Azərbaycan və Türkiyədən olan din xadimləri Ağdama səfər ediblər
Digər xəbərlər

Azərbaycan və Türkiyədən olan din xadimləri Ağdama səfər ediblər

Türkiyənin Diyanət İşləri başqanı Ali Erbaşın rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib. Səfərdə qonaqları Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və idarə əməkdaşları müşayiət ediblər.

AZƏRTAC xəbər verir ki, yolboyu səfər iştirakçılarına ermənilər tərəfindən qurulan istehkamlar barədə məlumat verilib.

Həmçinin qeyd edilib ki, Ağdam rayonu üçtərəfli Bəyanata uyğun olaraq noyabrın 20-də Ermənistan tərəfindən tam boşaldılıb. Rayonun ərazisində keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış müdafiə istehkamları mürəkkəbliyi ilə seçilib. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi ilə Ermənistan kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur oldu, bu yerlər işğaldan itkisiz azad edildi.

Qonaqlar Ağdam Şəhidlər xiyabanında olublar. Burada Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında qətlə yetirilən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Ermənilər xislətlərinə uyğun olaraq, Şəhidlər xiyabanındakı qəbirlərin əksəriyyətini qarət məqsədilə qazaraq dağıdıblar.

Səfər iştirakçıları Milli qəhrəmanların da məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Din xadimləri Ağdam Cümə məscidi ilə də tanış olublar.

Nümayəndə heyətinə ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə məlumat verilib.

Qeyd edək ki, Azərbaycan və Türkiyədən olan din xadimlərini Ağdamda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov müşayiət edib.

 AZƏRTAC