Azərbaycan və Qırğızıstanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb
SİYASƏT

Azərbaycan və Qırğızıstanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Aprelin 12-də Azərbaycan Respublikası və Qırğız Respublikası Xarici İşlər nazirlikləri arasında videokonfrans formatında siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan tərəfindən nümayəndə heyətinə nazir müavini Xələf Xələfov, Qırğızıstan tərəfindən isə nümayəndə heyətinə nazir müavini Aybek Moldoqaziyev rəhbərlik edib.

Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin gündəliyində duran aktual mövzuları, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Bundan əlavə, tərəflər regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıblar.

İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb.

AZƏRTAC