AZƏRBAYCAN XALQININ TALEYİNDƏ MÜHÜM ƏHƏMİYYƏT KƏSB EDƏN TARİXİ GÜN
Siyasət

AZƏRBAYCAN XALQININ TALEYİNDƏ MÜHÜM ƏHƏMİYYƏT KƏSB EDƏN TARİXİ GÜN

15 oktyabr 2003-cü il gələcək zəfərlərimizin, uğurlarımızın və intibahımızın yeni mərhələsinin başlanğıcı oldu

2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı.

Azərbaycan xalqı 2003-cü ildə cənab İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Həmin kursa sadiqliyini nümayiş etdirən xalqımız ümummilli liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Xalqın iradəsi yerli və xarici ekspertlərin də diqqətini cəlb etdi. Dünya ölkələri cənab İlham Əliyevin Prezident seçilməsini çox uğurlu addım kimi qiymətləndirdilər və onunla rasional əməkdaşlığa hazır olduqlarını bəyan etdilər. Zəngin və qüdrətli Azərbaycan uğrunda çağırışı ilə milyonları öz ətrafında toplayan dövlət başçısı cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində tezliklə Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi daha sürətlə və uğurla həyata keçirilməyə başladı.

Xalqın bu ümummilli hədəflərə çatmaq arzusu cənab İlham Əliyevin növbəti prezident seçkisində də qalib gəlməsini şərtləndirdi. 2008-ci il yenə də oktyabrın 15-də xalq bir daha "Bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir", - bəyan edən Prezident cənab İlham Əliyevə səs verdi. 2008-ci ilin prezident seçkiləri ölkədə və dünyada böyük rezonans doğurdu. Çünki xalqın yenidən İlham Əliyevə etimad göstərməsi onun həyata keçirdiyi siyasətin uğurları ilə bağlı idi. İkinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevin fəaliyyəti, əslində, müasir Azərbaycanın inkişafına, tərəqqisinə yönələn fəaliyyətin konsepsiyasına çevrildi.

Müstəqilliyimizin qarantı, xalqımızın xilaskarı, ulu öndər Heydər Əliyevin siyasətinin davam etdiriləcəyini və ölkəmizin xoşbəxt gələcəyinə inandığını bildirən Prezident İlham Əliyev Ümummilli Liderin şah əsəri olan Azərbaycanı daha da gücləndirəcəyinə, hərtərəfli inkişaf etdirəcəyinə söz vermişdi. Ötən 19 ildə qazanılan uğurlar, Azərbaycanın dünya birliyində lider dövlətlərdən biri kimi tanınması o deməkdir ki, verilən vədlər yerinə yetirilir.

Tarixi Zəfərimizə yol açan 44 günlük Vətən müharibəsi dövründə 30-a yaxın xarici mətbuata müsahibə verən cənab İlham Əliyev Türkiyənin "A Haber" televiziya kanalının "Yəqin ki, Qarabağı azad etmək rəhmətlik atanızın vəsiyyətidir. Vəsiyyətini də yeri gəlmişkən Sizdən öyrənmək istərdik. Vəsiyyətini hazırda həqiqətən yerinə yetirirsiniz. Sizi də, Azərbaycan xalqını da Türkiyə xalqı adından təbrik edirik. Atanızın vəsiyyəti barədə nə söyləmək istəyirsiniz" sualını cavablandırarkən bildirmişdir ki, hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm: "Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır".

 Dövlət başçısı İlham Əliyev, eyni zamanda, bildirmişdi ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə, əlbəttə ki, müqayisə edilə bilməz: "Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir. Yəni, qısa desəm, atamın vəsiyyəti bundan ibarətdir. Əlbəttə ki, ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli vəzifədir. Biz buna nail olmaq üçün böyük səy göstərdik - siyasi, iqtisadi, diplomatik, hərbi. Bizim ordumuz faktiki olaraq yenidən quruldu".

