Azərbaycan teatr sənətinin fədaisi - Hüseyn Ərəblinski
Mədəniyyət

Azərbaycan teatr sənətinin fədaisi - Hüseyn Ərəblinski

Azərbaycan teatr sənətinin qurucularından, onun ağırlığını öz çiyinlərinə alıb inkişaf etdirənlərdən biri də Hüseyn Ərəblinski olub. O, bütün təqib və təzyiqlərə baxmayaraq, teatr sənətinin inkişafında bütün varlığı ilə çarpışıb. Hüseyn Ərəblinski Azərbaycan teatrının təşəkkül tapması uğrunda həyatı bahasına mübarizə aparıb. O, ilk peşəkar aktyor məktəbinin yaradıcısıdır. Həmçinin, Şərqdə ilk operanın rejissoru, dünya klassiklərinin bir çox əsərlərini ilk dəfə Azərbaycan səhnəsinə gətirən peşəkar olub. Hüseyn Ərəblinski 60-a qədər teatr tamaşasının quruluşçu rejissoru, 70-ə yaxın obrazı canlandıran teatr fədaisi, eyni zamanda Azərbaycan dramaturgiyasının təbliğatçısı idi. Yaradıcılığında ən böyük xidmətlərindən biri də rus və Qərbi Avropa dramaturgiyasını Azərbaycan səhnəsinə gətirməsidir. O, rus dilini və ədəbiyyatını mükəmməl bildiyi üçün tanınmış rus dramaturqlarının əsərlərini Azərbaycan səhnəsinə gətirmişdir. Ona görə də Ərəblinskinin ifa etdiyi rolları iki hissəyə bölmək olar. Milli dramaturqlarımızın və tərcümə əsərlərinin tamaşalarında oynadığı obrazlar. H.Ərəblinski 38 illik qısa ömrü ilə Azərbaycan mədəniyyətinin parlaq səhifələrinə adını şərəfi, cəsarəti və teatr aşiqi kimi yazdırmışdır. Səhnədə qadın rollarını canlandırdığı üçün hər zaman təqib edilmiş və aktyorun qətli də elə bu səbəbdən olmuşdur.

Hüseyn Məmməd oğlu Xələfov - Ərəblinski 1881-ci ildə Bakı şəhərində kasıb bir ailədə dünyaya gəlib. Atası Məmməd Xələf oğlu yelkənli gəmidə işləmişdi. Atası fırtınada bataraq həlak olduqdan sonra həyatının sıxıntılı günləri başlamışdır. Anası Pəri xanım oğlu Hüseyni və qızı Dürsədəfi kasıbçılıq və çətinliklə saxlamışdır. Bütün çətinliklərə baxmayaraq, ana oğlu Hüseyni təhsil almaq üçün mollaxanaya qoyur. Bir müddət molla Hadinin yanında təhsil alsa da, 12-13 yaşı olanda təhsil xərcini ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyur. 14 yaşlı Hüseyn Həbib bəy Mahmudbəyovun yoxsul uşaqlarını "Üçüncü rus-tatar" məktəbinə pulsuz götürdüyündən xəbər tutur. Həbib bəy onu məktəbə qəbul etməklə bərabər, yoxsul olduğunu nəzərə alıb lazım olan bütün əşyaların alınmasını da öz üzərinə götürür. Məktəbdə rus dilində oxuyub-yazmağı öyrənir. Ədəbiyyata xüsusi maraq göstərən Hüseyn teatrla tanış olur.

