Azərbaycan və Qazaxıstan arasında dini təhsil və elm sahələrində əməkdaşlığın artırılması müzakirə edilib
Digər xəbərlər

Azərbaycan və Qazaxıstan arasında dini təhsil və elm sahələrində əməkdaşlığın artırılması müzakirə edilib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Baş Müftisi Naurızbay Hacı Tağanulı ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Qazaxıstan Müsəlmanları Dini İdarəsinin rəhbər və nümayəndələri ilə görüşdə Azərbaycan və Qazaxıstan arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin bu gün də həyatın bütün sahələrində, o cümlədən dini-mənəvi müstəvidə davamlı inkişaf etdiyini rəğbətlə qeyd edən QMİ sədri bu münasibətlərin dövlətlərimizin və xalqlarımızın ümumi maraqlarına və mənafelərinə cavab verdiyini xüsusi vurğulayıb.

Şeyxülislam Allahşükür Paşazadə Baş Müftiyə xoş arzularını bildirərək deyib: "Heç kəs dini xidmətə Allahın iradəsi olmadan gəlmir. Baş müfti olmaq Allahın iradəsidir. Buna görə də sizə şərəfli dini xidmət arzulayıram. İndi xalqın və müsəlman ümmətinin xeyrinə çox çalışmaq lazımdır. Bunun üçün ilk növbədə dini liderlərin möhkəm bağları olmalıdır və yalnız bu halda müsəlman ümmətinin birliyi möhkəmlənəcək. Allah bütün dinləri yaxşılığa və ortaq məqsədlərə səsləyən Qazaxıstanın birinci Prezidenti Elbası-Nursultan Nazarbayevin xeyirxah işlərinə xeyir versin".

Baş Müfti Naurızbay Hacı Tağanulı Dünya Dini Liderlərinin Sammitinin Bakıda keçirilməsi və bu beynəlxalq toplantıda ruhaniləri vahid bir məqsədə çağırılmasını yüksək dəyərləndirib. Baş Müfti deyib: "Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin təşəbbüslərini hər zaman dəstəklədiyiniz üçün Şeyxülislam sizə minnətdarıq. Fürsətdən istifadə edərək, qardaş Azərbaycan xalqını 18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Uca Allah bütün qardaş ölkələrə və müsəlman ümmətinə birlik və firavanlıq nəsib etsin.

Görüşün sonunda tərəflər dini təhsil və elm sahələrində əməkdaşlığın artırılması barədə razılığa gəliblər".

AZƏRTAC