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın "Dəmir yumruq" ətrafında sıx birləşməsi sayəsində 30 ilin nisgilinə, işğalına son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. 6 şəhər, 5 qəsəbə və 300-ə yaxın yaşayış məntəqəsini işğaldan azad edən, üçrəngli bayrağımızı bu ərazilərdə dalğalandıran Azərbaycan Ordusu noyabrın 8-də Qarabağın tacı Şuşamızı düşmən tapdağından azad etdi. Şuşanın işğaldan azad olunduğu gün dövlət başçısı cənab İlham Əliyevin Sərəncamı ilə Zəfər Günü kimi təsis olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini böyük qürurla bildirdi.

Zəfərə gedən yolumuza qısa nəzər salaq. "Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaqdır" tezisi ilə respublikaya rəhbərlik etməyə başlayan, Azərbaycanın inkişafının bazar iqtisadiyyatı, özəl sektorun formalaşması, sosial islahatların həlli, ordu quruculuğu, qaçqın və məcburi  köçkünlərin həyat səviyyəsinin yaxşılaşması ilə birbaşa bağlı olduğunu bildirən cənab İlham Əliyevin sərəncamı ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası, islahatların geniş sferada həyata keçirilməsi nəticəsində ölkəmizdəki dinamik inkişaf başqalarına nümunə göstərilir. Azərbaycanın inkişaf modelinin uğurları dünyada təbliğ olunur. Son illərdə texnoloji inkişafa böyük önəm verilmiş, qlobal layihələr icra edilmiş, Azərbaycan qüdrətli ölkə kimi dünyanın enerji və nəqliyyat mərkəzinə çevrilmişdir. 2017-ci ildə "Yeni əsrin müqaviləsi" imzalandı. 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, həmin ilin iyun ayında TANAP istifadəyə verildi, 2020-ci il dekabrın 31-də isə Cənub Qaz Dəhlizinin digər seqmenti olan TAP işə düşdü. Azərbaycan təşəbbüsləri gerçəkliyə çevirməklə regional inkişafın aparıcı qüvvəsinə və dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi.

Azərbaycanın iqtisadi müstəqilliyi siyasi müstəqilliyi üçün əsasdır. 2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilən Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə mühüm töhfələr vermiş və dünyada baş verən siyasi proseslərin fəal iştirakçısına çevrilmişdir.

Sosial, iqtisadi inkişafı ilə nümunə göstərilən Azərbaycan dəstəklənən xarici siyasəti ilə də beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətlərdən, diplomatik uğurlardan söz açan cənab İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü zamanı baş verən proseslərdən də söz açaraq bildirir ki, dünyada bizə rəğbət artır. Təsadüfi deyil ki, dünya birliyinin mütləq əksəriyyətini təşkil edən ölkələr bizə səs verirlər. Necə ki, 10 il bundan əvvəl səs veriblər, biz 155 ölkənin səsi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişik.

Beynəlxalq aləmdə mövqeyi möhkəmlənən Azərbaycan 120 ölkənin qərarı ilə üç il müddətinə, BMT-dən sonra ən nüfuzlu qurum olan Qoşulmama Hərəkatına sədrlik etməkdədir. Həmin müddətdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik də Azərbaycana nəsib olub. Yəni, eyni müddətdə Avropa və Şərq dövlətlərinin təmsil olunduğu hər iki təşkilata rəhbərliyin ölkəmizə həvalə olunması sivilizasiyalararası dialoq mərkəzinə çevrilən, Qərb ilə Şərqi birləşdirən Azərbaycana göstərilən yüksək etimad, vədinə sadiq dövlət başçısı kimi etibar qazanan cənab İlham Əliyevin nüfuzuna xüsusi ehtiramdır.

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın bütün sahələrdə qazandığı uğurların, Ermənistanın və ona havadarlıq edən dövlətlərin əsl simalarının təqdimatı oldu. 10 noyabr Bəyanatının imzalanması ilə Azərbaycanın tarixi Zəfəri təsdiqləndi. Azərbaycan Ordusu işğalçı dövlətə diz çökdürdü. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hazırlıq dövrü kimi xarakterizə edən dövlət başçısı cənab İlham Əliyev ordu quruculuğu sahəsində atılan addımların uğurlu nəticəsi kimi ordumuzun dünyanın ən güclü 50 ordusu sırasında yer almasını xüsusi qeyd etdi. Keçirilən hərbi paradlarda, Beynəlxalq Müdafiə sərgilərində Azərbaycan Ordusu hansı imkanlara malik olduğunu nümayiş etdirirdi.

