Azərbaycan türk dünyasının sıx birləşməsinə öz töhfəsini verir
Türk dünyası

Azərbaycan türk dünyasının sıx birləşməsinə öz töhfəsini verir

Özünün dinamik inkişaf mərhələsinə qədəm qoymuş Azərbaycan milli-mənəvi dəyərlərin qorunub saxlanması, xalqın rifah halının yüksəldilməsi, milli maraqların reallaşdırılması istiqamətində uğurlu addımlar atır. Beynəlxalq birliyə inteqrasiya edən, demokratik əsaslar üzərində siyasət həyata keçirən müstəqil dövlətimiz dünya ölkələri arasında layiqli yer tutur. Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar ataraq xalqın mənafeyini hər şeydən uca tutması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bugünü və gələcəyi baxımından böyük əhəmiyyət kəsb edir.

Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda irəliləyən Azərbaycan yalnız regionda deyil, bütün dünyada yüksək nüfuza sahibdir. Hərtərəfli, düşünülmüş, ölçülüb-biçilmiş dövlət siyasəti sayəsində bölgədə və dünyada regional liderliyini təmin edən ölkəmiz dünya ölkələri ilə əməkdaşlıq əlaqələrini möhkəmləndirir, üzv olduğu beynəlxalq təşkilatlarda fəaliyyətini daha da genişləndirir. Türk xalqlarının birliyinə, həmrəyliyinə, türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafına mühüm töhfələr verən Prezident İlham Əliyev bu istiqaməti dövlət siyasətinin prioriteti olaraq müəyyənləşdirmişdir. Bu gün Azərbaycan ilə Türkiyə arasında mövcud olan sarsılmaz birlik bütün türk dünyasını əhatə edir. Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan olmaqla ümumtürk birliyinin yaranması türkdilli dövlətlərin əməkdaşlığına, inkişafına geniş imkanlar açır.

2009-cu ildə Naxçıvanda keçirilən Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə görüşünün yekununda Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev və Türkiyə Prezidenti Abdullah Gül Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi imzalamış, 16 sentyabr 2010-cu il tarixində Türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən X Zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında qərar qəbul edilmişdir.

Naxçıvan Sazişinə əsasən yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) fəaliyyətinin əsas məqsədi türk birliyinin, türk dövlətləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, xarici siyasət məsələlərində ortaq yanaşmanın təşviq edilməsi, dünyada sülhün bərqərar olunması, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı birgə mübarizə aparmaqdan ibarət olmuşdur. Türk dövlətləri arasında bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, ölkələr arasında ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, elm, texnologiya, təhsil və mədəniyyət sahəsində, kütləvi informasiya vasitələri arasında əlaqələrin, daha geniş miqyasda informasiya mübadiləsinin təşviqi kimi məsələlər də TDƏŞ-in fəaliyyətində əsas vəzifə olaraq müəyyən edilmişdir.

2019-cu il oktyabr ayının 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Qırğız Respublikasının Prezidenti Sooronbay Şaripoviç Jeenbekov Qırğızıstanın TDƏŞ-ə sədrlik dövrünün başa çatdığını bildirərək demişdir: "Mən təşkilatımızda sədrliyi Azərbaycan Respublikasına verirəm... İnanıram ki, Azərbaycanın sədrliyi ilə iqtisadiyyatın, ticarətin, investisiyaların və digər sahələrin inkişafı üzrə əməkdaşlıq daha da güclənəcək. Mən inanıram ki, Azərbaycanın sədrliyi səmərəli olacaq. Fikrimcə, bizim daha da inkişaf etmək üçün çox böyük imkanlarımız var. Əgər biz bütün potensialımızdan və imkanlarımızdan istifadə etsək, ölkələrimizin əməkdaşlığı əhalinin həyat şəraitini yaxşılaşdıracaq".

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçdiyini, üzv ölkələr arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynadığını, xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət etdiyini, təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyət daşıdığını vurğulayaraq demişdir: "Qırğızıstandan Türk Şurasına sədrliyi qəbul edən Azərbaycan bu müddət ərzində ölkələrimiz arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərəcəkdir. Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir".

