Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır 
Türk dünyası

Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır 

Azərbaycan 28 ildən sonra 2021-ci il iyunun 15-də Milli Qurtuluş Gününü qalib xalq və dövlət kimi qeyd etdi. Bu təqvim günü Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı. Milli Qurtuluş Gününə əlavə bayram sevinci qatan isə məhz Şuşa Bəyannaməsi oldu. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, “Bir millət, iki dövlət” reallığının, siyasi-hərbi və iqtisadi müttəfiqliyinin məntiqi davamı, irəliyə doğru atılan növbəti addımdır. Bu fikri İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Sefer Karakoyunlu bildirib.

O, qırx dörd günlük Vətən müharibəsinin gedişində qardaş Türkiyənin həmişə Azərbaycanın yanında olduğunu, Qarabağ məsələsini öz problemləri hesab etdiyini vurğulayıb. S.Karakoyunlu, təcavüzkar Ermənistanın havadarlarının təzyiqləri ilə qarşılaşan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hər zaman qətiyyətlə ölkəsinin ədalətin, haqq işinin tərəfində olduğunu və Azərbaycanı dəstəkləməkdə davam edəcəklərini bildirib:

“Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın  Qələbəsi üçün bütün sahələrdə böyük əzmkarlıq göstərdilər, beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bu gün Türkiyə bölgədə sülhün qorunması prosesində də yaxından iştirak edir... Şuşa Bəyannaməsini Türkiyə-Azərbaycan qardaşlığının yeni səhifəsi adlandıran Sefer Karakoyunlu, Türkiyə ilə Azərbaycan arasında imzalanmış müttəfiqlik haqqında Bəyannamənin, ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyən edən mühüm strateji sənəd olmaqla yanaşı, iki ölkə arasındakı mövcud əlaqələri ən yüksək səviyyəyə qaldırdığını söyləyib. Bununla da unikal müttəfiqlik nümunəsi sayılan Azərbaycan-Türkiyə əməkdaşlıq əlaqələri keyfiyyətcə daha yüksək işbirliyi təminatı almış oldu. O həmçinin, strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edən Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti barədə məsələlərin öz əksini tapdığını, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün  önəmi olduğunu qeyd edib. S.Karakoyunlu bildirib ki, Bəyannamədə əksini tapmış mühüm məqamlardan biri də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır: “Böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik olan və Türkiyə ilə Azərbaycanı dəmiryolu, həm də avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz olacaq. Yəni, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması regionda nəqliyyat-kommunikasiya əlaqələrinin daha da şaxələnməsini şərtləndirəcək”.

Şuşada Baş Konsulluğun açılacağı ilə bağlı qəbul olunmuş qərara münasibətini bildirən İSTAD-ın sədri, bu qərarın  iki ölkə arasındakı münasibətləri daha da möhkəmləndirəcəyini və Türkiyənin işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa-quruculuq işlərində rolunu artıracağını, tezliklə Şuşada Azərbaycan bayrağı ilə birgə türk bayrağı da dalğalanacağını vurğulayıb:

“Bütün bunlar deməyə əsas verir ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığını bir daha bütün dünyaya göstərdi və sübut etdi ki, bu iki qardaş ölkənin dostluğu əbədi və sarsılmazdır. Azərbaycan və Türkiyə bu gün dünya miqyasında nadir əməkdaşlıq və müttəfiqlik nümunəsi göstərir. Bu reallıqlar iki dövlətin bundan sonra da dostluq və qardaşlıq prinsiplərinə əsaslanan çoxşaxəli münasibətlərinin uğurla inkişaf edəcəyini deməyə əsas verir. Heç şübhəsiz, Azərbaycan və Türkiyə birgə addımlayaraq yeni zəfərlər qazanacaq və böyük tarixi nailiyyətlərə imza atacaq”.

Esmira Yazkan ASLANOVA,

“Respublika” qəzetinin Türkiyə üzrə müxbiri.