Azərbaycanda  çəltik  sahələrindən yüksək  məhsuldarlıq əldə  olundu
İQTİSADİYYAT

Azərbaycanda  çəltik  sahələrindən yüksək  məhsuldarlıq əldə  olundu

Azərbaycanda ənənəvi bitkiçilik   sahələrindən olan və əhalinin ərzaq   təminatında  mühüm   rol oynayan  çəltiyə   son  illər   maraq   daha  da  artıb. Kənd  Təsərrüfatı  Nazirliyinin   mətbuat  xidməti   bildirir   ki, artıq  bu  il   ölkədə  çəltik   biçini   başa   çatıb. 2022-ci ildə respublikanın 9 rayonunda   çəltik əkini   aparılıb. Çəltik   əkinlərinin   ümumi   sahəsi 3194,25 hektar    təşkil edir. Ən  çox  Lənkəran (802,3 hektar), Ağdaş (681 hektar) və Ucar (678 hektar) rayonlarında çəltik əkilib.

İndiyədək sahələrdə 11558 ton məhsul yığılıb. Hazırda çəltik üzrə orta   məhsuldarlıq hər hektardan 36,2 sentner təşkil   edir. Bu, ötən  ilin yekun orta  məhsuldarlıq  göstəricisindən 1,4 sentner çoxdur. Bu il respublikada 2021-ci ilə nisbətən 858 ton daha çox məhsul istehsal olunub.

Qeyd   edək  ki, çəltikçilik ölkənin   ərzaq  təhlükəsizliyi    zəncirində   önəmli  yer  tutur   və  çəltik   bitkisi   Azərbaycanda   ənənəvi  becərilən bitki hesab  olunur. Son illər  respublikada  çəltikçiliyin  inkişafına böyük önəm verilməklə bu sahəyə dövlət  dəstəyi daha da gücləndirilib, əkin sahələrinin  və məhsul  istehsalının  artırılması  ilə bağlı  bir  sıra  zəruri tədbirlər həyata  keçirilib. Aqrar  Subsidiya  Şurasının   qərarına   əsasən, çəltik  becərilən sahənin  hər  hektarına   görə, fermerlərə 360 manat  əkin subsidiyası verilir.

Bu il ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat  İnstitutu  tərəfindən çəltiyin yüksək məhsuldar, xəstəlik və  zərərvericilərə davamlı sortlarının yaradılması, introduksiyası, yerli şəraitə adaptasiyası və toxumçuluğunun təşkili istiqamətində tədqiqat işlərinə başlanılıb və institutda “Çəltik bitkisinin seleksiyası və becərmə texnologiyası” şöbəsi  yaradılıb. Həmçinin, çəltiyin    seleksiyası və toxumçuluğuna dair tədqiqat işlərinin aparılması üçün Lənkəran rayonu  ərazisində lazımi infrastruktur  yaradılıb.

2020-ci ildən  Əkinçilik   Elmi-Tədqiqat   İnstitutunda 2020-2024-cü illər  üçün  çəltiyin  seleksiyasına  dair təsdiq olunmuş mövzu planına əsasən Lənkəran   bölgəsində   seleksiya  tədqiqatları  həyata  keçirilir. Lənkəranda  hər il 1,0-1,5 hektar sahədə   toxumluq  məqsədilə “Avanqard” sortunun     super   elit reproduksiyalı  əkini aparılır və 2,5-3,0 ton  elit  toxumu istehsal edilərək bölgə fermerlərinə  verilir.

Nəriman CAVADOV,

“Respublika”.