Azərbaycan Texniki Universitetində Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə konfrans keçirilib
Elm və təhsil

Azərbaycan Texniki Universitetində Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə konfrans keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Müdafiə Sənayesi Nazirliyinin (MSN) təşkilatçılığı, Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, AMEA-nın və AzTU-nun dəstəyi ilə martın 2-də "Müdafiə sənayesi üzrə ixtisaslı kadrların hazırlanması: Elmi tədqiqatların inteqrasiyasında və təhsildə innovativ yanaşma" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Universitetin rektoru professor Vilayət Vəliyev konfransın məhz AzTU-da keçirilməsinin önəmindən danışıb. Diqqətə çatdırıb ki, AzTU regionda müdafiə sənayesi sahəsində kadr hazırlayan yeganə universitetdir. Artıq on ildir ki, bu ali məktəbdə müdafiə sənayesi sahəsi üzrə kadr hazırlığını Nazirlər Kabinetinin qərarı əsasında yaradılan xüsusi texnika və texnologiya fakültəsi həyata keçirir. Vilayət Vəliyev qeyd edib ki, MSN-in ayrı-ayrı qurumlarında AzTU-nun tədris auditoriyaları var. Xüsusi texnika və texnologiya fakültəsi tələbələrinin dərslərinin və imtahanlarının bir hissəsi həmin auditoriyalarda keçirilir. Rektor deyib ki, müdafiə təyinatlı texnologiyalar ölkənin həm siyasi, həm də iqtisadi qüdrətini müəyyən edir. AzTU-nun rektoru 44 günlük Vətən müharibəsində istifadə olunan müasir texnoloji silahların Qələbənin qazanılmasındakı xüsusi rolundan da danışıb.

Sonra müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov, təhsil nazirinin müşaviri Nicat Məmmədli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin müdiri Ceyhun Hüseynzadə və digərləri çıxış edərək konfransın əhəmiyyətini qeyd ediblər.

Bildirilib ki, müdafiə təyinatlı texnologiyalar ölkənin siyasi qüdrətini müəyyənləşdirir. Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfərin əsasında da Ordumuzun əsgər və zabitlərinin rəşadəti və qəhrəmanlığı ilə yanaşı, ölkəmizin müdafiə sənayesi məhsullarının uğurlu tətbiqi də dayanır.

Konfransda süni intellektin, nanotexnologiyaların tətbiqinin hərbi sahədə yaratdığı üstünlüklərdən, kibertəhlükəsizlik sistemi, ağıllı texnologiyaların inkişafı məsələlərindən söhbət açılıb. Bu sahədə ixtisaslı kadrların hazırlanması, MSN-in müəssisələrində universitetin tələbələrinin təcrübə keçmələrinin vacibliyi vurğulanıb. Diqqətə çatdırılıb ki, müdafiə sənayesi sahəsində kadrların hazırlanması və tədqiqatların aparılması mühüm əhəmiyyətə malikdir.

Konfransda AzTU-nun rektoru Vilayət Vəliyevin təltif edildiyi "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)" yubiley medalı ona təqdim olunub.

Çıxışlardan sonra xüsusi texnika və texnologiya fakültəsinin təhsildə fərqlənən tələbələrinə nazirliyin hədiyyələri təqdim olunub.

Konfrans panel iclaslarla davam edib.

AZƏRTAC