Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yanında İctimai Şuranın ilk iclası keçirilib
Digər xəbərlər

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yanında İctimai Şuranın ilk iclası keçirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yanında İctimai Şuranın ilk iclası keçirilib.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, iclasda fəaliyyət planı müzakirə edilib, gələcək işlərlə bağlı istiqamətlər müəyyənləşdirilib. Görüş çərçivəsində İctimai Şuranın rekvizit və atributları haqqında fikir mübadiləsi aparılıb.

ANAMA yanında fəaliyyət göstərən İctimai Şuranın sədri Umud Mirzəyev qeyd edib ki, üzvlər fəaliyyətlərini genişləndirməli, işğaldan azad edilən ərazilərdə mina və partlamamış hərbi sursatla yüksək çirklənmə səviyyəsini həm yerli, həm də beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmalıdırlar.

Görüşdə müzakirə mövzularından biri də Azərbaycanda mövcud vəziyyətə dair İctimai Şuranın üzvləri tərəfindən BMT-nin mina və partlayıcı sursatların təhlükəsinin aradan qaldırılması məsələləri üzrə ümumdünya vəkili Daniel Kreyqə müraciətlə bağlı olub. Müraciət məktubunun məzmunu müzakirə edilib, müvafiq əlavələrdən sonra yaxın müddətdə minaların və partlayıcı sursatların təhlükəsinin aradan qaldırılması ilə bağlı BMT-nin qlobal müdafiəçisinə ünvanlanacaq. Məqsəd vətəndaşların həyatını qorumaq, bölgəyə sülh və firavanlıq gətirmək səylərinə töhfə verməkdir.

Görüşdə vurğulanıb ki, İctimai Şura üzvləri azad olunan ərazilərə işgüzar səfərləri planlaşdırır, maarifləndirmə və bu sahədə təhsil üzrə təklifləri müzakirə edir, gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirirlər.

AZƏRTAC