Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürü
Türk dünyası

Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürü

Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağına qarşı edilən hörmətsizlik və rəsmi idman turnirinin təşkilatçılarının bu cür çirkin hərəkətlərə  qarşı heç bir təhlükəsizlik tədbirinin  görülməməsi nəticəsində azərbaycanlı idmançılar yarışı baykot edərək Vətənə geri qayıtmışdılar. Ermənilərin dünya ictimaiyyətinin qarşısında etdiyi çirkin  təxribata ən tutarlı cavabı türkiyəli atletlər Cansu Bektaş və  Qamze Altun vermiş oldu. Ağır atletika üzrə Avropa çempionatında qazandıqları qızıl və gümüş medalları Azərbaycana həsr edən qardaş ölkənin idmançıları bütün xalqımızın, o cümlədən dövlət başçısının rəğbətini qazandı.

Cansu və Qamzenin bu nəcib jestinə cavab olaraq Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva idmançılara təbrik məktubu ünvanlayaraq qazandıqları qələbə münasibətilə təbrik etmiş,  yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək dünya miqyasında Türkiyə bayrağını dalğalandırmaqlarının, həmçinin İstiqlal Marşının səsləndirilməsinin bütün Azərbaycan xalqının sevincinə səbəb olduğunu vurğulamışdılar. Məktubda qeyd olunurdu ki, qələbələrinizi Azərbaycana həsr etdiyinizə görə Sizə xüsusi təşəkkür edirik. Bu, bir daha onu sübut etdi ki, Azərbaycan olmayan yerdə Türkiyə daim bizi təmsil edir və haqq işimizi dəstəkləyir. Bu hadisə  sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürüdür. Biz Sizinlə fəxr edir, bundan sonra da yeni-yeni qələbələr diləyirik.

Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Xüsusilə iki ölkə arasındakı münasibətlər Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dövründə ən yüksək zirvəyə çatıb. Daim yüksək tribunalarda, beynəlxalq tədbirlərdə Türkiyə və Azərbaycan bir-birilərinin haqlı mövqeyini dəstəkləyib, düşmənlərinə layiq olan cavabı veriblər. İrəvanda baş verən hadisələr bizə 2014-cü il aprelin 24-nü xatırladır. Məhz bu tarixdə Praqada dövlət və hökumət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunan sammit keçirilirdi. Ermənistanın sabiq  prezidenti Serjik Sarkisyan Zirvə görüşünün plenar iclasında öz çıxışını bütünlükdə qondarma "erməni soyqırımı"na həsr edərək Türkiyə dövlətini kəskin şəkildə ittiham etdi. Serjik Sarkisyan Türkiyəni "soyqırımı" ilə bağlı düzgün mövqe tutmamaqda, həmçinin Ermənistanla sərhədləri açmamaqda günahlandıraraq qardaş ölkənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğu fikrini irəli sürdü. Keçmiş Ermənistan rəhbərinin əsassız, yalan və iftiralarla dolu ittihamlarına cavab olaraq Prezident İlham Əliyev öz çıxışında bildirmişdi: "Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm. Türkiyə ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb…". Dövlət başçımız "saxta erməni soyqırımı" məsələsinə münasibətini bildirərək demişdir ki, Türkiyə lideri Ərdoğan bir neçə il öncə bəyanatla çıxış edərək Ermənistanın rəhbərliyinə bütün arxivləri açmağı təklif etmişdi ki, tarixçilər iki xalq arasındakı münasibətlərin tarixi məqamlarını nəzərdən keçirsinlər. Ancaq bu təklif adekvat cavabla qarşılanmadı.

Türk dünyasının iki əzəmətli dövlətinin hər zaman bir-birini qarşılıqlı olaraq dəstəkləməsi şanlı tariximizin hər səhifəsində özünü göstərib və heç vaxt unudulmur.

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində bir daha Cansu və Qamzenin uğurlarından danışıb. Dövlət başçısı qeyd edib ki, ermənilər bizim bayrağımızı yandırsalar da, amma Türk Bayrağı orada dalğalanıb. Türkiyənin Dövlət Himni səsləndirilib. Türkiyənin Dövlət Himninin səslənməsi, orada oturan bütün düşmənlərin yəqin ki, qulağını batırmışdı. Ölkə rəhbəri həmin gün gənclər və idman nazirinə tapşırıq verib ki, türkiyəli idmançı qızlar onun adından Azərbaycana dəvət edilsin.

İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatında mükafat qazanan və qələbələrini Azərbaycana həsr edən türk idmançılar Azərbaycan Prezidenti İlham Əliyevin  dəvəti ilə Azərbaycana gəliblər. Nümayəndə heyətinə Avropa çempionları Nuray Güngör, Cansu Bekdaş, Yusuf Fehmi Genc, Avropa çempionatının gümüş mükafatçısı Qamze Altun və Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü daxildir. Səfər çərçivəsində qonaqların Bakıda bir sıra görüşləri və tədbirlərdə iştirakları nəzərdə tutulub.

Qeyd edək ki, türk idmançılar yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək dünya miqyasında Türkiyə bayrağını dalğalandırmaqları, İstiqlal Marşını səsləndirmələri  ölkəmizdə hər kəsi sevindirmişdi. Bu Azərbaycan-Türkiyə qardaşlığının daha bir möhtəşəm ifadəsinə çevrilmişdi.

Musa BAĞIRLI,

"Respublika".