Azərbaycanda idmanın inkişafı davamlı xarakter alır
İdman

Azərbaycanda idmanın inkişafı davamlı xarakter alır

Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev çıxışı zamanı ötən il ölkə həyatında uğurlu nailiyyətlərin əldə olunduğunu diqqətə çatdıraraq, hər il olduğu kimi, keçən il də bütövlükdə ölkə miqyasında görülmüş işləri yüksək qiymətləndirdi.

Azərbaycan Prezidenti görüşdə deyib: "Gənc idmançıların hazırlanması əlbəttə ki, mütəşəkkil qaydada təmin edilməlidir. Son vaxtlar bu sahədə daha məqsədyönlü fəaliyyət də göz önündədir, xüsusilə seleksiya işləri. Bölgələrdə keçirilmiş çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacaq…

Əlbəttə ki, idmana dövlət dəstəyi - bunun da xüsusi əhəmiyyəti var. Biz bunu Azərbaycanın timsalında görmüşük ki, idmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə, əlbəttə, nəticələr də olacaq".

Bəli, bu gün Azərbaycan idmanı yüksək inkişaf dövrünü yaşayır. Bu isə ilk növbədə ulu öndər Heydər Əliyevin xidmətidir. Ümummilli lider Azərbaycana hələ birinci rəhbərliyi dövründə bütün sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idmanın da inkişafına xüsusi diqqət yetirib, onun gələcək perspektivləri ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilib. Həmin dövrdə yeniyetmə və gənclər arasında idmanın kütləviliyinin təmin olunması vacib istiqamətlərdən biri kimi qiymətləndirilirdi. Respublikanın şəhər və rayonlarında idman komplekslərinin, qurğuların, zalların tikintisi, meydançaların inşası, böyük idman-sağlamlıq mərkəzlərinin yaradılması əhalinin, xüsusən gənclərin bu sahəyə marağının artmasında həlledici rol oynadı.

Qeyd edək ki, ötən əsrin 70-ci illərində təkcə paytaxt Bakıda 250 idman meydançası və şəhərciyi salınmışdı. Həmin dövrdə möhtəşəm idman sarayı inşa edildi, onlarla uşaq-gənclər idman məktəbləri fəaliyyətə başladı. Heydər Əliyev dönə-dönə qeyd edirdi ki, xalqımızın sağlamlığını təkcə səhiyyə vasitəsilə yox, eyni zamanda, bədən tərbiyəsi ilə qoruyub saxlamalı, möhkəmləndirməliyik. Ümummilli lider bədən tərbiyəsinin geniş vüsət aldığı yerdə yüksək idman nəticələrinin də olacağını vurğulayırdı.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi ilk dövrlərdə - 1991-1993-cü illərdə ölkəmiz böyük problemlərlə qarşılaşanda xalqımız üzünü Heydər Əliyevə tutdu. Ulu öndərin xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan xalqı, dövlətçiliyi parçalanmaqdan xilas edildi, tariximizin, bərpa olunmuş müstəqilliyimizin yeni dövrü başlandı. Dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilən idmanın və bədən tərbiyəsinin inkişafı ilə bu sahədə yüksəlişin əsası qoyuldu. Heydər Əliyev öz xalqının idmana meylini yüksək dəyərləndirirdi: "Xalqımız, millətimiz genetik xüsusiyyətlərinə görə fiziki cəhətdən sağlam insanlardan ibarət olan xalqdır, millətdir. Fiziki sağlamlıq və fiziki güc mənəvi sağlamlıqla bərabər, Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir. Amma bu xüsusiyyət həmişə bizim daxilimizdə qalıbdır. Keçmiş dövrlərdə də, əsrlərdən-əsrlərə pəhləvanlarımız da, güləşçilərimiz də, oxatanlarımız da, fiziki imkanlarını cürbəcür oyunlarda nümayiş etdirənlərimiz də olubdur. Ancaq məlum olan səbəblərə görə, bunlar yalnız öz ölkəmizin çərçivəsində qalıb, dünya miqyasına çıxmayıbdır. İndi isə xalqımızın, millətimizin bu imkanlarını dünyada nümayiş etdirmək fürsəti almışıq. Bu, böyük hadisə, böyük nailiyyətdir. Şəxsən mən bununla fəxr edirəm. Hesab edirəm ki, Azərbaycanın hər bir vətəndaşının bununla fəxr etməyə haqqı var".

Ümummilli lider Heydər Əliyev idmançıların cəmiyyət həyatındakı rolunun artmasına, özlərinə layiqli yer tutmalarına xüsusilə diqqət yetirirdi. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldı. Azərbaycanda idmanın kütləviliyinin təmin olunması, bu sahənin tərəqqisi, dünyaşöhrətli idmançıların hazırlanması ilə bağlı görülən işlər böyük vüsət aldı.

Heydər Əliyevin müdrik rəhbərliyi, uzaqgörən siyasəti sayəsində Azərbaycan qısa zamanda mühüm nailiyyətlər qazandı. Eləcə də bədən tərbiyəsi və idman sahəsində də möhtəşəm qələbələr əldə edildi. Azərbaycan ilk dəfə 1996-cı ildə Atlanta Olimpiadasında 23 idmançı ilə iştirak etdi və 197 ölkə arasında 61-ci yeri tutdu. Bu, beynəlxalq Olimpiya hərəkatında ilk nailiyyətimiz idi. Ulu Öndər qeyd edirdi ki, idman sahəsində, beynəlxalq yarışlarda əldə olunan nailiyyətlərin qiyməti Azərbaycan xalqının təkcə fiziki cəhətdən yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirməkdə deyil, həm də müstəqil Azərbaycan Respublikasını dünyada tanıtmasındadır.

