Azərbaycan-YUNESKO əməkdaşlığının inkişaf etdirilməsində Beynəlxalq Bioetika Komitəsinin  rolu böyükdür
Digər xəbərlər

Azərbaycan-YUNESKO əməkdaşlığının inkişaf etdirilməsində Beynəlxalq Bioetika Komitəsinin  rolu böyükdür

Cəmiyyət həyatının bir çox tərəflərinin beynəlmiləlçiliyə, beynəlxalq əməkdaşlığın yeni formasının yaradılmasının zəruriliyini qarşıya qoyur. Elmi-texniki tərəqqi ona gətirib çıxarmışdır ki, inteqrasiya sistemi bütün ölkələrin iqtisadiyyatına daxil olur və xalqlar bir-birilə hərtərəfli əlaqəyə çağırış edirlər. Müstəqil dövlət şəklində inkişaf etmək həvəsi və bunun digər müstəqil dövlətlərlə əməkdaşlıq etmədən mümkün olmaması beynəlxalq qarşılıqlı əlaqələr zərurətini yaratdı ki, bu da ilk beynəlxalq hökumətlərarası təşkilatların meydana gəlməsi ilə müşayiət olundu. 

Bəşər sivilizasiyasının yeni bir inkişaf dövründə, XX əsrin sonlarında müstəqil dövlətçilik yoluna yenidən qədəm qoymuş Azərbaycan xalqı da azad, demokratik, hüquqi cəmiyyət quruculuğu yolu ilə irəliləyərək bütün dövlətlər və xalqlar ilə sülh, dostluq və əməkdaşlıq şəraitində yaşamaq, dünya birliyi ilə sıx inteqrasiya xətti tutduğunu bəyan etdi və hazırda da bu yola sadiqdir.

Bu əməkdaşlığın əsasını qoymuş, BMT tribunasından böyük dövlət başçıları arasında dəfələrlə çıxış etmiş ümummilli lider Heydər Əliyevin sözləri ilə desək: “Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz “.

Azərbaycan hələ XX əsrin 60-cı illərindən Sovet İttifaqının tərkibində olarkən YUNESKO-nun fəaliyyətində aktiv iştirak etmişdir. Sovetlər  dövründə Azərbaycanın YUNESKO ilə əlaqələrinin qurulmasında və inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. O, YUNESKO-nun Azərbaycan mədəniyyəti ilə bağlı təşkil etdiyi tədbirlərdə yaxından iştirak etmişdir. Təkcə bir faktı göstərmək kifayətdir ki, 1983-cü ildə Bakıda təşkil edilmiş “Şərq xalça sənəti” I Beynəlxalq Simpoziumu zamanı o vaxt Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü olan Heydər Əliyev YUNESKO-nun Baş Direktorunun xüsusi məsləhətçisi Federiko Mayorla görüşmüş və bu dostluq əlaqələri Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin YUNESKO ilə münasibətlərinə öz müsbət təsirini göstərmiş və beləliklə, Azərbaycanın təşkilatdakı uğurlarının təməli qoyulmuşdur.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 3 iyun 1992-ci il tarixində YUNESKO-ya üzv qəbul edilmişdir. Azərbaycanın YUNESKO ilə münasibətlərinin inkişafında vacib məqamlardan biri kimi 1993-cü ilin dekabr ayında ulu öndər Heydər Əliyevin Fransa Respublikasına rəsmi səfəri mühüm əhəmiyyət kəsb edir. Belə ki, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev YUNESKO-nun Baş Direktoru Federiko Mayorla görüşmüşdür. Görüş  zamanı Azərbaycan-YUNESKO əlaqələrinin genişləndirilməsi istiqamətində müzakirələr aparılmış, bu məqsədlə, Azərbaycanda YUNESKO üzrə Milli Komissiyanın yaradılması məsələsi gündəmə gəlmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 21 fevral 1994-cü il Sərəncamına əsasən, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılmış, respublikanın müvafiq nazirliklərindən, ziyalı və ictimaiyyətin nümayəndələrindən ibarət Milli Komissiyanın tərkibi və Daimi Katibliyi formalaşdırılmış, xarici işlər naziri Komissiyanın sədri təyin olunmuşdur.

