Azərbaycan və Rumıniya arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Fəaliyyət Planı imzalanıb
Siyasət

Azərbaycan və Rumıniya arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Fəaliyyət Planı imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Rumıniyanın əmək və sosial həmrəylik naziri Marius-Konstantin Budeyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev iki ölkənin münasibətlərinin strateji tərəfdaşlığa əsaslandığını vurğulayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, o, bu il Azərbaycan və Rumıniyanın diplomatik münasibətlərinin qurulmasından 30 il ötdüyünü qeyd edərək 2009-cu ildə imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin, ötən dövrdə imzalanmış 60-dan çox əməkdaşlıq sənədinin əlaqələrimizin genişlənməsinə zəmin yaratdığını diqqətə çatdırıb.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi tarixi Zəfəri xüsusi vurğulayan Sahil Babayev Ermənistan işğalından azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi və həmin ərazilərdə aparılan böyük quruculuq işlərini diqqətə çatdırıb.

O, Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsində bu ilin yanvar-avqust aylarında 76,45 faiz artım olduğunu, Azərbaycan və Rumıniya Hökumətləri arasında Birgə Komissiyanın fəaliyyətini, Komissiyanın bu ilin iyun ayında Bakıda 6-cı iclasının keçirildiyini qeyd edib.

Nazir Azərbaycanda son illər sosial sahədə aparılan islahatlar, sosial ödənişlərdəki ciddi artımlar, müasir və çevik idarəetmənin, şəffaf və operativ, proaktiv xidmətlərin təşkili ilə bağlı görülən işlər, DOST konsepsiyası barədə məlumat verib, həmin islahatların uğurlarına beynəlxalq səviyyədə də yüksək qiymət verildiyini, nazirliyin tabeliyində olan qurumların bu günlərdə daha 3, ümumilikdə bu il 11 beynəlxalq mükafatla təltif edildiyini vurğulayıb. Nazir sosial sahədə Rumıniya ilə ikitərəfli əlaqələrin inkişafı, nazirliklər arasında müqavilə-hüquq bazasının genişləndirilməsi üçün potensial olduğunu qeyd edib.

M.K.Budey Azərbaycana səfərindən məmnunluğunu və ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, sosial sahədə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün səylərini artırmaqda olduqlarını, bu sahədə bilik və qabaqcıl təcrübələrin mübadiləsinə maraq göstərdiklərini vurğulayıb.

Görüşün yekunu olaraq S.Babayev və M.K.Budey 2023-2024-ci illər üzrə Rumıniyanın Əmək və Sosial Həmrəylik Nazirliyi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən edən Fəaliyyət Planını imzalayıblar.

Sənəddə DOST mərkəzləri modelinin Rumıniyada tətbiqi perspektivinin dəyərləndirilməsi üçün ekspertlərdən ibarət birgə işçi qrupun yaradılması və fəaliyyətinin təşkili də yer alır.

Fəaliyyət planında, həmçinin əmək bazarının monitorinqi və proqnozlaşdırılması, aktiv məşğulluq proqramları, əmək müfəttişlərinin peşəkarlığının artırılması, qeyri-formal məşğulluğun qarşısının alınması, pensiya təminatı və sosial müavinətlər, sosial xidmətlər, əlillik və reabilitasiya, digər sahələrdə bilik və qabaqcıl təcrübələrin mübadiləsi çərçivəsində ikitərəfli məsləhətləşmələrin aparılması nəzərdə tutulur.

AZƏRTAC