Azərbaycan bu gün bütün sahələrdə tərəqqi, yüksəliş dövrü yaşayır. Ümummilli lider Heydər Əliyevin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası onun layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük qətiyyət və inamla davam etdirilir. Şübhəsiz, idman da diqqət mərkəzindədir və əldə edilən qələbələrin sayı getdikcə artır. 1997-ci ildə İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi ilə ölkəmizdə idmanın inkişafında yeni mərhələnin başlanğıcı qoyuldu. Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. 2000-ci ildə Azərbaycan idmançıları Sidneydə təşkil olunan Yay Olimpiya Oyunlarında iki qızıl və bir bürünc medal qazanaraq ümumi nəticədə 199 ölkə arasında 34-cü yeri tutdular. İdmançılarımızın hər dəfə beynəlxalq arenalarda böyük qələbələr əldə etmələri, Azərbaycan bayrağını ucaltmaları dövlətimizin nüfuzunu daha da artırdı.

Dövlət başçısı İlham Əliyev tərəfindən id

mançılara göstərilən diqqət və qayğı onları daha böyük qələbələr qazanmağa sövq edir. Bakı ilə yanaşı, rayonlarda da idmanla məşğul olmaq üçün yaradılmış şərait gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın daha da kütləviləşməsinə xidmət edir. Bu sahədə qazanılan parlaq nəticələr ölkəmizdə idman siyasətinin düzgün qurulduğunu bir daha təsdiq edir. Azərbaycanın idman sahəsində qazandığı böyük uğurlar beynəlxalq idman təşkilatlarının diqqətini cəlb edib. Buna görə də onlar nüfuzlu beynəlxalq turnirlərin keçirilməsi hüququnu tərəddüd etmədən Azərbaycana həvalə edirlər. Son illərdə ölkəmizdə beynəlxalq turnirlər, dünya və Avropa çempionatları təşkil edilib. İlk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi mötəbər yarışların Azərbaycanda böyük uğurla təşkili bunun əyani sübutudur. Qeyd etməliyik ki, I Avropa və IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkilində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın əvəzolunmaz xidmətləri olmuşdur. Məhz Mehriban xanımın yüksək təşkilatçılıq qabiliyyəti sayəsində bu oyunların səs-sorağı bütün dünyaya yayıldı.

Bildiyimiz kimi, 6 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdu. Bu, tarixi qələbə idi və ötən il Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görüldü. Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir. Çünki İslam Həmrəyliyi Oyunlarında rəqabət çox böyük idi, demək olar ki, bütün komandalar əsas heyətlə təmsil olunurdu. Gərgin mübarizə zamanı 4-cü yeri tutmaq əlbəttə ki, böyük qələbə, nailiyyətdir.  

Respublikamızda idman sahəsində qazanılan nailiyyətlər həm də dövlətimizin ümumi inkişaf səviyyəsini göstərir. Diqqət etsək görərik ki, idman dünya ölkələrinin iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi həm də siyasi təbliğat məzmunu da daşıyır. Əldə etdiyimiz medallar, geniş idman infrastrukturu, ölkəmizin mötəbər idman tədbirlərinə uğurla evsahibliyi etməsi, Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi imicinin formalaşması bu sahədə nailiyyətlərimizin əsasını təşkil edir.

Bütün sahələrdə dinamik inkişaf edən, dünyada söz-nüfuz sahibinə çevrilən və qabaqcıl ölkələr arasında layiqli yer tutan qüdrətli Azərbaycan dövlətinin uğurları getdikcə artır. Bütün bunlar ulu öndər Heydər Əliyevin müəllifi olduğu uğurlu inkişaf strategiyası sayəsində mümkün olub. Bu gün ölkəmizin idman ictimaiyyəti əmindir ki, ulu öndər Heydər Əliyevin layiqli varisi Prezident İlham Əliyevin Azərbaycanın inkişafına xidmət edən siyasi xətti idmanımızın da tərəqqisinə böyük töhfələr verəcək.

Prezident İlham Əliyevin beynəlxalq yarışlarda iştirak etmiş idmançıları hər dəfə qəbul etməsi, onlarla səmimi söhbətlər aparması, təmsil olunduqları federasiyalara maliyyə dəstəyinin edilməsi haqqında sərəncamlar imzalaması bir daha dövlət başçısının idmana və idmançılara olan diqqət və qayğısını nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: "Hər dəfə beynəlxalq yarışlarda idmançılarımız qələbə qazananda əminəm ki, hər bir vətənpərvər insan qürur hissi keçirir, hər dəfə bayrağımız qaldırılanda hər birimiz sevinirik. Qələbələr xalqımıza yaraşır, həm döyüş meydanında, həm idman arenalarında. Əminəm ki, Azərbaycan idmançıları bundan sonra da beynəlxalq yarışlarda Vətənimizi ləyaqətlə təmsil edəcəklər".

Nurəngiz ADİLQIZI,

"Respublika".