Azərbaycan-YUNESKO əlaqələrinin inkişafında ən yaddaqalan və vacib məqamlardan biri 1996-cı ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 500 illik, 2000-ci ildə isə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileylərinin Azərbaycanda geniş şəkildə keçirilməsi ilə yanaşı, Parisdə YUNESKO-nun baş qərargahında da təntənə ilə qeyd edilməsi olmuşdur.

1996-cı ildə YUNESKO-nun Baş Direktoru Federiko Mayor, 2000-ci ildə YUNESKO-nun Baş Direktoru Koiçiro Matsuura Azərbaycana səfər etmiş və ulu öndər Heydər Əliyevlə görüşmüşlər. Görüşlərdə Azərbaycan-YUNESKO əlaqələrinin genişləndirilməsi istiqamətində mövcud imkanlar dəyərləndirilmiş, ikitərəfli əməkdaşlığın YUNESKO-nun bütün prioritet istiqamətlər üzrə davam etdirilməsi, təşkilatın qəbul etdiyi proqramlarda iştirak məsələləri, həmçinin bir sıra beynəlxalq hüquqi sənədlərə Azərbaycanın tərəf çıxması barədə fikir mübadiləsi aparılmış, genişlənən əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminlik vurğulanmışdır. Eyni zamanda, F.Mayorun Azərbaycana səfəri çərçivəsində 18 noyabr 1996-cı ildə Azərbaycan-YUNESKO arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Memorandumda Azərbaycana təhsil, mədəniyyət və digər sahələrdə yardımların göstərilməsi nəzərdə tutulurdu. Həmçinin sənəddə Azərbaycanın mədəniyyət abidələrinin mühafizəsi və bərpası sahəsində əməkdaşlıq məsələləri də öz əksini tapmışdı.

3 sentyabr 1997-ci ildə ölkə başçısı Heydər Əliyev YUNESKO-nun Baş Direktoru Federiko Mayora məktub ünvanlamışdır. O, məktubda sülh hüququ haqqında YUNESKO Bəyannaməsinin qəbul edilməsi təklifini təqdir etdiyini və Azərbaycan Respublikasının demokratik, hüquqi və dünyəvi dövlət olaraq yenə də öz siyasətini yalnız sülhün bərqərar olmasına doğru istiqamətləndirəcəyini vurğulamışdır.

BMT-nin Sivilizasiyalar Alyansı, YUNESKO, Avropa Şurası, AŞ-ın Şimal-Cənub Mərkəzi və İSESKO-nun dəstəyi ilə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında mədəniyyətlərarası dialoqun inkişafının nəzərdə tutulduğu Bakı Prosesinin davamı çərçivəsində respublikamızda həyata keçirilən tədbirlər sırasındadır. 2013-cü ildə sayca ikincisi təşkil edilən Forum çərçivəsində YUNESKO-nun Baş Direktoru İrina Bokova Azərbaycana səfər etmişdir. Forumun açılışında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, YUNESKO-nun Baş Direktoru İrina Bokova, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser, İSESKO-nun Baş Direktoru Əbdüləziz Osman ət-Tüveycri və digər rəsmi şəxslər çıxış edərək ksenofobiyanın aradan qaldırılması, etnik qarşıdurmanın, ayrı-seçkiliyin tam ləğv edilməsi üçün mədəniyyətlərarası dialoqun, mədəni müxtəlifliyin təmin olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etmişlər.   

2011-ci ildən etibarən hər il ənənəvi olaraq təşkil olunan Beynəlxalq Humanitar Bakı Forumu bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya gətirən tədbirdir.

