyin yerləşdiyi ölkənin borcudur. Bu terror hadisəsi İranın son vaxtlar Azərbaycana qarşı nümayiş etdirdiyi aqressiv, destruktiv mövqe fonunda şübhə doğurur.

Azərbaycanın dini təsisatı olaraq bəyan edirik ki, ölkəmizə qarşı bu hadisə məzhəbindən asılı olmayaraq Azərbaycan dindarları tərəfindən hiddətlə qarşılanır", - deyə QMİ-nin Bəyanatında qeyd olunub.

Qafqaz Müsəlmanları İdarəsinin Bəyanatında vurğulanır ki, İran dövləti müsəlman qardaşını təhdid edən, əli müsəlman qanına bulaşmış, Allah evlərini murdarlayan tərəfə silah, hərbi yardım söz verir, Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyi ilə eyniləşdirir. Qeyd olunur ki, Tehrandakı səfirliyimizə silahlı hücum Azərbaycanın dövlət mənafelərinə, xalqımıza birbaşa təhdiddir.

"Dövlətçiliyimizə qarşı hər hansı təhdidə göz yuma bilmərik. Müqəddəs dinimiz İslam bizə haqqın, ədalətin yanında yer almağı təlqin edir. Dini mərkəz olaraq bəyan edirik ki, bütün Azərbaycan məscidlərində bu mənfur terror hücumu pislənilir və hadisənin xalqımıza və dövlətimizə qarşı olan həqiqi mahiyyəti din xadimlərimizin xütbə və moizələrində dindarlara çatdırılacaqdır.

Ölkəmizə qarşı təxribatların arxasında dayanan və təşkilində iştirak edən qüvvələr bilməlidirlər ki, Azərbaycan dindarları ölkəmizə qarşı məkrli qüvvələrin təxribatlarını hiddətlə qarşılayır, kəskin pisləyirlər. Azərbaycan səfirliyinə siyasi sifarişlə təşkil olunan hücum yolverilməz təxribatdır və bütün Azərbaycan dindarları tələb edirlər ki, İran hökuməti hadisə ilə bağlı lazımi ölçü götürsün, terrorda əli olanları təcili cəzalandırsın", - deyə Bəyanatda bildirilib.