Azərbaycan və Türkiyə arasında ətraf mühitlə bağlı İş Proqramı imzalanıb
Ekologiya

Azərbaycan və Türkiyə arasında ətraf mühitlə bağlı İş Proqramı imzalanıb

Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikasının ətraf mühit və şəhərsalma naziri Murat Kurumun rəhbərlik etdiyi nümayəndə heyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyində qurumun rəsmiləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ətraf mühitin qorunması, iqlim dəyişmələrinə təsirlərin azaldılması, tullantıların, o cümlədən plastik tullantıların düzgün idarə edilməsi, xüsusi mühafizə olunan təbiət əraziləri və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Daha əvvəl ətraf mühitin mühafizəsi sahəsində Azərbaycanla anlaşma memorandumu imzaladıqlarına işarə edən Murat Kurum deyib: "Sənaye, məişət tullantılarının, kanalizasiya və yağış sularının idarə olunması, sutəmizləyici qurğular kimi mövzularda əməkdaşlıq edirik. Bilməyinizi istərdik ki, nazirliyimizlə əlaqəli hər bir məsələdə azərbaycanlı qardaşlarımızın yanındayıq. Bu, istər iqlim, istərsə də şəhərsalma ilə bağlı ola bilər. Bütün heyətimizlə, təşkilatlarmızla Azərbaycanla hər cür əməkdaşlığa hazır olduğumuzu bir daha diqqətə çatdırmaq istəyirəm".

Qarabağda ciddi dağıntıların olduğunu vurğulayan nazir "Azərbaycan güclü bir dövlət kimi lazım olan hər şeyi edəcək. Biz də nazirlik olaraq əməkdaşlığımızı ən yüksək səviyyədə davam etdirəcəyik" deyib.

Azərbaycanın 44 günlük müharibədə möhtəşəm Zəfər qazandığını və 30 ilə yaxın işğal altında olan torpaqları azad etdiyini qeyd edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev erməni vandallarının həmin ərazilərdə törətdiyi vəhşiliklərdən, biomüxtəlifliyə, torpağa, çaylara, meşələrə vurulan zərərlərdən bəhs edib. Nazir bildirib ki, hazırda həmin ərazilərdə geniş yenidənqurma və abadlaşdırma işləri aparılır: "İşğaldan azad edilmiş ərazilərin ətraf mühitinin bərpası sahəsində Türkiyənin müvafiq qurumu ilə birlikdə çalışmaq və qardaş ölkənin təcrübəsindən yararlanmaq istəyirik".

Muxtar Babayev ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyinin zərərlərinin azaldılması sahələrində də Türkiyə ilə əməkdaşlığı sürətləndirəcəklərini bildirib: "İqlim dəyişikliyi mövzusunda da Türkiyə ilə əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindəyik. Yeni radar sistemləri quraşdırmaq üçün çalışırıq. Bu, tək bir ölkənin işi deyil. Bu mövzuda qonşu ölkələr olan Gürcüstan və Türkiyə ilə də əməkdaşlıq etməliyik. İqlim dəyişikliyi ilə mübarizədə ən böyük vasitəmiz bunu əvvəlcədən bilməkdir. Dəyişiklikləri öncədən bilmək, zərərlərin qarşısını almaq və azaltmaq üçün Türkiyə ilə əməkdaşlığa hazırıq".

Görüş zamanı, həmçinin "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlığa dair Saziş"in tətbiqi üzrə İkiillik (2022-2023-cü illər) İş Proqramı imzalanıb.

AZƏRTAC