Onun teatr sənətinə gəlişinin səbəbkarı məhz Həbib bəy Mahmudbəyov olmuşdur. Mirzə Fətəli Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" əsərini Həbib bəy Cahangir Zeynalovla tamaşaya qoymaq istəyir və əsas heyəti müəyyənləşdirsələr də, kiçik rolları oynamaq üçün aktyor tapmırlar. Elə bu səbəbdən də öz şagirdlərini cəlb etmək qərarına gəlir. Beləcə, Hüseyn Ərəblinskinin teatr sənətinə gəlişi baş verir. Məşqləri uğurla alınsa da, o, ilk rolunu oynaya bilmir. 1897-ci ildən 1900-cu ilədək yalnız kiçik rollarda çıxış edir. Hüseyn Ərəblinskinin teatr fəaliyyəti 1903-1904-cü illərdə yaradılan Müsəlman Artistləri Cəmiyyəti ilə sıx bağlıdır. O, özünün ilk uğurlarını da burada qazanmış və şöhrət tapmışdır. Lakin sənətə gəlişi dövründə Azərbaycan teatrı özünün çətin dövrünü yaşayırdı. Teatrların bina problemi olduğu üçün tamaşa göstərməkdə səhnə tapa bilmirdilər. Çox zaman isə baha qiymətə bina kirayələyirdilər. Maddi cəhətdən çətinlik çəkən aktyorlar hər dəfə kirayə götürəndə nəyisə girov qoyurdular. Ərəblinskinin bahalı bir üzüyü var imiş. Hər dəfə "sehrli" adlanan üzüyünü girov qoyub tamaşa göstərərmişlər. Lakin ətrafı və yaxın qohumları onun aktyorluq sənətini qəbul etmirdilər. Bütün bunlara baxmayaraq, Hüseyn Ərəblinski özünü teatr sənətinə həsr etmişdi. Onun Azərbaycan teatrına göstərdiyi ən böyük xidmətlərindən biri də dünya klassiklərinin bir çox əsərlərini ilk dəfə səhnəyə gətirməsi idi. H.Ərəblinski Qoqolun "Müfəttiş" komediyasını tamaşaya qoymuş, Şillerin "Qaçaqlar" əsərinin quruluşunu vermişdir.

O dövrlərdə teatr səhnəsində qadınların çıxışı qadağan olduğu və cəmiyyətin buna kəskin münasibəti səbəbindən qadın rollarını kişilər oynayırdı. Hüseyn Ərəblinski də qadın rollarının mahir ifaçısı olmuşdur. Lakin oynadığı ən möhtəşəm rollar arasında Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd Şah Qacar"da Qacar, Laskoyun "Qəzavət" əsərində Əhməd bəy Şamxal, Qoqolun "Müfəttiş"ində Xlestakov, Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" əsərində Fəxrəddin, Mirzə Fətəli Axundovun "Hacı Qara"sında Heydər bəy, Şillerin "Qaçaqlar"ında Frans və Şekspirin "Otello" əsərində Otello obrazı xüsusilə fərqlənir. 1916-cı ildə Bakıda çəkilən "Neft və milyonlar səltənəti filmində Lütfəli bəyi canlandırmışdır.

1918-ci ildə Həştərxanda olarkən Hüseyn Ərəblinski Mərziyyə Davudova ilə tanış olmuş və onu işləmək üçün Bakıya dəvət etmişdir. Onun bütün xidmətləri teatr sahəsində "Ərəblinski məktəbi" adı ilə məşhurlaşmışdır. Azərbaycan teatr sənətində olan onlarla aktyor Ərəblinskinin sayəsində səhnəyə gəlmişdir. Sidqi Ruhulla, Abbasmirzə Şərifzadə kimi qüdrətli sənətkarlara vaxtilə "balaca Ərəblinski" adı verilmişdir. Onu həm də romantik teatr məktəbinin banisi adlandırırdılar. Hüseyn Ərəblinski az yaşasa da, Azərbaycanda teatr sənətini formalaşdırmışdır. Onun istedadından bəhrələnib teatr səhnəsində məşhurlaşan aktyorların sayı get-gedə artırdı. Təəssüflər olsun ki, cəmiyyətin yetərli qədər savadlanmaması və maariflənməməsi səbəbindən Hüseyn Ərəbliniski sənətinin qurbanına çevrildi. Yaxın qohumu, dayısı oğlu Əbdülxalıq Əbdülkərim oğlu tərəfindən 1919-cu il martın 4-də güllələnərək öldürülmüşdür. Bu böyük teatr fədaisi Bakıda Fəxri xiyabanda dəfn edilmişdir.

Ramidə YAQUBQIZI,

"Respublika".