Azərbaycan və Estoniya parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Digər xəbərlər

Azərbaycan və Estoniya parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Noyabrın 15-də Milli Məclisin Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova ölkəmizdə səfərdə olan Estoniya Riigikoqunun (parlamentinin) Estoniya-Azərbaycan parlamentlərarası qrupunun sədri Sven Sester ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Jalə Əhmədova qonaqları salamlayaraq onları parlamentdə görməkdən məmnunluğunu ifadə edib. O, ölkələrimiz arasında mövcud olan əməkdaşlıq münasibətlərindən söz açıb, bu əlaqələrdə parlament ölçüsünün və parlamentarilərin qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışıb.

Jalə Əhmədova 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni əməkdaşlıq imkanları, Azərbaycanın regionda sülhün və sabitliyin təmin olunması naminə həyata keçirdiyi təşəbbüsləri barədə məlumat verib, həmçinin iki ölkə arasında iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində əlaqələrin genişləndirilməsi potensialı ilə bağlı fikirlərini bölüşüb.

Estoniya parlamentinin Azərbaycanla parlamentlərarası qrupunun sədri Sven Sester qonaqpərvərliyə görə təşəkkür edib, ölkəmizlə münasibətləri, parlamentlər səviyyəsində əməkdaşlığı çox yüksək qiymətləndirdiklərini söyləyib. Qonaq Azərbaycanla Estoniya arasında əməkdaşlığın bundan sonra da xalqlarımızın rifahının yüksəlməsinə xidmət edəcəyini bildirib.

Görüşdə iştirak edən Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü İlham Məmmədov və Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov iki ölkə arasında əməkdaşlığın hazırki vəziyyəti və inkişaf perspektivləri barədə fikirlərini səsləndiriblər.

Söhbət zamanı 44 günlük Vətən müharibəsində Zəfər qazanan Azərbaycanın bölgədə sülhün möhkəmləndirilməsi üçün gördüyü işlərdən, aparılan sülh danışıqlarından və əldə olunan razılaşmalardan irəli gələn məsələlərdən danışılıb və tərəfləri maraqlandıran digər mövzularla bağlı fikir mübadiləsi aparılıb.

AZƏRTAC