Azərbaycan-Türkiyə dostluğunun təsdiqi
Türk dünyası

Azərbaycan-Türkiyə dostluğunun təsdiqi

1999-cu il noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Beynəlxalq Atatürk Sülh Mükafatı təqdim olunmuşdur

 “Mən həyatımda çox mükafatlar almışam... Keçmişdə gördüyüm işlərə görə mən Sovetlər Birliyi kimi fövqəldövlətin ən yüksək mükafatlarını, nişanlarını almışam. Mən bir çox digər ölkələrin də mükafatlarını, nişanlarını almışam. Ancaq Türkiyə Cümhuriyyətinin mükafatını, Türkiyə Cümhuriyyətinin banisi, böyük öndər Mustafa Kamal Atatürkün adını daşıyan mükafatı almaq və xüsusən sülh adını daşıyan mükafatı almaq mənim üçün böyük şərəfdir. Hesab edirəm ki, bu mükafat mənim indiyə qədər aldığım mükafatların hamısından yüksək, qiymətlidir”. Bu sözləri  1999-cu il noyabr ayının 1-də  Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ona Beynəlxalq Atatürk Sülh Mükafatının təqdim olunması mərasimində çıxışı zamanı səsləndirmişdir.

Azərbaycan - Türkiyə... Hələ çox illər qabaq iki ölkə arasında qarşılıqlı münasibətlər  qurulmuş, dövlətlər səviyyəsində  olan  əlaqələr   eyni  soya malik xalqlar arasında daha da möhkəmləndirilmişdir. Tarixi boyunca keşməkeşli yol keçən,  çətin mübarizələrdən sonra  1991-ci ildə öz müstəqilliyini bərpa edən Azərbaycanı müstəqil ölkə kimi tanıyan da ilk Türkiyə Respublikası olmuşdur. 1992-ci ildən ölkələrimiz arasında diplomatik əlaqələr yaradılmış, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı dövlət siyasətinin əsasını təşkil etmişdir. 1992-ci il noyabr ayının 1-də  Ankarada  “Ticarət və İqtisadi Əməkdaşlıq haqqında” sazişin imzalanması ilə  ikitərəfli münasibətlərin bütün sahələr üzrə inkişafına zəmin yaranmışdır. Tarixi köklərə bağlılıq, doğmalıq, dostluq təməlləri üzərində qurulan əlaqələr ulu öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti sayəsində daha da möhkəmlənmiş, özünün inkişaf mərhələsinə yüksəlmişdir. 1994-cü ildən iki qardaş ölkə arasında mövcud  əlaqələrin bütün sahələr üzrə milli maraqlara uyğun olaraq  inkişafı istiqamətində mühüm addımlar atılmışdır.

İqtisadiyyatının sürətli inkişaf  perspektivləri olan türk dünyasının  birliyi və mənəvi tərəfdaşlığı 1998-ci il iyunun 9-da keçirilən  türkdilli dövlət başçılarının  V Zirvə görüşünün əsas mövzusu olmuşdur. Zirvə görüşündə iştirak edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev eyni soykökə, milli-mənəvi dəyərlərə sahib olan, dünya sivilizasiyasının tərəqqisinə böyük töhfələr verən  türk xalqlarının rifahının yüksəlməsinə yönəlmiş  bu görüşün ölkələr arasında əməkdaşlığın inkişaf etməsində böyük əhəmiyyətini qeyd etmişdir.

80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü pozması, torpaqlarını ələ keçirməsi nəticəsində yaranan  Dağlıq Qarabağ münaqişəsində  ulu öndərin gərgin əməyi ilə atəşkəs  barədə sazişin imzalanmasını, Azərbaycanın  sülhsevər siyasətini  ilk olaraq dəstəkləyən, hər zaman olduğu kimi, ölkəmizə  dayaq duran, qardaşlıq əlini uzadan  məhz Türkiyə Respublikası olmuşdur. Çətin gündə, xoş gündə bir-birinin yanında olan iki qardaş ölkə istər siyasi, istər iqtisadi sahələrdə birlik, həmrəylik nümayiş etdirmiş, qanı, soyu bir olan xalqlarının xoş gələcəyi yolunda birgə addımlamışlar.

Gənc, müstəqil ölkə olaraq bazar iqtisadiyyatına  keçid dövründə də Azərbaycanın təşəbbüskarı və icraçısı olduğu layihələrin həyata keçirilməsində etibarlı tərəfdaş olan ölkələrimiz birgə siyasət yürütmüşlər. Belə ki, 1994-cü ildə  “Əsrin müqaviləsi” layihəsinin imzalanmasında da Türkiyə ilk iştirakçılar sırasında olmuş, Xəzər dənizinin Azərbaycan sektorundakı neft və qaz yataqlarının müştərək işlənilməsində Türkiyə şirkətləri fəallıq göstərmişlər. Bu müqavilə əsasında işlənən neftin dünya bazarlarına çıxarılması üçün Bakı-Ceyhan neft kəmərinin yaradılması Türkiyə-Azərbaycan arasında hərtərəfli əlaqələrin bariz nümunəsidir.

