Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib
Siyasət

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib

Cenevrədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli görüş keçirilib.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş bu il avqustun 31-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq təşkil edilib.

Nazir Ceyhun Bayramov səylərin postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. Nazir bu xüsusda, tərəfimizdən təklif olunmuş beş baza prinsipi əsasında müqavilənin elementlərini detallı şəkildə Ermənistan tərəfinin diqqətinə çatdırıb.

Görüş zamanı delimitasiya olunmamış sərhəddə baş vermiş gərginliyi nəzərə alaraq, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi, cari ilin noyabrında deyil, oktyabr ayında keçirilməsi Azərbaycan tərəfindən təklif olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatlara və liderlər arasında əldə edilmiş razılıqlara uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının, Baş nazirlərin müavinlərinin rəhbərliyi ilə üçtərəfli komissiya çərçivəsində əldə olunmuş ilkin razılaşmalar əsasında nəqliyyat-kommunikasiya xətlərinin qısa müddətdə açılmasının, delimitasiya üzrə işdə irəliləyiş əldə edilməsinin zəruriliyini vurğulayıb.

Humanitar məsələlərə toxunan nazir, o cümlədən 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini, Ermənistan tərəfinin Azərbaycan ərazisində çoxsaylı faciəvi itkilərə səbəb olan minalar yerləşdirməkdə davam etməsinin qəbuledilməzliyini, bunun üçtərəfli Bəyanat üzrə Ermənistanın öhdəliklərinin kobud pozuntusu və hərbi cinayət olduğunu diqqətə çatdırıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu və sülh müqaviləsinin imzalanmasına hazırlığını bir daha ifadə edib. Bu istiqamətdə müzakirələrin davam etdirilməsinə dair razılıq əldə olunub.

AZƏRTAC