Azərbaycan zəlzələdən sonra Türkiyənin bərpasına töhfə verəcək
Türk dünyası

Azərbaycan zəlzələdən sonra Türkiyənin bərpasına töhfə verəcək

Ötən gün Türkiyə səhəri yenə güclü zəlzələ ilə açıb. Fövqəladə Halların İdarə Olunması Agentliyinin məlumatına görə, Kahramanmaraş şəhərində 5 bal gücündə zəlzələ baş verib.

Afterşokların davam etməsinə baxmayaraq, zəlzələ bölgəsində 21 mindən çox evin tikintisinə başlanılıb. Martın 3-dən etibarən 21 min 244 evin yenidən qurulmasına start verilib. Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib ki, daha 12 min 781 evin tikilməsinə dair müqavilə imzalanıb.

Ümumilikdə, Türkiyədə yenidənqurma xərcləri 100 milyard dollara çata bilər. Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankı açıqlama verib. Qurumun Türkiyə üzrə direktoru Arvid Tuerkner həmçinin bildirib ki, zəlzələlərin iqtisadi artıma mənfi təsiri təqribən 1 faiz olacaq.

Görünür, ağır günlər yaşayan Türkiyənin iqtisadiyyatı da gələcəkdə çətin sınaqdan keçəcək. Bununla belə, istər axtarış-xilasetmə, istərsə də dağıntıların aradan qaldırılması prosesində yaxından iştirak edən Azərbaycan yenidənqurma işlərində də qardaş ölkəyə dəstək olacaq. Bu məsələyə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə Kahramanmaraşda keçirdiyi mətbuat konfransında toxunmuşdu. XİN başçımız qeyd etmişdi ki, zəlzələ bölgəsinin bərpa-quruculuq işlərində Türkiyəyə kömək etmək birbaşa olaraq Prezident İlham Əliyevin tapşırığıdır. Prosesin sistemli şəkildə, Ankaranın ehtiyacına uyğun formada icra olunacağı da bildirilib.

Azərbaycan hökuməti qardaşına dəstəyi heç bir qarşılıq gözləmədən edir, indiki dövrdə türkiyəlilərə dəstək olmağı özünə borc bilir. Qardaş ölkənin səlahiyyətli şəxsləri də edilən yardımları yüksək qiymətləndirir. Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kayanın “Zəlzələ bir daha göstərdi ki, çətin zamanlarda birləşən xalqıq” deməsi də bunun sübutudur.

Dost dar gündə tanınar, deyiblər. Doğrudur, Azərbaycan-Türkiyə əlaqələri dostluqdan çox qardaşlıq səviyyəsindədir və tarixin məşəqqətli sınağından çıxdığı üçün sübuta ehtiyacı yoxdur. Bununla belə, Türkiyədə baş verən əsrin fəlakəti bir daha göstərdi ki, istər düşmən, istərsə də təbiət hadisələri iki ölkənin birliyinə, xalqların yaxınlığına xələl gətirə bilməz. Əksinə, fəlakətlər iki qardaşı bir-birinə daha çox yaxınlaşdırır.

Jalə QASIMZADƏ,

“Respublika”.