Türkiyə-Azərbaycan birliyinin  uzun illərə söykənən böyük tarixi vardır. Lakin  bu əlaqələr Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra daha da möhkəmləndi, dərinləşdi. Ulu öndər Heydər Əliyev  1998-ci ildə türkdilli dövlətlərin Zirvə toplantısı zamanı Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəllə görüşündə  Türkiyə ilə Azərbaycan arasındakı tarixi dostluq və qardaşlıq əlaqələrinin bütün istiqamətlər üzrə daim inkişaf etdiyini  yüksək qiymətləndirmiş və dünya dövlətləri arasında  Azərbaycanın  müstəqilliyini tanıyan ilk ölkənin də Türkiyə Cümhuriyyəti olduğunu bildirmiş, Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi olduğunu vurğulamışdır. Türkiyə Prezidenti Süleyman Dəmirəl isə müstəqil Azərbaycan Respublikasının müdrik rəhbəri, bütün dünyada böyük nüfuza və hörmətə malik olan Heydər Əliyevin apardığı sülh siyasətini böyük iftixar hissi ilə vurğulamış, ölkəsinin müstəqilliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsində misilsiz  xidmətlərini diqqətə çatdırmışdır.

1999-cu ildə  ulu öndər Heydər Əliyevin Mustafa Kamal Atatürk Beynəlxalq Sülh Mükafatına layiq görülməsi də  ümummilli liderin iki ölkə arasında qırılmaz tellərlə bağlanan səmimi dostluq münasibətlərinin yaranmasında göstərdiyi misilsiz xidmətlərinə verilən yüksək qiymətin göstəricisi idi. Türkiyə xalqının böyük öndəri Mustafa Kamal Atatürkün adını daşıyan beynəlxalq sülh, barış mükafatının Türkiyə Cümhuriyyətinin Prezidenti, Türkiyə - Azərbaycan dostluğu və qardaşlığının inkişafında böyük xidmətlər göstərmiş Süleyman Dəmirəl tərəfindən təqdim olunmasını  həyatında böyük tarixi hadisə adlandıran Heydər Əliyev  demişdir: “Əziz dostlar, bu gün mənə bu yüksək Atatürk Mükafatını verməklə üzərimə böyük məsuliyyət qoydunuz və mənim qarşımda böyük vəzifələr durur. Mən bunu hiss edirəm. Mən həm məsuliyyətimi hiss edirəm, həm də vəzifələrimi bilirəm. Vəzifələrim bundan ibarətdir: Azərbaycanın Prezidenti kimi Azərbaycanın dövlət müstəqilliyini qorumaq, saxlamaq və inkişaf etdirmək. Azərbaycanda hüquqi, demokratik, layiqli, dünyəvi dövlət quruculuğu prosesini inkişaf etdirmək və Azərbaycanda demokratiyanı, hürriyyəti, insan haqlarının təmin olunmasını bərqərar etmək. Azərbaycanda bazar iqtisadiyyatını, sərbəst iqtisadiyyatı inkişaf etdirmək, ölkəmizin iqtisadiyyatını dünya iqtisadiyyatı ilə inteqrasiya etmək. Türkiyə - Azərbaycan dostluğunu bundan sonra daha da möhkəmləndirmək və yüksəltmək. Sülh uğrunda mübarizə aparmaq”.

Türkiyə Cümhuriyyətini Atatürk Cümhuriyyəti, demokratik cümhuriyyət,  dünyəvi cümhuriyyət adlandıran ulu öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə  böyük Atatürkün “Yurdda sülh, cahanda sülh” prinsipinə sadiq qalaraq, türk xalqının öndərinin qoyduğu irsi  müstəqil Azərbaycan üçün örnək hesab etmişdir. Yalnız region ölkələrinin deyil, bütün dünyanın tərəqqisində, xalqların sülh, barış içində yaşamasında Türkiyə Cümhuriyyətinin qət etdiyi mübarizlik təcrübəsini örnək  hesab edən ulu öndər Heydər Əliyev Azərbaycanı müstəqil, demokratik dövlətçilik yolunda inamla irəli apararaq gələcək nəsillərə azad, sivil, dünyəvi dövlət  ərməğan etmişdir. Ulu öndər Heydər Əliyev  siyasi fəaliyyətinin bütün dövrlərində  türk xalqlarının  tərəqqisinə xüsusi yer ayırmış, Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına, iki qardaş ölkənin dostluğunun, qardaşlığının əbədiliyinə, dönməzliyinə, sarsılmazlığına var qüvvəsi ilə  çalışmışdır.

Bu gün bütün dünyaya nümunə olan müttəfiqlik səviyyəsinə yüksəlmiş  Azərbaycan-Türkiyə münasibətləri 1923-cü ildə Türkiyə Respublikasını  “Yurdda sülh, cahanda sülh” ideoloji əsasları üzərində quran, “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq, ona yardım etmək borcumuzdur”- deyən Türkiyə Respublikasının qurucusu  Mustafa Kamal Atatürkün, “bir millət, iki dövlət”  ifadəsini tarixə yazan ulu öndər Heydər Əliyevin  ideyaları ilə daha da möhkəmlənir.

Mehparə ƏLİYEVA,

“Respublika”.