Qeyd edək ki, Azərbaycan-YUNESKO münasibətlərinin inkişaf etdirilməsi sahəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban  xanım Əliyevanın gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Mehriban Əliyeva Azərbaycanın zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və tədqiqində xidmətlərinə görə  2004-cü ilin sentyabr ayında YUNESKO-nun şifahi və musiqi ənənələri sahəsində Xoşməramlı Səfiri adına layiq görülmüşdür. O, 1995-ci ildən etibarən Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xəttilə Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması istiqamətində uğurla fəaliyyət göstərmişdir. Mehriban xanım  Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu missiyanı daha da genişləndirərək elm, təhsil, mədəniyyət və digər sahələrin inkişafına köməklik göstərir, eyni zamanda beynəlxalq miqyasda davamlı inkişafa dəstək olaraq sülh quruculuğu istiqamətində xidmətlərini davam etdirir. Ölkəmizdə maddi və qeyri-maddi mədəni irsin qorunub saxlanılması, Azərbaycanda və xarici ölkələrdə tarixi, dini, mədəni abidələrin bərpası, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları və s. elmi, mədəni və sosial mərkəzlərin açılması sahəsində Heydər Əliyev Fondunun əməyi böyükdür. Dünya mədəniyyətinə qayğı və diqqətinə, həmçinin Azərbaycan mədəni irsinin yaşadılması sahəsindəki töhfələrinə görə Mehriban Əliyeva 2010-cu ildə YUNESKO-nun Baş Direktoru İrina Bokova tərəfindən Qızıl Motsart medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Milli Komissiyası YUNESKO-nun bütün prioritet istiqamətləri üzrə təşkilatla sıx əməkdaşlıq etməklə, həm yerli dövlət qurumları və institutları, həm də digər dövlətlərin milli komissiyaları ilə birlikdə çoxsaylı layihələr həyata keçirməkdədir.

2011-ci il may ayının 31-də Bakıda  YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası keçirilmişdir. Sessiyada müzakirə olunan məsələlər qlobal inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir. Bioetikanın əsasını təşkil edən tibb, biologiya, fəlsəfə və humanitar elmləri əhatə edən problemlər artıq neçə illərdir ki, bir çox mütəxəssisləri, dünya alimlərini, siyasətçiləri düşündürür. Müasir dövrdə tibb sahəsində keyfiyyət baxımından ciddi dəyişikliklər baş verir, səhiyyədə etik normalara riayət edilməsi əsas amil kimi nəzərdən keçirilir. Lakin son illər yeni texnologiyaların, bio və nanotexnologiyaların, gen mühəndisliyinin, atom energetikası və tibbin sürətli inkişafı nəticəsində çoxsaylı etik və hüquqi boşluqlar yaranmışdır. Belə boşluqların öyrənilməsi baxımından müxtəlif konfrans, forum və “dəyirmi masa”ların keçirilməsi dəstəklənməlidir.

Sessiyada vurğulanmışdır ki, hər bir insan öz ölkəsinin vətəndaşı olmaqla yanaşı, bəşəriyyət adlı bir ailənin üzvü olduğunu da yaxşı dərk etməlidir. Qloballaşma prosesi hamını böyük və ümumi bir məkanın sakinlərinə çevirmişdir. Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyasının iştirakçılarına ünvanlanmış məktubu oxunub. Məktubda Xanım bildirib ki, bu məkanda insanlar, dövlətlər və xalqlar arasında münasibətlər ədalət prinsipləri əsasında qurulmalıdır. Sabahı düşünürüksə, gələcək nəsillər qarşısında məsuliyyətimizi dərk ediriksə, bütün münasibətləri məhz etika və ədalət platformasında qurmağa çalışmalıyıq. Şübhəsiz ki, bu, uzunmüddətli prosesdir. Əminəm ki, humanizm və ədalət əsasında konstruktiv əməkdaşlığın qurulması məhz bu halda mümkün olacaq. Ümidvaram ki, bugünkü sessiyanın yekunları bioetikanın həm dünyada, həm bölgədə, həm də ölkəmizdə inkişafına xidmət edən önəmli bir addım olacaq.

