Azərbaycan-Türkiyə: əməkdaş, dost, qardaş və müttəfiq
Türk dünyası

Azərbaycan-Türkiyə: əməkdaş, dost, qardaş və müttəfiq

Hər bir ölkənin xarici siyasətinin əsasında yalnız öz dövlət maraqlarına xidmət etmək durursa, Azərbaycan və Türkiyədə bu baxış tamam fərqlidir. Fərqlilik isə Türkiyə və Azərbaycanın xarici siyasət kursunun fərqli məkanlardan, dövlətlərdən, region və təşkilatlardan gələn təhlükəyə qarşı bərabər mübarizə aparmasıdır. "Bir millət, iki dövlət" prinsipinə dayanan qarşılıqlı əməkdaşlıq xalqlarımızın istəkləri yönündə cərəyan edir. Sözsüz ki, qardaşlıq bağlarının möhkəmlənməsində əsas rol oynayan amillərdən biri də dövlət başçılarının bir-birlərinə olan inamı, güvəni və səmimi münasibətidir. Mübaliğəsiz demək olar ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri tarixinin ən gözəl çağını yaşayır. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan dostluğu Cənubi Qafqazda Azərbaycanın güclənməsinə, Yaxın Şərqdən Mərkəzi Asiyaya qədər ərazidə yerləşən müstəqil Türk dövlətlərinin birliyinin möhkəmlənməsində müstəsna əhəmiyyətə malikdir.

Təbii ki, bu dostluq və qardaşlıq qısa zamanda təşəkkül tapa bilməzdi. Əsrlər boyu davam edən tarixi əməkdaşlıq da, hər iki xalqın nümayəndələrinin eyni dilə və dinə mənsub olması da münasibətlərin inkişafında əsaslı faktordu. Bu baxımdan iki ölkə arasında olan əməkdaşlığı mövcud olduğumuz dünyada bənzərsiz adlandırmaq olar.

Dünya arenasının siyasi düzənində gedən "çirkli" oyunların hədəflərindən biri də türk birliyini zədələmək, eyni soykökə mənsub olan xalqların arasında nifaq toxumu salmaqdır. Lakin Türkiyə və Azərbaycanın dəstəyilə Türkiyə Dövlətləri Təşkilatının yaranması düşünülmüş, məqsəd və məramlı şəkildə ortaya qoyulmuş iradənin göstəricisidir. Sirr deyil ki, dövlət başçımızın KTMT tərkibində olan bütün ölkələrlə, xüsusilə də bura daxil olan Türk dövlətləri ilə yüksək səviyyədə qurduğu dostluq münasibətləri Ermənistanın ittifaq daxilində tək qalmasına səbəb olmuşdur. 2020-ci ilin Tovuz döyüşlərində və İkinci Qarabağ müharibəsində Ermənistanın KTMT-dən dəstək almaq cədhlərinin boşa çıxması da illərin zəhmətinin bəhrəsidir.

Təsadüfi deyil ki, Ermənistan bu günə qədər Qarabağ məsələsində həm Türkiyəni, əsas da Rəcəb Tayyib Ərdoğanı neytrallaşdırmağa saysız-hesabsız cəhdlər etmişdir. Çünki qardaş ölkə və onun liderinin açıq-aşkar ortaya qoyduğu mövqe Azərbaycanın haqlı maraqlarına, Zəngəzur dəhlizinin açılmasına təşviq göstərməsi isə Türk dünyasının güclənməsinə xidmət edir.

Qarabağ probleminə hər zaman öz ərazi bütövlüyü məsələsi kimi həssas yanaşan Türkiyə bu mübarizədə əvvəldən sona qədər Azərbaycanın yanında yer alıb. Eləcə də 90-cı illərdən Ermənistan dövlətilə diplomatik əlaqələri kəsib və sərhədləri bağlamaqla qırmızı xəttini də müəyyən edib. Beynəlxalq arenada söz sahibi, NATO kimi nüfuzlu hərbi alyansın ikinci ən güclü ölkəsi olan Türkiyənin Qarabağ savaşında ədalətli mövqe sərgiləməsi Vətən müharibəsinin gedişinə birbaşa təsir göstərmişdir.

Siyasi müstəvidə ölkələr arasında yüksək səviyyədə münasibətlərin qurulması iqtisadi sahədə əməkdaşlığı xeyli artırmışdır. Demək olar ki, dünyanın ən böyük layihələri məhz Azərbaycan və Türkiyənin iştirakı ilə həyata keçir. Təbii sərvətlərimizin dünya bazarlarına çıxmasında qardaş ölkə əsas etibarlı partnyorumuzdur, desək yanılmarıq. Dəyəri bir çox ölkələrin ümumi büdcəsindən dəfələrlə çox olan Bakı-Tbilisi Ceyhan neft boru kəmərini, Bakı-Tbilisi-Qars dəmiryol xəttini və Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP-ı nümunə göstərmək olar. Bəzi ölkələr bu layihələrin həyata keçməsinə əngəl törətməyə çalışsalar da, qarşıya qoyulan hədəflər bu gün reallığa çevrilib və hər iki ölkənin iqtisadiyatının dayanıqlı olmasında başlıca amil olmuşdu. Həmçinin Şuşa Bəyannaməsinin imzalanması Bakı və Ankaranı rəsmi olaraq müttəfiqlik səviyyəsinə çatdırmışdır. Azərbaycan Ordusunun müasir tələblərə cavab verən NATO standartlarına uyğun olaraq formalaşmasında Türkiyə modelinin tətbiqi də çox önəmlidir.

Türkiyə Cümhuriyyətində keçirilən prezident seçkilərinin nəticələrinin ölkəmizdə də böyük həyəcan və diqqətlə izlənilməsinin də səbəbi əbəs deyildir. Azərbaycan xalqının və dövlətinin böyük dostu olan Rəcəb Tayyib Ərdoğanın yenidən qalib gəlməsi ölkəmizdə, eləcə də İslam və Türk dünyasında böyük sevinclə qarşılanıb. Seçkilərin nəticələri bəlli olduqdan sonra dərhal Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı təbrik edib Azərbaycana səfərə dəvət etməsi Cümhuriyyət başçısı tərəfindən xoş qarşılanmışdır. Qalib gəldikdən sonra Ərdoğanın bu gün Azərbaycan sevinir, Qarabağ sevinir deməsi, Azərbaycan və Türkiyənin Qarabağ və Zəngəzur mübarizəsinin davam edəcəyinin mesajıdır.

Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" sözlərinə dövlət başçımızın "bir yumruq" ifadəsini əlavə etməsi hər iki xalqın məqsədinin və amalının bir olmasının və atalarımızın dediyi "güc birlikdədir" kəlamının təsdiqidir.

Musa BAĞIRLI,

"Respublika".