Azərbaycan vətəndaşının mənafeyi, rifahı dövlətin prioritetidir
Sosial həyat

Azərbaycan vətəndaşının mənafeyi, rifahı dövlətin prioritetidir

Ölkəmizdə davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və çox böyük müvəffəqiyyətlə həyata keçirdiyi mühüm prioritetlərdən biridir. Bu, ölkə iqtisadiyyatının hərtərəfli, şaxələndirilmiş şəkildə inkişafını nəzərdə tutur. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin son 18 ildə həyata keçirdiyi siyasətin taktiki və strateji özəllikləri Azərbaycana böyük uğurlar qazandırıb. Məlum olduğu kimi, qlobal pandemiya dövründə iqtisadiyyat zərər görsə də, böhran ölkəmizin ümumi sosial-iqtisadi inkişaf tempinə təsir göstərə bilməyib. Ölkədə heç bir sosial layihə təxirə salınmayıb.

Belə ki, dövlət başçısının regionların sosial-iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq Sumqayıtda da davamlı infrastruktur və sosial layihələr uğurla həyata keçirilir.

Bu günlərdə  Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməli qoyulub. 2 hektar ərazini əhatə edən layihədə doqquz, on iki və on altı mərtəbəli 11 bina inşa olunacaq. Mənzillərin ümumi sayı isə 466-dır. Onlar studio tipli, 2, 3 və 4 otaqlı olacaq. Ərazidə həmçinin 90 yerlik uşaq bağçası da inşa ediləcək. Vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər tam təmirli olacaq. Mənzillər həmçinin mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz, elektriklə təmin ediləcək. Mənzillərin satışı həm güzəştli ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə aparılacaq.                                   

Ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən müasir memarlıq üslubunda çoxmənzilli yaşayış binalarının tikintisini təmin etmək baxımından bu layihə əhəmiyyəti ilə seçilir.

Qeyd edək ki, hazırda dünyada baş verən iqtisadi böhran fonunda ölkəmizdə  bu layihənin icrası Prezident İlham Əliyevin vətəndaşlarımızın sosial məsələlərinin həllinə diqqət, qayğı və həssaslıqla yanaşmasının növbəti təzahürüdür. Bu, bir daha sübut edir ki, Azərbaycan vətəndaşının sosial məsələlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayanır.

Bəli, Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi dərin islahatlar proqramı uğurla həyata keçirilməkdədir. İnnovativ təşəbbüslər, sistemli, strateji nəticəyə yönəlik uğurlu fəaliyyət son aylar ərzində islahatların sayını artırmaqla, onların sistemliliyini, ardıcıllığını təmin etməklə, ən əsası, bütün sahələrə yönəltməklə cəmiyyət həyatının rifahını yüksəldib. Dövlətimizin başçısı hər zaman aparılan islahatların davamlı və sistemli olduğunu deyir və bunu əyani şəkildə tətbiq edir.

Cəmiyyət və vətəndaşın rifahına xidmət edən islahatlar əsaslı dəyişikliklərin, yeniliklərin ifadəsidir. Burada əsas, güclü inkişaf edən Azərbaycan və onun rifah içərisində yaşayan vətəndaşı dayanır. Xalqın sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən islahatların nəticələrini vətəndaş öz üzərində hiss edir və bunu dövlət başçısının yüksək diqqət və qayğısı kimi qiymətləndirir. Heç şübhəsiz, çətin vəziyyətlərdə, hətta təbii fəlakətlər zamanı vətəndaş öz yanında Azərbaycan Prezidentini görür, onun qayğısını duyur. Bu isə, Prezident - xalq birliyini möhkəmləndirir. Vətəndaş bilir ki, ən ağır vəziyyətdə Prezident onun yanındadır.

Vurğulamaq lazımdır ki, Azərbaycan Prezidentinin davamlı şəkildə həyata keçirdiyi layihələr, islahatlar paketi  cəmiyyətimizdə inam və etimad mühitini formalaşdıran ən vacib amillərdəndir. Dövlət başçısının həyata keçirdiyi islahatlar sosial sifariş olaraq birbaşa əhalinin problemlərinin həllinə, onların rifahının yüksəlməsinə və layiqli həyat səviyyəsinin təmin olunmasına xidmət edir. Son zamanlarda imzalanan sosialyönümlü fərman və sərəncamlarla dövlətimizin başçısı bir daha sübut edir ki, Azərbaycan dövlətinin qarşısında onun vətəndaşının mənafeyindən, rifahından üstün heç nə yoxdur. Bütün bunlar isə ölkədaxili vəziyyəti və Azərbaycan Prezidentinin fəaliyyətini yüksək qiymətləndirməyi təmin edən amillərdir.

Nurəngiz ADİLQIZI,

“Respublika”.