Eyni zamanda YUNESKO-nun baş direktoru İrina Bokovanın videomüraciəti nümayiş etdirilib. Beynəlxalq Bioetika Komitəsinin (BBK) sədri Donald Evans sessiyada müzakirə olunan məsələlərin aktuallığını vurğulamışdır. Komitə sədri hazırda YUNESKO-ya üzv ölkələrin əksəriyyətində bioetika mərkəzlərinin fəaliyyət göstərməsini təqdirəlayiq hal kimi qiymətləndirmişdir. Bioetikanın inkişafı istiqamətində görülən işlərdən danışan D.Evans bildirmişdir ki, YUNESKO-ya üzv ölkələrdən BBK-ya daxil olan 36 nümayəndə son 25 ildə bu sahədə qazanılan nailiyyətləri inkişaf etdirir. Komitə sədri belə toplantıların və sessiyaların təşkil edilməsi baxımından Azərbaycanın YUNESKO-ya üzv ölkələr arasında yüksək nüfuza malik olduğunu demişdir.

Sonra sessiya öz işini “İnsan mənafeyinə və şəxsi toxunulmazlığa hörmət prinsipi: BBK-nın hesabat layihəsi”, “Ənənəvi tibbin etik təsirləri: ənənəvi tibbi tətbiq edən mütəxəssislərin dinlənilməsi” mövzularında müzakirələrlə davam etdirmişdir.

Müzakirələrdə Tibbdə Hüquq və Etika İnstitutunun direktoru, BBK-nın sədr müavini Şeyla Maklin təbii fəlakətlərin, gender məsələlərinin və digər mühüm amillərin insanların həssas vəziyyətə düşməsinə səbəb ola biləcəyini diqqətə çatdırmış, bu məsələnin komitənin hesabat layihəsində əks olunduğunu vurğulamışdır.

Digər çıxış edənlər bioetikanın inkişafını özündə ehtiva edən sənədin hazırlanmasının bir çox üstünlüklərinin olduğunu bildirmişlər. Qeyd etmişlər ki, bu istiqamətdə əsas diqqət BMT-nin Minilliyin İnkişaf Məqsədlərində nəzərdə tutulan müddəaların yerinə yetirilməsinə yönəldilməlidir. Bu baxımdan hökumətlər arasında əməkdaşlığın daha da gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Tibb sahəsində yeniliklərin tətbiqinə toxunan sessiya iştirakçıları səhiyyə xidmətinin keyfiyyətinin artırılmasının, bir çox xəstəliklərin tədqiqinin sürətləndirilməsinin vacibliyini vurğulamışlar. Təhsil sahəsində xüsusi fəaliyyət mexanizminin hazırlanması, hesabatın yekun hissəsinə ediləcək düzəlişlərin və əlavələrin gələcəkdə elm və texnologiyanın inkişafını ehtiva etməsinin və bundan irəli gələn prinsiplərin həyata keçirilməsinin zəruriliyi qeyd olunmuşdur.

Sessiyada 80-ə yaxın xarici qonaq, Azərbaycan hökumətinin nümayəndələri, elm xadimləri, eləcə də diplomatik korpusun nümayəndələri iştirak edib. Sessiyada YUNESKO-ya üzv olan müxtəlif ölkələrin bioetika üzrə ekspertlərinin maraqlı məruzələri dinlənilmiş, ənənəvi tibbin etik təsirləri, Şərqi Avropada bioetika, bioetika sahəsində YUNESKO bəyannamələrinin icrası kimi məsələlər geniş müzakirə edilmişdir. 

Azərbaycanda bioetika elminin tədrisinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Qeyd edək ki, ölkəmizdə bioetika elminin inkişafına xüsusi qayğı göstərən Mehriban xanım Əliyeva bu sahədə “Evtanaziya və tibbdə humanistlik problemi”, “Biz həyatı seçirik” kimi ilk sanballı elmi kitablar yazmışdır.

Bəybala  BƏYBALAYEV,

“Respublika”.