2019-2021-ci illərdə Azərbaycanın Türk Şurasına sədrliyi ölkəmiz üçün olduqca tarixi bir dövrə - Azərbaycanın 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa etdiyi dövrə təsadüf etmişdir. Ötən il noyabr ayının 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşü keçirilmiş, görüşdə təşkilata sədrlik Azərbaycan Respublikasından Türkiyə Respublikasına keçmişdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın sədrliyinin bütün dünyanı cənginə alan COVID-19 pandemiyası dövrünə düşməsinə baxmayaraq, ölkəmizin təşkilata rəhbərliyinin uğurlu olduğunu diqqətə çatdırmışdır. Türkiyə Prezidenti türkdilli ölkələr arasında bütün sahələrdə olduğu kimi, ticari və iqtisadi əlaqələrin də inkişaf etdirilməsinin, ölkələrin bir-birinin iqtisadiyyatına sərmayələrin yatırılmasının vacibliyini vurğulamışdır.

"Rəqəmsal dövrdə yaşıl texnologiyalar və ağıllı şəhərlər" mövzusuna həsr olunmuş Zirvə görüşündə Rəcəb Tayyib Ərdoğan Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi abadlıq-quruculuq işlərindən bəhs edərək demişdir: "Ağıllı şəhərləşmə sahəsində işğaldan azad edilən Zəngilanda başladılan təşəbbüs, Türküstanın inkişafı, Ahaldakı intensiv fəaliyyətlər, Budapeştdə görülən işlər, Qırğızıstanda və Özbəkistandakı fəaliyyətlər təqdirəlayiqdir".

İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının "Türk Dövlətləri Təşkilatı"na dəyişdirilməsi haqqında qərarla yanaşı, Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi, Azərbaycan Respublikası Prezidentinin "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilməsi, Türk Şurası VIII Zirvə Görüşünün Bəyannaməsi, "Türk dünyasına baxış - 2040" sənədinin qəbulu ilə bağlı və s. bir neçə mühüm əhəmiyyətə malik qərarlar da qəbul edilmişdir.

Zirvə görüşündə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Türk Dünyasının Ali Ordeni təqdim olunan İlham Əliyev demişdir: "Azərbaycan ikiillik sədrlik dönəmində türk dünyasının birləşməsi üçün böyük səylər göstərmişdir. Bir çox tədbirlər keçirilmişdir. Hesab edirəm ki, biz hazırda daha bütöv, daha birləşmiş şəkildə gələcəyə addımlayırıq. Bugünkü Zirvə Görüşünün çox böyük tarixi əhəmiyyəti var. İlk növbədə, ona görə ki, biz Şuramızı təşkilata çeviririk və bu təşkilatın çox gözəl gələcəyi var".

Bu il noyabr ayının 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev türk dövlətləri arasında dostluğun və tərəfdaşlığın möhkəmlənməsində mühüm rol oynayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova "Türk Dünyasının Ali Ordeni"ni təqdim etmişdir. Görüşdə çıxış edən ölkə başçımız son 7 ay ərzində 3 dəfə Özbəkistanda səfərdə olmasını iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunun bariz nümunəsi kimi diqqətə çatdırmış, türkdilli dövlətlərlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu xüsusi olaraq qeyd etmişdir. Türk dünyasının böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malik olduğunu deyən Prezident İlham Əliyev ölkələrimizin bir-birinin maraqlarını nəzərə almaqla bütün sahələr üzrə fəaliyyətlərini daha dagenişləndirməsinin vacibliyini qeyd etmişdir.

Xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlıqlarına, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət çəkən dövlət başçımız türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın ana dillərində təhsil almaları, Azərbaycandan ayrı düşmüş həmvətənlərimizin öz tarixi Vətənləri ilə əlaqələrinin kəsilməməsi üçün səylərin davam etdiriləcəyini demişdir: "Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur".

Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəbdən, Qazaxıstanın inşa edəcəyi yaradıcılıq mərkəzindən bəhs edən Prezident İlham Əliyev türk dövlətləri başçılarının hər birini Qarabağa və Şərqi Zəngəzura dəvət etmişdir.

Bəli, bu gün ciddi bir təşkilata çevrilən, 200 milyondan çox insanın yaşadığı geniş coğrafiyanı əhatə edən, türk dövlətlərinin ənənəvi dəyərlər üzərində inkişafında mühüm rol oynayan Türk Dövlətləri Təşkilatına üzv olan bütün dövlətlər dostluğun və tərəfdaşlığın möhkəmlənməsinə ciddi səy göstərirlər. İmzalanan sənədlər, əldə olunan razılaşmalar bunu bir daha sübut edir.

Mehparə ƏLİYEVA,

"Respublika".