Azərbaycanın bu illər ərzində demokratik istlahatlar sahəsində qazandığı uğurlar da təqdirəlayiqdir. Bütün demokratik təsisatların inkişafı istiqamətində mühüm addımlar atılıb. Söz, mətbuat azadlığı təmin edilib, insan hüquqlarının qorunması üçün yeni müdafiə mexanizmləri müəyyənləşdirilib, idarəçilik sistemində təkmilləşmə həyata keçirilib, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün Seçki Məcəlləsində təkmilləşmələr aparılır. 2003-cü ildə qəbul olunan Seçki Məcəlləsi bütün seçki proseslərinin, referendumun dünya standartlarına uyğun keçirilməsinə geniş imkanlar yaradır. Ölkəmizdə siyasi partiyaların, ictimai birliklərin fəaliyyəti üçün əlverişli mühit mövcuddur. Yeni "Siyasi partiyalar haqqında" qanunun qəbulu onlara fəaliyyətlərini genişləndirmələrinə stimul verir.

Əlbəttə, son 19 ilin bütün uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Görülən işlərə, verilən vədin konkret əməli işdə öz təsdiqini tapmasına xalqın dəstəyi bu illər ərzində keçirilən 2003, 2008, 2013 və 2018-ci illərin prezident seçkilərində cənab İlham Əliyevin qələbəsini təkrarlamasıdır. Xalqın böyük etimadını qazanan Liderə milyonların sevgisi ölçüyəgəlməzdir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində bu gün torpaqlarımız işğaldan azad edilmişdir. Şuşamız tez-tez qonaqlarını qarşılamaqla ən mühüm sənədlərin imzalanmasına, Cıdır düzündən dünyaya mesajların ünvanlanmasına şahidlik edir. Dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa 28 il əsarətdə olsa da, əyilmədi.

Cənab Prezidentin çıxışlarında söylədiyi "Bu gün əsl müstəqillik dövrüdür. Çünki bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər kəs görür ki, heç kim bizim işimizə müdaxilə edə bilməz. Nə qədər çalışsalar, nə qədər əlləşsələr, nə qədər yalan-böhtan yaysalar yapışmır bizə" fikirləri Azərbaycanın müstəqillik tarixində keçdiyi yolun aydın mənzərəsini yaradır. Cənab İlham Əliyevin çağırışları sırasında bu məqam xüsusi yer alır ki, gənclərimiz milli ruhda tərbiyə almalıdırlar.

Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsində torpağa, Vətənə bağlılıqlarını bir daha nümayiş etdirdilər. Bu gənclər cənab İlham Əliyevin Prezidentliyi dövründə yetişən gənclər idi. Bu günə qədər ən böyük problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin də tarixə qovuşmasına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna təşəkkürümüzü bildirir, şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik.

Bu gün ölkəmizin qarşısında yeni imkanlar açılıb. Cənab Prezidentin səyləri nəticəsində bütün hədəflərə nail olacaq, Qarabağımızı cənnət məkana çevirəcəyik. Bu gün Azərbaycan qalibdir! Müzəffər Ali Baş Komandan işğaldan azad edilmiş torpaqlarımıza qalib Lider kimi səfər edir. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır. Ulu Öndər 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində xalqa müraciətində demişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin dövlətçilik irsini inkişaf etdirərək yeni, modern Azərbaycan dövləti qurdu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün çıxışlarının mahiyyətində dayanan "Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Biz öz taleyimizin sahibiyik, biz müstəqil ölkəyik, biz azad xalqıq, biz dünya miqyasında öz layiqli yerimizi tutmuşuq və bundan sonra da müstəqillik, inkişaf yolu ilə gedəcəyik" tezisi dünənimizə və gələcəyə baxışdır.

Emin QASIMOV,

"Respublika".