AZƏRBAYCANDA ÇAĞDAŞ DÖVRÜMÜZÜN ƏN MÜTƏRƏQQİ TEXNOLOGİYALARI  TƏTBİQ OLUNUR
SİYASƏT

AZƏRBAYCANDA ÇAĞDAŞ DÖVRÜMÜZÜN ƏN MÜTƏRƏQQİ TEXNOLOGİYALARI  TƏTBİQ OLUNUR

Dövlət başçısı cənab İlham Əliyevin Sumqayıtda açılışını etdiyi müəssisələr ölkəmizin iqtisadi inkişafında mühüm əhəmiyyət daşıyır

Hazırda dövlətimizin iqtisadi siyasətinə uyğun olaraq, respublikamızda sənaye parklarının yaradılması prosesi uğurla davam etdirilir. Başlıca məqsəd dünyada tətbiq edilən ən müasir və mütərəqqi texnologiyaların istifadəsi ilə qeyri-neft sektorunun ixrac potensialının artırılması, istehsal proseslərinin genişləndirilməsi, idxalı əvəz etməyə imkan verən rəqabətqabiliyyətli məhsulların istehsalının artırılması, habelə yeni ixrac imkanlarının yaradılmasıdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu strateji xəttin davam etdirilməsi baxımından yeni, müasir tələblərə və standartlara tam cavab istehsal və emal sənaye müəssisələrin yaradılması çox önəmlidir. Ümumiyyətlə, cənab İlham Əliyevin rəhbərliyi altında son illər ərzində milli iqtisadiyyatımızın qeyri-neft sektoru davamlı sürətdə artır, qeyri-neft ixrac əməliyyatlarının həcmi genişlənir. Rəsmi məlumatlara əsasən, cari ilin səkkiz ayı ərzində ixracın qeyri-neft sektoruna düşən payın dəyəri 1,58 milyard dollar təşkil etmişdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,1% artıma nail olunması deməkdir. 2021-ci ilin sonuna qədər isə qeyri-neft ixracının 2 milyard dolları üstələyəcəyi proqnozlaşdırılır.

Artıq Azərbaycanda beş sənaye parkı fəaliyyət göstərir. Cənab İlham Əliyevin 2021-ci ilin mayında imzaladığı Fərmanla yaradılan Ağdam Sənaye Parkı da istismara verildikdən sonra bu mühüm sənaye klasterlərin sayı altıya çatdırılacaq. Həmçinin qeyd etmək lazımdır ki, Cənubi Qafqazda ən böyük, Azərbaycanda isə ən birinci sənaye parkı Sumqayıt Kimya Sənaye Parkıdır. Burada 5500-ə yaxın insan daimi işlə təmin olunub. Kimya Sənaye Parkında iyirmi dörd sahibkarlıq subyekti rezidentlik statusuna malikdir, on yeddisi isə artıq öz istehsal fəaliyyətinə start verib. Yaxın perspektivdə isə daha yeddi rezident bu prosesə qoşulacaq. Sənaye Parkında rəqabətqabiliyyətli məhsulların istehsalı həyata keçirilir. Həmçinin ixrac istiqamətində müsbət dinamika müşahidə olunur. Məsələn, 2021-ci ilin birinci yarısında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 49% daha çox məhsul istehsal edilib ki, bu da 47% daha çox ixrac məhsulların xarici tərəfdaşlara satılması deməkdir.

Məlumdur ki, ölkəmizdə sənayeləşmə prosesi qəbul edilən konkret inkişaf proqramlarına uyğun şəkildə və  ardıcıl surətdə davam etdirilir. Artıq qeyd etdiyimiz kimi, qeyri-neft sektorunun, o cümlədən də onun mühüm ayrılmaz hissəsi olan sənayeləşmənin inkişafı Prezident cənab İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin başlıca istiqamətlərindəndir. Dünyanı cənginə almış COVİD-19 pandemiyası və qlobal iqtisadi-maliyyə problemlərinə baxmayaraq, Azərbaycanda bu sahədə irimiqyaslı işlər həyata keçirilir. Milli iqtisadiyyatımızın digər sahələri ilə bərabər, sənayenin inkişafına böyük əhəmiyyət verilir, mövcud təbii və iqtisadi resursların səmərəli şəkildə istehsala cəlb olunması, ən mütərəqqi və qabaqcıl texnologiyaların daha geniş şəkildə tətbiq edilməsi məqsədilə sistemli tədbirlər həyata keçirilir.

