Azərbaycan-Türkiyə münasibətləri tarixi köklərə əsaslanır
Digər xəbərlər

Azərbaycan-Türkiyə münasibətləri tarixi köklərə əsaslanır

Bir ananın iki övladı

Fevralın 6-da Türkiyədə baş vermiş təbii fəlakət bütün Azərbaycan xalqının qəlbində dərin yaralar açdı. Ard-arda baş vermiş yeraltı təkanlar çoxsaylı insan tələfatı ilə nəticələnib. Minlərlə hündürmərtəbəli binaların dağılması, yüz minlərlə insanların dağıntılar altında yaşam mücadiləsi verməsini qardaş xalq olaraq ürəkağrısı ilə izlədik. Lakin Azərbaycan xalqı qardaş dövləti bu çətinliklərlə yalnız buraxa bilməzdi...

Zəlzələnin baş verdiyi gündən etibarən Azərbaycan Türkiyənin dərdinə şərik çıxaraq, bütün çətinliklərin aradan qaldırılması üçün səfərbər olub. Düzdür, dünyanın bir çox ölkələri Türkiyəyə axtarış-xilasetmə qrupları, səhra evləri, tibbi ləvazimatlar və digər yardım vasitələri göndərib. Lakin bu yardımların əksəriyyəti dövlət səviyyəsində olub. Azərbaycan xalqı Türkiyənin bu çətin günlərində möhtəşəm birlik və həmrəylik nümayiş etdirərək xalqın hər bir fərdi, kiçikdən- böyüyə hər kəs dost və qardaşlarının dərdinə şərik olub. Türkiyədə zəlzələ baş verdikdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Ölkə başçısının göstərişinə əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycan Türkiyəyə genişmiqyaslı yardımlara başlayıb.

Bu, Azərbaycanın Türkiyədə baş verən təbii fəlakətlərlə bağlı ilk yardımı deyil. Hələ 2011-ci ildə Türkiyənin Van bölgəsində baş verən zəlzələdən 6 saat sonra Azərbaycan axtarış-xilasetmə qrupu ilk yardıma gələn xarici nümayəndə heyəti olmuşdu. Azərbaycan axtarış-xilasetmə qrupu 200 çadır qurmuş, 101 saat sonra İmdat adlı türk vətəndaşın həyatda qalma möcüzəsinə vəsilə olmuşdur. Fəlakətin nəticələri aradan qaldırılana qədər Türkiyədən geri dönməmişdilər.

2021-ci ildə Türkiyədə baş verən meşə yanğınlarında Azərbaycan hadisəyə ilk reaksiya verən ölkə olub. Belə ki, hadisənin miqyasının genişlənməsini nəzərə alaraq yanğınların qarşısını almaq üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyətini, helikopterlər, 53 ədəd yanğınsöndürmə texnikaları və təyyarə göndərmişdi. Heyət yanğınların qarşısını öz sağlamlıqları bahasına alaraq əzmkarlıq göstərmişdi.

Azərbaycan-Türkiyə münasibətləri təkcə dövlətimizin müstəqillik dövrünü deyil, Azərbaycanın SSRİ tərkibində olduğu illəri də, hətta Azərbaycan Xalq Cümhuriyyəti dövrünü də əhatə edir. Qarşılıqlı dostluq və qardaşlıq münasibətləri tarixin bütün çətin sınaqlarında özünü doğruldub. 1915-ci ildə Osmanlı dövlətinin tarixi döyüşlərindən olan Çanaqqala savaşında Azərbaycan minlərlə şəhid vermişdi. 1920-ci il may ayının 3-də Mustafa Kamal Paşa Şərq Cəbhəsi komandiri Kazım Qarabəkir Paşaya bir məktub yazır: "Dövlətdə heç pul qalmadı. Ölkə daxilində pul təmin edə biləcəyimiz bir qaynaq yoxdur. Başqa qaynaqlardan pul əldə edənə qədər, Azərbaycan hökumətindən borc pul alınmasını təşkil etmənizi istəyirəm". Kazım Qarabəkir Paşa Atatürkün bu istəyini Azərbaycan hökumətinə bildirir. Xatırladaq ki, bu, Azərbaycan Sovet Sosialist Respublikası ilə rəsmi Ankara arasında ilk təmas olub. Azərbaycan hökuməti Osmanlı dövlətinin bu müraciətinə etinasızlıq göstərmir. Azərbaycan xarici işlər naziri Mirzə Davud Hüseynov savaşda qazanılan qələbələr münasibətilə məktubda təbriklərini Türk xalqına çatdırır: "Qazanılan böyük zəfərlərə görə Türk xalqını Azərbaycan Sovet Sosialist Respublikası adından təbrik edirik". Həmçinin yardım olaraq 30 sistern neft, 2 sistern benzin, 8 sistern kerosin göndərilir. 1921-ci ildə Mustafa Kamal Paşa Nəriman Nərimanova məktub yazaraq borc pul istəmişdi. Azərbaycan tərəfi 500 kiloqram qızılı qardaş Türk xalqına göndərmiş, bunun 200 kiloqramı dövlət büdcəsinə, qalanı isə silah və sursat üçün istifadə olunmuşdu. Daha sonra N.Nərimanov Rusiyadan aldığı 10 milyon qızıl pulu Osmanlı dövlətinə göndərir. Bu yardımlar sayəsində qardaş ölkənin vəziyyəti xeyli düzəlir. N.Nərimanov M.Kamal Paşaya yazdığı məktubda isə deyilirdi: "...Paşam, bizdə qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutacaq və tutmağa davam edəcək".

Göründüyü kimi, Türkiyə və Azərbaycan arasında dostluq, qardaşlıq münasibətləri tarixi köklərə dayanır. Hər iki ölkə arasında qurulan bu sarsılmaz bağların ən böyük təminatçısı iki dövlət daxilində yaşayan bir millətin nümayəndələridir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "bir millət, iki dövlət" olmuşlar. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir.

Musa BAĞIRLI,

"Respublika".