Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi münasibətilə xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi olub
Türk dünyası

Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi münasibətilə xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi olub

Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibətilə qardaş ölkələrimizin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov təbrik məktubunda qardaş ölkədən olan həmkarını diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə ürəkdən təbrik edib. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət kimi tarixə düşən qardaş Türkiyə ilə münasibətlərimizin ötən illərdə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və xalqımızın ulu öndəri Heydər Əliyevin "Bir millət, iki dövlət" fikirlərinə uyğun şəkildə inkişaf etdiyi qeyd olunub. Ölkələrimiz arasında mövcud olan münasibətlərin bugünkü səviyyəsinin xalqlarımızın iradəsinə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətlərinə söykəndiyi vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycan-Türkiyə əlaqələrinin özünün tarixi zirvəsini yaşadığını qeyd edib və ölkələrimiz arasında münasibətlərin strateji səviyyədən müttəfiqlik səviyyəsinə qədər yüksəlməsində həmkarı Mövlud Çavuşoğlunun da töhfəsinin olduğunu məmnunluqla qeyd edib.

Məktubda Vətən müharibəsi zamanı və sonrakı dövrdə qardaş Türkiyənin bütün səviyyələrdə ölkəmizin haqlı və ədalətli mövqeyini dəstəkləməsinin dövlətimizin başçısı və ümumilikdə, Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildiyi vurğulanıb. Birgə həyata keçirdiyimiz irimiqyaslı regional və qlobal layihələrin ölkələrimiz arasında ticarət və iqtisadi əlaqələrin daha da genişlənməsinə, regional inkişafa töhfə verdiyi qeyd olunub. Əməkdaşlığımızın Türk Dövlətləri Təşkilatı çərçivəsində də uğurla davam etdiyi diqqətə çatdırılıb.

Azərbaycanın xarici işlər naziri ölkələrimiz arasındakı qardaşlıq və müttəfiqlik əlaqələrinin xalqlarımızın mənafeyinə uyğun olaraq daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Nazir Mövlud Çavuşoğlu da məktubunda azərbaycanlı həmkarını səmimiyyətlə təbrik edib. Türkiyə ilə Azərbaycan arasındakı 71 illik həsrətin 1992-ci il yanvarın 14-də imzalanmış protokol sənədləri ilə sona çatdığını və Türkiyə Respublikasının həmin gündən fəaliyyətə başlayan Bakıdakı səfirliyinin Azərbaycandakı ilk səfirlik olduğunu qeyd edib.

Mövlud Çavuşoğlu son 30 ildə sarsılmaz qardaşlıq əlaqələri üzərində qurulan həmrəyliyimizin iki dövlətin rəhbərlərinin yaxın dostluq münasibətlərinin verdiyi ilhamla daha da inkişaf etdiyini bildirib. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə çatdırılan əlaqələrə hər iki qardaş ölkənin xarici işlər nazirləri tərəfindən birgə verilən töhfələrin qürur və sevinc mənbəyi olduğu ifadə edilib.

Nazir torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü bərpa edən, nail olduğu rifah səviyyəsi ilə regionun yüksələn ulduzuna çevrilən Can Azərbaycanın uğurlarının Türkiyə üçün hər zaman qürur və sevinc mənbəyi olduğunu vurğulayıb. Türkiyəli nazir təbrik məktubunda əlaqələrimizin bu günə qədər olduğu kimi, bundan sonra da daha yüksək səviyyəyə çatdırılmasında əzmli və qərarlı olduqlarını vurğulayıb.

Mövlud Çavuşoğlu ötən 30 ildə iki qardaş ölkə olaraq qazanılan uğurların gələcəyimizə istiqamət verəcəyini, qardaşlıq əlaqələrimizin regionumuzda və dünyada sülhün və sabitliyin bərqərar olmasında mühüm rol oynayacağına inam ifadə edib. O, diplomatik əlaqələrin bərpasının dövlətlərimizə və xalqlarımıza xeyirli olmasını və neçə belə yubileylərə çatmaq ümidi ilə dost və qardaş Azərbaycan xalqına rifah və xoş günlər arzu edib.

AZƏRTAC