Azərbaycan tarixinin həqiqət anı
Siyasət

Azərbaycan tarixinin həqiqət anı

27 Sentyabr "La hora de la verdad" - ispan dilində "həqiqət anı, həqiqət saatı" mənasını verən bu ifadə həqiqətin üzə çıxdığı, dərk edildiyi kulminasiya anı anlamına gəlir.

27 sentyabr 2020-ci il heç şübhəsiz, Azərbaycan xalqının tarixində bir həqiqət anıdır. Məhz bu tarixdə xalqımız onun torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan bir düşmənlə son döyüşə atılaraq ona son, ölümcül zərbəsini endirib bu sınaq anından alnıaçıq, üzüağ çıxdı.

Bu 30 il ərzində Azərbaycanın münaqişəni dinc yolla həll etmək təşəbbüslərinə və çağırışlarına məhəl qoymayan Ermənistan və onun havadarları ölkəmizin sülh yaratmaq səylərini acizlik və zəiflik əlaməti kimi başa düşür, Azərbaycan xalqının vuruşmaq bacarığının və arzusunun olmadığı bir xalq olması haqqında mif yaradaraq onun Qarabağı tədricən unudacağı əminliyi ilə yaşayırdı.

Etiraf edək ki, ermənilərin gerçəkliyi belə irrasional, qeyri-adekvat qəbul etməsi isə bizim işimizə yaradı. Bu illər ərzində Azərbaycan xalqı qarşısına çıxdığı mürəkkəb problemləri məharətlə dəf edərək yaşayıb-yaratdı, iqtisadiyyatını inkişaf etdirdi, beynəlxalq əlaqələrini gücləndirərək, dünyada özünə etibarlı tərəfdaşlar qazandı. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi prinsipinə sadiq qalaraq bütün sülh təkliflərinə dəstək verdi. Lakin müstəqilliyimizin ilk illərində ölkəmizdə yaranmış xaos və anarxiya şəraitindən istifadə edərək torpaqlarımızı işğal etmiş Ermənistan hakimiyyətdə hansı qüvvənin olmasına baxmayaraq, öz qeyri-konstruktiv və inadcıl mövqeyindən əl çəkmək istəmirdi. Belə vəziyyətdə Azərbaycanın öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, hətta silah gücünə olsa belə təmin etməkdən başqa çıxış yolu qalmamışdı.

Qarabağın işğalında bilavasitə iştirak etmiş, əlləri məsum azərbaycanlıların qanına bulaşmış cinayətkarlar - Köçəryan və Sarkisyanın korrupsioner rejimini inqilab yolu ilə devirərək hakimiyyətə gəlmiş Paşinyan və komandası da Qarabağ məsələsinə münasibətdə xələflərindən heç də fərqli olmayan, radikal mövqe tutmuşdu. Onun və tərəfdaşlarının "Qarabağ Ermənistandır və nöqtə", "Yeni müharibə - yeni ərazilər" kimi sərsəm bəyanatları, işğal olunmuş ərazilərdə xaricdən gətirilmiş ermənilərin məskunlaşdırılması, Şuşada sərxoş rəqsləri və s. addımları xalqımızın səbir kasasını daşırsa da, Azərbaycan Prezidenti münaqişənin dinc həllinə tərəfdar olduğunu bütün beynəlxalq müstəvilərdə dəfələrlə bəyan edirdi. Eyni zamanda, dövlət başçımız Ermənistanın işğalçılıq siyasətinin davam edəcəyi təqdirdə torpaqlarımızı müharibə yolu ilə olsa belə azad edəcəyimizi çəkinmədən söyləyirdi. 2019-cu il oktyabrın 3-də "Valday" Beynəlxalq Diskussiya klubunun XVI illik iclasında çıxışında Prezidentimizin "Qarabağ Azərbaycandır və nida işarəsi" sözləri bunun bariz nümunəsi oldu.

Azərbaycanın öz torpaqlarının bir hissəsini, o cümlədən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinin azad edilməsi ilə nəticələnmiş 2016-cı il Aprel döyüşlərindən sonra da Ermənistan təcavüzkar və təxribatçı hərəkətlərindən əl çəkmək istəmirdi. 2020-ci ilin iyulunda Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində hücuma keçərək yeni ərazilər zəbt etmək cəhdi ordumuz tərəfindən qətiyyətlə alınsa da, ermənilər öz fitnəkar əməllərini davam etdirirdilər. Həmin ilin avqustunda erməni diversiya qrupunun bölmələrimiz tərəfindən aşkarlanaraq zərərsizləşdirilməsi də onlara dərs olmadı. Əlbəttə, Azərbaycan rəhbərliyi Ermənistanın bütün təcavüzkar planlarından xəbərdar idi və bu barədə Minsk qrupu üzvləri də daxil olmaqla bütün dünya birliyinə dəfələrlə öz narahatlığını ifadə etmişdi. 2020-ci il sentyabrın 20-də BMT Baş Məclisinin 75-ci sessiyasının ümumi iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanın yeni müharibəyə başlamaq niyyətində olduğunu açıq surətdə bildirmişdi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin qoşunlarımızın mövqelərini və yaşayış məntəqələrimizi aramsız atəşə tutmasına cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı. Hərb tariximizə "Dəmir yumruq" adı ilə daxil olmuş bu əməliyyat İkinci Qarabağ müharibəsinin başlanğıcı oldu. Xalqımız haqlı olaraq bu müharibəni özünün "Vətən müharibəsi" adlandırdı.

