Azərbaycan uşaqları dünyaya sülh mesajı veriblər
Sosial həyat

Azərbaycan uşaqları dünyaya sülh mesajı veriblər

Ey idman, sən sülhsən!

Müasir Olimpiya hərəkatının banisi Pyer de Kuberten idmana vurğunluğunu belə ifadə etmişdi. Dünyada milyonlarla insanın müharibə dəhşətlərindən əziyyət çəkdiyi bir vaxtda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) milli subyekti Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) Azərbaycanda təntənə ilə qeyd edilən 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr etdiyi layihənin leytmotivi də elə unudulmaz idman fədaisinin bu məşhur kəlamı olub.

AİJA-dan AZƏRTAC-a bildiriblər ki, layihə Assosiasiyanın təşkilatçılığı ilə Azərbaycanın öncül təhsil ocaqlarından birində - paytaxt Bakıda fəaliyyət göstərən "Hədəf" liseyində həyata keçirilib. İki gün davam edən tədbirdə liseyin şagirdləri dünyanın hər bir nöqtəsinə çatsın deyə ingilis dilində idman və sülh mövzusunda müzakirələr aparıb, esselər yazıb, rəsmlər çəkiblər. Uşaqların normal təfəkkürünün inkişafına, sağlam həyat tərzinə, idmana və sülhə sevgisinin artmasına müsbət təsir göstərən bu humanist layihənin 20-dən çox iştirakçısına AİJA-nın sertifikatları təqdim edilib.

AİJA-nın birinci vitse-prezidenti Nərgiz Mahmudzadə, liseyin təlim-tədris işləri üzrə direktor müavini Püstəxanım Səfərova, tərbiyə işləri üzrə direktor müavini Ravil Böyükzadə, xarici dillər kafedrasının rəhbəri Eren Kancılar, şagirdlərdən Raul Ələkbərli, Ziya Şəldiyev və başqaları çıxış edərək idmanın yer kürəsində sülhün və əmin-amanlığın carçısı olmasını, yarışlarda rəqiblərin, komandaların və atletlərin nəticədən asılı olmayaraq mübarizənin sonunda bir-birinə dostluq və mehribanlıq nümayiş etdirdiklərinə diqqət çəkərək dünyadakı bütün qarşıdurmaların belə nəticələnməsini arzu etdiklərini vurğulayıblar.

AZƏRTAC