Azərbaycan-Türkiyə qardaşlığı yeni mərhələdə
Türk dünyası

Azərbaycan-Türkiyə qardaşlığı yeni mərhələdə

Türkiyə dövləti ilə qardaşlığımız, dostluğumuz dünənin, bu günün məsələsi deyil. Əzəldən, yaranışdan qardaş olaraq sevincimizə sevinib, kədərimizə şərik olmuşuq. Qardaş kimi hər zaman külüngü bir yerə vurub, bir-birimizə arxa, dayaq durmuşuq. Dostlarımız sevinib, gözü götürməyənlər isə bizi hər vəchlə bölməyə, parçalamağa çalışıblar. Bəzən müəyyən qədər məqsədlərinə çatıblar da. Aramızda sərhədlər çəkib, məsafələr yaradıblar. Türkün gücündən, böyüklüyündən qorxublar. Qardaşı qardaşdan ayırsalar da, türklüyümüzü, sevgimizi məhv edə bilməyiblər. Bu gün Azərbaycan-Türkiyə münasibətləri özünün inkişaf mərhələsindədir. Artıq bizi ayıracaq sərhədlər, sədlər, qadağalar yoxdur, əlaqələrimiz, dostluğumuz regionun ümumi tərəqqisinə, sabitliyin, sülhün bərqərar olmasına xidmət edir.

Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "TEKNOFEST" aerokosmik texnologiya festivalında iştirak etdilər. Festivalda dövlət başçıları birinci xanımlar sadəcə iştirakçı kimi deyil, həm dostluğun, qardaşlığın tərənnümçüsü kimi gəlmişdilər. Bu görüşlər, münasibətlər bizlər üçün qürur, iftixar mənbəyidir.

"TEKNOFEST" çıxış edən Prezident İlham Əliyev demişdir: "Qardaş ölkədə yenidən olmağımdan çox məmnunam. Sizə Azərbaycan xalqının səmimi salamlarını gətirmişəm. Bir il öncə "TEKNOFEST" festivalı Bakıda keçirilmişdir əziz qardaşımla bərabər biz "TEKNOFEST" iştirak etmişdik. Bu gün mən buradayam. Bu, bir daha onu göstərir ki, Türkiyə Azərbaycan hər zaman bir yerdədir. Türkiyə Azərbaycan dost, qardaş ölkələrdir". Daha sonra əlaqələrimizin bir çox sahələri əhatə etməsindən, İkinci Qarabağ müharibəsində əldə etdiyimiz qələbədə Türkiyənin siyasi-mənəvi dayağından, Şuşa Bəyannaməsinin mahiyyətindən digər mühüm məsələlərdən danışmışdır. Ölkə başçımızın vurğuladığı kimi, Türk dünyasının böyük coğrafiyası, böyük potensialı, böyük təbii qaynaqları, böyük hərbi gücü var. bu gün Türkiyə dünyada söz sahibi kimi öz nüfuzunu qoruyan güclü dövlətdir. Əlbəttə ki, biz bu gücün qüdrətini hər zaman hiss etmişik, İkinci Qarabağ müharibəsi başlayan zaman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün varlığı ilə bizə dəstək olaraq demişdir: "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır". Bu deyim Azərbaycan xalqına həm siyasi, həm mənəvi dəstək oldu. Qələbədən sonra ölkə başçılarının Şuşa görüşü Azərbaycan-Türkiyə arasında imzalanan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" bütün sahələr üzrə həmrəylik sənədi kimi tarixin qızıl səhifəsinə yazıldı. Bu sənədlə hər iki dövlət tarixi Qars müqaviləsini yeniləmiş oldu. Yeni tarix, yeni dünya yaratdı. Prezident İlham Əliyevin "Kızılelma" havada, "Altay" " Togg" quruda, "Anadolu" dənizdə - bugünkü Türkiyə budur" ifadəsi isə yazılan yeni tarixin izahıdır.

Təəssüflər olsun ki, bu il fevral ayının 6-da Türkiyədə baş verən təbii fəlakət, zəlzələ nəticəsində ölkənin bir bölgəsi tamamilə dağılmışdır. "Əsrin fəlakəti" adlanan zəlzələ nəticəsində 50 mindən çox insan həyatını itirmişdir. Fəlakətin baş verdiyi ilk saatlardan Azərbaycan qardaş ölkəyə bütün mümkün imkanlardan istifadə edərək yardım etdi. Bölgəyə bütün dünyadan gələn xilasedicilər, nümayəndələr geri, öz ölkələrinə qayıtsalar da, Azərbaycan bu gün bölgədədir öz yardımını əsirgəmir. İstanbulda keçirilən "TEKNOFEST" festivalı çərçivəsində Azərbaycan dövlətinin zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məscid, məktəb lazım olan bütün infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməlqoyma mərasimi iki dövlətin birliyinin, qardaşlığının bariz nümunəsidir. "Bir millət, iki dövlət bir yumruq" deyiminin əyani sübutudur.

Ramidə YAQUBQIZI,

"Respublika".