AZƏRBAYCANA MİSİLSİZ XİDMƏTLƏR
Sosial həyat

AZƏRBAYCANA MİSİLSİZ XİDMƏTLƏR

Heydər Əliyev ensiklopedik biliyə malik dahi bir şəxsiyyət idi. Ulu Öndər xalqımızın tarixini, ədəbiyyatını, mədəniyyətimizi incəliklərinə qədər gözəl bilirdi.

Hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın inkişafına və tərəqqisinə çalışmışdır. Məhz Heydər Əliyevin sayəsində həmin dövrlərdə bir çox dünya səviyyəli elm və mədəniyyət xadimləri yüksəkixtisaslı kadrlar yetişmiş, dövlətimiz inkişaf etmişdir. 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra Azərbaycan dövləti və xalqı çox çətin hərbi, siyasi, iqtisadi, sosial, mənəvi sınaqlara məruz qalmış, vətəndaş qarşıdurması və dövlətçiliyimizin dağılması təhlükəsi ilə üzləşmişdir.

Bugünkü inkişafımızın əsasları yalnız 1993-cü ilin iyun ayında siyasi hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyevin apardığı müdrik, uzaqgörən, uğurlu daxili və xarici siyasətin nəticəsində mümkün olmuşdur. Müasir Azərbaycan dövlətinin memarı, xalqımızın xilaskarı, görkəmli siyasi dövlət xadimi ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Respublikasını parçalanmaqdan, vətəndaş müharibəsi təhlükəsindən xilas etməsilə ölkəmizdə sabitlik bərqərar oldu. Ulu öndərimizin neft strategiyası, gərgin əməyinin məhsulu olan "Əsrin müqaviləsi" və onun həyata keçirilməsi iqtisadiyyatımızın möhkəmləndirilməsi üçün əsaslı zəmin yaratdı. Artıq Azərbaycanın enerji resursları dünyada analoqu olmayan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan, Bakı-Ərzurum qaz neft ixrac boru kəmərlərinin istismara verilməsi, tarixi İpək Yolunun bərpası, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi ilə beynəlxalq aləmdə Azərbaycan Cənubi Qafqazda iqtisadi sahədə lider ölkəyə çevrilib. Azərbaycan iqtisadiyyatının inkişafı qeyri-neft sektorunda da uğurla həyata keçirilir. Yeni-yeni sənaye obyektləri yaradılır, aqrar sahənin inkişafı üçün tədbirlər hazırlanıb həyata keçirilir, infrastruktur yenidən qurulur. Azərbaycan dövləti bütün sahələrdə azərbaycançılığa və milli maraqlara söykənən müstəqil siyasət həyata keçirir.

"Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramları" uğurla həyata keçirilir. Ulu öndərin davamçısı İlham Əliyevin fəaliyyətinin nəticələri digər regionlar kimi, Şəmkir rayonunda da bəhrəsini verməkdədir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Şəmkir SES silsiləsi, Kür qəsəbəsi, Yeni kənd SES, Sarıtəpə kənd, üzüm emalı zavodları, şampan şərabı zavodu, cihazqayırma zavodu, quşçuluq fabriki tikilmişdir. Digər sənaye müəssisələri yaradılmaqla kənd və qəsəbələrimiz öz simasını dəyişmiş, çoxsaylı yaşayış evləri tikilmiş, park və xiyabanlar salınmışdır. Ulu öndər dəfələrlə Şəmkirdə olmuş və hər səfərində şəmkirlilərin dövlətə sadiqliyini xüsusilə vurğulamışdır.

Ulu Öndər çıxışlarının birində demişdir: "Mən xalqıma arxalanıram, ömrümün qalan hissəsini də xalqıma bağışlayıram". Bu gün ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin qətiyyəti, yüksək intellektual potensialı sayəsində Azərbaycan regionda lider dövlətlərdən birinə çevrilmişdir. Ölkə iqtisadiyyatı yüksələn templə inkişaf edir. Əhalinin maddi rifah halının yaxşılaşması daim diqqətdə saxlanılır. Respublikamızda aparılan bütün islahatlar ulu öndər siyasətinin davamı kimi qiymətləndirilir. Dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması hər bir azərbaycanlının sevincinə səbəb olmuşdur.

Firuzə İMANOVA,

Şəmkir şəhər Cahangir Rüstəmov

adına tam orta məktəbin direktoru.