 Cəmi 44 gün davam edən bu müharibə hərb tarixində bəlkə də ən qısamüddətli müharibələrdən biridir. Lakin bu qısa müddət ərzində Azərbaycan xalqı, Ali Baş Komandanımız, ordumuz  bütün dünyaya örnək ola biləcək döyüş əzmi nümayiş etdirdi. Bəlkə də, müharibələr tarixində yeganə müharibədir ki, davam etdiyi dövrdə nə bir fərarilik, nə çağırışdan yayınma, nə də döyüşən bölmələrin bir qarış belə geri çəkilmə faktı qeydə alınmadı. Müharibənin nəticəsi olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli birgə Bəyannamə Azərbaycanın parlaq qələbəsini, Ermənistanın isə tam kapitulyasıyasını təsdiq edən mühüm sənəd oldu.

Qazanılmış qələbə əslində, "Xalq-Ordu-Prezident" birliyinin əməldə təcəssümü idi. Müharibə dövründə bütün dünya Azərbaycan ordusunun şücaətini və qəhrəmanlığının, dövlət başçımızın qeyri-adi liderlik keyfiyyətlərinin, sosial vəziyyətindən, dinindən, etnik kimliyindən asılı olmayaraq bütün Azərbaycan xalqının bir amal uğrunda yumruq kimi birləşmək qabiliyyətinin şahidi oldu.

27 sentyabr həm də bizim üçün ərazi bütövlüyümüz, torpaqlarımızın azad edilməsi uğrunda öz canlarını fəda etmiş şəhidlərimizi anma günüdür. Onlar bizim inanc və fəxarət mənbəyimiz, milli dəyərimizdir. Məhz onların sayəsində biz qaməti düz, başı dik, qürurlu bir xalqa çevrilmişik. Həm müharibə, həm də müharibədən sonra keçən iki il xalqımızın öz şəhidlərinin xatirəsini necə əziz tutduğunu, qazilərinə qayğı ilə yanaşdığını bir daha təsdiq etdi.

Postmüharibə dövründə Ermənistanda cərəyan etmiş proseslərin təhlili göstərir ki, erməni xalqı da mövcud gerçəkliyi qəbul edir, yeni müharibənin onu hansı fəlakətlər girdabına sürükləyəcəyini aydın dərk edir. Müharibədən əvvəl Azərbaycan xalqını, onun dəyərlərini hər fürsətdə aşağılayan, dövlətimizin hərbi qüdrətini 90-cı illərin əvvəllərinin prizmasından qiymətləndirən Ermənistanın siyasi və intellektual elitası da öz ölkələrinin Azərbaycanla iqtisadi, hərbi rəqabətqabiliyyətli olmadığını, hətta yeni müharibənin başlanacağı təqdirdə ölkələrinin bir dövlət kimi dünya siyasi xəritəsindən silinəcəyini etiraf edirlər.

Buna baxmayaraq, onlar Azərbaycana qarşı öz revanşist fikirlərindən əl çəkmək istəmir, "bəlkə də qaytardılar" xülyası ilə yaşayaraq 30 il mövcud olmuş status-kvonu bərpa etməyə ümid edirlər. Qeyd etdiyimiz kimi, onlar öz dövlətlərinin necə aciz vəziyyətdə olduqlarını yaxşı bildiklərindən "ilanı Seyid Əhməd əli ilə tutmağa" çalışırlar. Azərbaycanın güclənməsini istəməyən bəzi ölkələrin rəsmi dairələrinin Azərbaycan-Ermənistan münasibətlərində yaşanan problemlərlə bağlı səsləndirdikləri sərsəm bəyanatlar, Ermənistana səfərləri də erməni şovinist qüvvələrində bir ümid çırağı yandırır. Bu qüvvələr artıq öz həllini tapmış Qarabağ münaqişəsini yenidən alovlandırmaq, Azərbaycanın sülh yaratmaq siyasətinin reallaşmasına mane olmaq üçün dəridən-qabıqdan çıxır, hətta silahlı toqquşmalara gətirib çıxarmış əməllərə belə əl atırlar. Lakin açıq savaşda düşmənin başını əzmiş Azərbaycan buna bir daha imkan verməyəcək. Bunu sentyabrın 12-14-də Azərbaycan-Ermənistan sərhədində baş vermiş hadisələr də bir daha təsdiq etdi. Qarabağ məsələsini yenidən gündəmə gətirmək istəyən revanşist-millətçi qüvvələrin təhriki ilə Ermənistan ərazisindən Azərbaycan ordusuna qarşı törədilmiş təxribatın qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınmış, düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur olmuşdur.

Son hadisələr bir daha təsdiq etdi ki, Azərbaycanla zor, təhdid dilində danışmaq, öz xain məqsədlərinə çatmaq üçün hansısa kənar güclərin dəstəyinə arxalanmaq Ermənistana heç bir fayda gətirməyəcək. Dəmir yumruq yerindədir. Ermənistanın yeganə xilas yolu Azərbaycanla münasibətləri yaxşılaşdırmaqdır. Bunu nə qədər tez anlasalar, bir o qədər onlar üçün faydalı olacaqdır.

Azərbaycan 27 sentyabrda başladığı Vətən müharibəsində qələbə çalmaqla həm də ədalətin, düzgünlüyün qələbəsinə, zəfərinə nail oldu.

Sevda ƏLİYEVA,

professor, siyasi elmlər doktoru.