Qeyri-neft sektorunun inkişafı və sənayeləşmə siyasətinə uyğun olaraq, Azərbaycanda daxili tələbatın ödənilməsində yerli istehsal olan məhsulların payını əhəmiyyətli dərəcədə artıran və ixrac imkanlarımızı genişləndirən çoxsaylı sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır və fəaliyyət göstərir. Sumqayıt Kimya Sənaye Parkında istismara verilən “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyəti də belə müəssisələrdən biridir. Həmin müəssisə Sumqayıt Parkında fəaliyyətə başlayan sayca on yeddinci rezidentdir. Burada istifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası aparılacaq, nəticədə propilen və yüksək sıxlıqlı polietilen, qurğuşun külçə, qurğuşunlu aktiv kütlə və ammoniumsulfat məhlulu əldə olunacaq. “Azmonbat”da bir sıra ölkələrin qabaqcıl texnologiyaları tətbiq edilir. 100 nəfərin daimi iş yeri ilə təmin edildiyi bu  müəssisədə istehsal olunan məhsullar həm daxili bazarın tələbatını ödəyəcək, həm də Türkiyə, Bolqarıstan və MDB ölkələrinə ixrac ediləcək.

Sirr deyil ki, respublikamızda ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən ekoloji siyasət son illərdə vüsət almış və dövlət başçısı cənab İlham Əliyev buna xüsusi önəm verir. Ekoloji məsələlərin ümumbəşəri bir problem olduğunu hər zaman  qeyd etmiş cənab Prezident bu sahədə uzun müddət ərzində yığılıb qalmış problemlərin həllinə böyük diqqət yetirir. Belə ki, son 10 il ərzində həyata keçirilən Azərbaycanın ekoloji strategiyası ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, indiki və gələcək nəsillərin maraqlarını təmin edən ölkənin  iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təminatına yönəlmişdir.

Cənab İlham Əliyev yeni açılan istehsal müəssisələrinə ekoloji təhlükəsizliyin qorunmasına diqqətlə yanaşılmasını tələb edir. Bu baxımdan  “Azmonbat” MMC-nin fəaliyyəti nümunəvi sayıla bilər. Məsələ burasındadır ki, bu istehsal müəssisəsində 30 min ton akkumulyator utilizasiya etmək gücündə avadanlıqlar və emal xətti quraşdırılıb. Bu, orta hesabla 800 min ədəd akkumulyator deməkdir ki, ondan da 15 min ton qurğuşun və 4,5 min ton gübrə almaq mümkündür. İstehsal prosesi ətraf mühitə zərər vurmadan, ekoloji standartlara tam cavab verir. Beləliklə, tam əminliklə deyə bilərik ki, istifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyasının təşkili həm də xüsusi əhəmiyyətli ekoloji layihədir.

Keyfiyyətli və fasiləsiz elektrik enerjisi təminatı bu gün ölkəmizin iqtisadi artımında böyük rol oynayır. O, bütün müasir istehsalat proseslərində zəruridir. Əlbəttə, elektrik enerjisinin istehsalı lazımi səviyyədə olmalıdır ki, Azərbaycan iqtisadiyyatının artan tələbatını ödəsin. Sadəcə generasiya güclərinin artırılması əksər hallarda etibarlı və dayanıqlı enerji təminatı baxımından məsələnin optimal həllini təmin etmir. Ancaq düşünülmüş siyasət nəticəsində bu istiqamətdə görülən hərtərəfli, kompleks tədirlərin həyata keçirilməsi nəticəsində respublikamızda elektroenergetika sahəsinin tələb olunan inkişafına nail olmaq mümkün olub. Son illərdə Azərbaycanda enerji sistemin maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkəmizin enerji potensialının daha da artırılması, yeni elektrik stansiyaları və yarımstansiyaların inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması istiqamətində çox mühüm layihələr həyata keçirilib.

Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin iştirakı ilə sentyabrın 3-də daha bir mühüm obyektin açılışı olub. Söhbət enerji sistemin Reabilitasiya Proqramı çərçivəsində inşa olunan “Sumqayıt” Elektrik Stansiyasının yeni estakada nasos stansiyasından gedir.

Azərbaycan Prezidentinin tapşırığına əsasən 2018-ci ilin sonundan Enerji sistemin Reabilitasiya Proqramının qəbul edilərək icrasına başlanılması bu istiqamətdə həyata keçirilən işlər arasında xüsusi əhəmiyyəti ilə seçilir. Belə ki, bu Proqramın icrasına vaxtında başlanaraq təcili işlər görülməsəydi 2019-cu və 2020-ci illərin yay aylarında artan tələbatın, həmçinin Kür və Xəzərdə su səviyyəsinin kəskin aşağı düşməsinin fonunda enerji sistemdə problemlər yarana bilərdi. Ümumiyyətlə, proqram çərçivəsində on iki elektrik stansiyasında və iyirmi üç yarımstansiyada yenidənqurma, təmir və bərpa işləri yerinə yetirilib.

Son illərdə Xəzər dənizində suyun səviyyəsinin 1,7 metrə qədər aşağı düşməsi “Sumqayıt” Elektrik Stansiyasının soyutma suyunun götürülməsində ciddi problem yaratmaqla yanaşı, stansiyanın avadanlıqlarının da tədricən sıradan çıxmasına səbəb olmuşdu. Yaranmış vəziyyətlə, xüsusilə dənizdə su səviyyəsinin düşməsi ilə əlaqədar il ərzində bir neçə dəfə qəza açılmaları baş vermişdi.

Reabilitasiya Proqramı çərçivəsində “Sumqayıt” Elektrik Stansiyasında əsas avadanlıqlar, generatorlar və digər qurğular əsaslı təmir olunub. Bununla yanaşı, stansiyanın mövcud su nasos stansiyası da əsaslı şəkildə yenidən qurulub. Aparılan yenidənqurma və əsaslı təmir işləri stansiyanın etibarlı və səmərəli fəaliyyətinə müsbət təsir göstərib. Belə ki, elektrik enerjisinin istehsalına sərf olunan şərti yanacağın həcminin azalması nəticəsində ildə 10 min ton yanacağa qənaət ediləcək. Stansiyanın əsaslı təmirdən sonra yükartımı 20 meqavat olub.

Dövlətimizin başçısı “Sumqayıt” Elektrik Stansiyasının yeni estakada nasos stansiyasını işə saldı.

Yeri gəlmişkən,  Xəzər dənizində suyun səviyyəsinin düşmə prosesi dayanmayıb və bu gün də hələ də davam edir. Bu isə o deməkdir ki, stansiyanın avadanlıqlarının uzunmüddətli istismarını təmin etmək üçün, onların dayanıqlığı və daim işlək vəziyyətdə olması zərurəti nəzərə alınmaqla, təxirəsalınmaz irimiqyaslı işlərə başlanılıb. Belə ki, dənizin içərisinə doğru, 5 metr dərinlikdən soyuq suyun götürülməsinə imkan verən 750 metr məsafədə estakada, həmçinin yeni su nasos stansiyası tikilib. Bununla da stansiyanın soyuducu su təchizatının etibarlılığı təmin edilib və ən əsası stansiyanın fəaliyyətinin dayanmasının qarşısı alınıb. Yeni qurulmuş estakada üzərində tikilən və elektrik stansiyasını xüsusi üsulla soyuq su ilə təmin edən yeni nasosxana istilik energetikası sahəsində ilk təcrübə kimi dəyərləndirilməlidir.

Azərbaycanın hərtərəfli uğurları, yüksək inkişaf dinamikası ölkəmizin gələcəkdə daha yüksək zirvələri fəth edəcəyindən əminliklə danışmağa əsas verir. İqtisadiyyatın hər bir sahəsində olduğu kimi, elektroenergetika sahəsində də respublikamız dünya səviyyəsinə yüksəlir. Bu sahədə aparılan düzgün siyasi kurs, icra olunan proqramlar və layihələr yüksəlişin davamlı olacağını şübhəsiz edir.

Emin QASIMOV,

“Respublika”.