Azərbaycan və Türkiyə regionun lider dövlətləridir
Türk dünyası

Azərbaycan və Türkiyə regionun lider dövlətləridir

Müasir geosiyasi müstəvidə Azərbaycanın strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olub. 2010-cu il avqust ayının 16-da "Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə"nin, "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə" nin imzalanması, habelə, 2020-ci il fevralın 25-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası zamanı "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının səkkizinci iclasının Protokolu" və iki dövlət arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərinə dair 13 sənədin imzalanması bütün dünyanın diqqətini cəlb etmişdir.

Türkiyə Azərbaycanla strateji müttəfiq olmaqla yanaşı, regionda müxtəlif iqtisadi layihələrin bilavasitə iştirakçısıdır. Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri regionda sülhə və təhlükəsizliyə, eyni zamanda xalqlarımızın xoş gələcəyinin təmin olunmasına mühüm töhfələr verir. Bu gün bölgənin inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu artırıb. 2018-ci il iyulun 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə rəsmi səfəri zamanı iki dövlət başçısı mətbuata bəyanatlarla çıxışlarında müasir dövrdə Türkiyə-Azərbaycan əlaqələrinin ən yüksək zirvədə olduğunu bildirmişlər. Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan əlaqələrinin "Bir millət, iki dövlət" konsepsiyası əsasında inkişaf etdiyini diqqətə çatdıraraq bildirmişdir ki, TANAP layihəsi təkcə Azərbaycan-Türkiyə əlaqələri deyil, eyni zamanda Azərbaycan-Avropa bağlantısını qurmaq baxımından böyük əhəmiyyət kəsb edir və bu, qardaşlığımızın təzahürü, eyni zamanda strateji investisiya yatırılması baxımından da əhəmiyyətlidir. Türkiyə Respublikasının Prezidenti onu da qeyd etmişdir ki, Qarabağ və Naxçıvanla bağlı problemləri aradan qaldırmaq üçün Türkiyə dövləti əlindən gələni edir və bundan sonra da edəcək.

Müttəfiq ölkələr geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində istifadə edir. Enerji ixracının planlaşdırılması və layihələşdirilməsi iki dövlət üçün də əlverişli olacaqdır. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir. Eyni zamanda, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq Azərbaycanın yeni neft layihələrinin həyata keçirilməsi, regional sabitliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə münasibətlərin daha da dərinləşməsində mühüm rol oynayır.

Bu gün dünya miqyasında dost və qardaş dövlətin güc mərkəzi olduğunu dəfələrlə bildirən Prezident İlham Əliyevin çıxışlarından da aydın olduğu kimi, nəinki yerləşdiyi bölgədə, həmçinin dünyada Türkiyənin iştirakı olmadan heç bir məsələ öz həllini tapa bilmir. Ölkələrarası hərbi-strateji planların müdafiə və hücum xarakterli olması isə regionun başlıca qüvvəsi olmaqda hər iki dövlətə əlverişli vəziyyət yaradır. Qeyd etmək lazımdır ki, iki ölkə arasındakı hərbi əlaqələrin inkişafına təkan verən ən önəmli amillərdən biri də birgə hərbi təlimlərin keçirilməsidir. Buna misal olaraq, "EFES", "Anadolu Ankası", "Qış Təlimi", "Anadolu Ulduzu", "Erciyes-2019", "Anadolu Qartalı", "Mustafa Kamal Atatürk", "Sarsılmaz Qardaşlıq", "TurAz Qartalı - 2019" və "Heydər Əliyev - 2020" təlimlərini göstərmək olar. Bununla yanaşı, Bakıda 2018-ci ildə "ADEX-2018" və İstanbulda 2019-cu ildə "İDEF-2019" beynəlxalq müdafiə sənayesi sərgilərinin təşkili hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafına təkan vermişdir.

Ümumiyyətlə, Qarabağ münaqişəsinin ilk günlərindən Türkiyə dövləti daim Azərbaycanın haqlı tələblərini yüksək tribunalardan açıq şəkildə müdafiə edib. Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxması tələbi ilə çıxış edərək ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində başlıca rol oynayıb. Münaqişənin həlli yolunun yalnız Azərbaycanın razılaşacağı şərtlər çərçivəsində qəbul edəcəyini bildirən Türkiyə bu məsələ öz ədalətli həllini tapmayana qədər Ermənistan ilə diplomatik münasibətlər qurmayacağı və heç bir iqtisadi əlaqə yaratmayacağı barədə öz prinsipial mövqeyini ən yüksək dövlət və hökumət nümayəndələri səviyyəsində dəfələrlə bəyan etmişdir. İşğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında BMT Təhlükəsizlik Şurasının, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə və çağırışlarına məhəl qoymayan Ermənistan nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhü təhdid edən ən böyük təhlükəyə çevrilmişdir. Bu baxımdan, Türkiyə-Azərbaycan müttəfiqliyi regionda təhlükəsizliyin, əmin-amanlığın təmin olunmasında mühüm amildir.

Nurlan ABDALOV,

"Respublika".