Azərbaycan-Türkiyə birliyi regionda sülh, sabitlik amilidir
Türk dünyası

Azərbaycan-Türkiyə birliyi regionda sülh, sabitlik amilidir

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Türkiyə-Azərbaycan münasibətləri gündən-günə daha da möhkəmlənir. Soyu, kökü bir olan iki ölkə xalqlarının bir-birinə doğma münasibəti, dövlət başçılarının səmimiyyəti "bir millət, iki dövlət" kəlamının bariz nümunəsidir. Qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında, dövlət quruculuğu yolunda inkişaf edən əlaqələr ölkələr arasında bütün sahələrdə, hərtərəfli əməkdaşlığa yol açmış, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, siyasi-iqtisadi və elmi-mədəni maraqların reallaşmasında mühüm rol oynamışdır.

Müharibədən iki il ötməsinə baxmayaraq, hələ də Ermənistan ilə Azərbaycan arasında münasibətlər normallaşmamış, düşmən ölkə 2020-ci il 10 noyabrda kapitulyasiya aktı imzalayarkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən ölkəmizin təklif etdiyi sülh müqaviləsinin imzalanması istiqamətində müsbət nəticə əldə olunmamışdır. Türkiyə dövləti Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmadığı müddətdə Ermənistanla heç bir əlaqələrin qurulmayacağını dəfələrlə bəyan etmiş, Azərbaycanın mövqeyini bütün ölkələrdən üstün tutan qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə Azərbaycanın haqq işinin müdafiəçisi kimi çıxış etmişdir. İkinci Qarabağ müharibəsi başladığı gündən Türkiyə can Azərbaycanın yanındadır deyən, həm diplomatiya, həm də hərbi əməkdaşlıq sahəsində ölkəmizə dəstək olan qardaş ölkə postmüharibə dövründə də Azərbaycanı tək buraxmadı. Belə ki, Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı quruculuq işlərində Türkiyə Respublikasının şirkətləri yaxından iştirak edir, Türkiyə dövlətinin başçısı bu ərazilərdə reallaşdırılan bir çox mühüm layihələrin açılış mərasimlərində iştirak edir.

Ötən il Qarabağın hava qapısı sayılan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabr ayının 20-də dövlət və hökumət nümayəndələrindən ibarət böyük heyətlə işğaldan azad olunmuş ərazilərdə tikilən ikinci - Zəngilan Beynəlxalq Hava Limanının açılışı ilə əlaqədar ölkəmizdə səfərdə olmuşdur. Səfər zamanı iki ölkə başçısı yeni tikilən dəmir yolunun inşası ilə tanış olmuş, "Dost Aqropark"ın açılışını etmişlər.

Mətbuata birgə bəyanatla çıxış edən iki qardaş ölkənin prezidentləri Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının sarsılmazlığını, əbədiliyini vurğulamışlar. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə kimi böyük, qüdrətli bir ölkənin Azərbaycan ilə qardaşlığının, dostluğunun əsl xoşbəxtlik olduğunu qeyd etmişdir: "...Keçən il biz Şuşada Şuşa Bəyannaməsini imzaladıq və Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu. Bütün sahələrdə müttəfiq oldu və bu, həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Azərbaycan-Türkiyə birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır".

Bəli, ölkə başçımızın da qeyd etdiyi kimi, regionda sülhü təşviq edən, sabitliyin, təhlükəsizliyin bərqərar olmasına töhfələr verən ölkələrimizin birlik, həmrəylik nümayiş etdirmələri bütün dünyaya verilən mesajdır. Oktyabr ayının 20-də Türkiyə Prezidenti işğal dövründə darmadağın edilmiş, bir tikilisi belə salamat qalmayan Cəbrayıl şəhərində gördüklərini izləyərkən demişdir: "İndi sağıma, soluma baxıram, işğal dövründə Cəbrayılı nə hala salmışlar. Mən Qardaşımdan soruşdum, dedim, bu ATƏT, Avropa İttifaqı buraları gəlib görmədimi? Yox, gəlmirlər. Niyə gəlmirlər? Çünki öz üzqaralarını görəcəklər, Qərbin etdiklərini görəcəklər… Amma bunu görəndən sonra bu barədə danışdıq, bu işləri mütləq ədalət mühakiməsinə verərək, bunların təzminatını tələb etmək lazımdır. Bunların təzminatını istəyərək onları dalana dirəmək lazımdır. Dünya Qərbi çox yaxşı tanımalıdır, hamımız birlikdə tanıtmalıyıq".

Hər zaman Azərbaycana siyasi və mənəvi dəstək olan Rəcəb Tayyib Ərdoğanın bu ifadələri Türkiyənin Azərbaycana arxa-dayaq olmağının, qardaşlığının ən bariz nümunəsi, həmçinin bütün dünyaya Azərbaycanın yalnız olmadığını bəyan edən mesajıdır. Həmçinin Azərbaycanın ərazilərini 30 il işğal altında saxlayaraq yeraltı-yerüstü sərvətlərini talan edən, milli-mədəni irsini yer üzündən silməyə çalışan Ermənistanı beynəlxalq hüquq məhkəməsinə verməkdə, onların vandallığını bütün dünyaya tanıtmaqda ölkəmizə dəstəyinin ifadəsidir.

Çətin gündə də, xoş gündə də hər zaman bir-birinin yanında olan Azərbaycanla Türkiyə arasında əlaqələr İkinci Qarabağ müharibəsindən sonra daha da möhkəmləndi, uğurlu bir yol qət edərək müttəfiqlik səviyyəsinə yüksəldi. Bu gün iki dost, qardaş ölkə arasında qırılmaz tellərlə bağlı olan bu münasibətlər bütün dünya ölkələrinin diqqət mərkəzindədir. Azərbaycan-Türkiyə birliyindən ehtiyatlanan, bundan sözün əsl mənasında narahat olan ölkələr də az deyil. Çünki iki ölkənin liderlərinin hər görüşü xalqlarının daha da yaxınlaşmasına, ölkələrinin milli maraqlarının təmin olunmasına, yaxın qonşuluq, dostluq, qardaşlıq əlaqələrinin inkişafına xidmət edir. Bu isə sözsüz ki, türk dövlətlərinin birliyindən təşvişə düşən bəzi ermənipərəst Qərb ölkələrinin ürəyincə deyil. Lakin Qərbin ikili siyasətindən fərqli olaraq Azərbaycan ilə Türkiyənin birgə həyata keçirdiyi siyasət nəinki regionda, bütün dünyada sülhün, əmin-amanlığın təmin olunmasına hesablanıb. Əlaqələrini bütün istiqamətlərdə inkişaf etdirən Azərbaycan ilə Türkiyə arasında milli maraqlara cavab verən və heç bir dövlətə yönəlməyən əməkdaşlıq bu gün daha da genişləndirilir, hər iki dövlətin milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsi, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şəraitin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bütün bunlar isə dostluq, qardaşlıq, ortaq soykök, dil, din, mədəniyyətin birləşdirdiyi ölkələrimizi daha da qüdrətləndirir.

Mehparə ƏLİYEVA,

"Respublika".