Azərbaycanda idmanın inkişafında Milli Olimpiya Komitəsinin fəaliyyətinin böyük təsiri olub
İdman

Azərbaycanda idmanın inkişafında Milli Olimpiya Komitəsinin fəaliyyətinin böyük təsiri olub

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) bu il 30 illik yubileyini qeyd edir. Milli Olimpiya Komitəsi ötən müddət ərzində çətin və şərəfli bir yol keçib, yüksək uğur və nailiyyətlərə imza atıb. MOK idmanın və Olimpiya Hərəkatının, olimpizmin, Olimpiya ideallarının inkişafı və təbliği istiqamətində özünəməxsus dəst-xətti ilə dünya idmanında yeni bir səhifə açmağı bacarıb. Azərbaycan Milli Olimpiya Komitəsi çoxşaxəli və səmərəli fəaliyyətini bu gün də uğurla davam etdirir.

Azərbaycan Milli Olimpiya Komitəsi müstəqilliyin nəticəsi kimi yaranmışdı. İlk illər çox çətin və mürəkkəb idi. Ümumiyyətlə, həmin dövrdə respublikada vəziyyət elə də ürəkaçan deyildi. Həmin ərəfədə Ermənistanın Azərbaycana qarşı təcavüzü başlamışdı, ölkəmizdə hələ hakimiyyət, dövlət qurumları formalaşmamışdı. Bu hal təkcə bizdə deyil, bütün postsovet ölkələrində də belə idi. Buna görə də Barselonada 1992-ci ildə heç bir postsovet ölkəsi müstəqil dövlət kimi iştirak edə bilmədi. Azərbaycan da bu olimpiadada MDB-nin tərkibində iştirak edərək medal qazandı. 1993-cü ildən başlayaraq Azərbaycanda idmana münasibət dəyişdi. Ümummilli lider Heydər Əliyev həmin il Azərbaycan idmançıları ilə görüşdü. Həmin vaxtdan etibarən hər il ilin sonunda cənab Prezident idmançılarla görüşürdü. 1993-cü ildəki görüşdə iştirak etmək üçün idmançı tapa bilmirdik. İdmanda nəticələrimiz yox dərəcəsində idi, ən güclü idman mütəxəssislərimizin əksəriyyəti isə xaricə getmişdi. İdmançılarımız Atlanta Olimpiadasından qayıdanda Heydər Əliyev onlarla görüşərək nəticəni yüksək qiymətləndirdi, eyni zamanda bildirdi ki, Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətini gücləndirmək lazımdır. 1997-ci ildə Milli Olimpiya Komitəsinə yeni seçkilər keçirildi və cənab İlham Əliyev MOK-un yeni prezidenti seçildi. İlham Əliyev bütün bu məsuliyyəti öz üzərinə götürdü və o dövrdən Milli Olimpiya Komitəsinin fəaliyyətində böyük irəliləyişlər baş verdi.

Qarşıya bir sıra vəzifələr qoyuldu. İlk növbədə idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması əsas məqsədlərdən idi. 1998-ci ildən başlayaraq idmançılara təqaüdlər verməyə başladıq. Həmin vaxt dövlətin büdcəsində o qədər də vəsait yox idi. Milli Olimpiya Komitəsi bir çox məsələləri öz üzərinə götürdü.

İkinci məsələ Azərbaycanda idmanın infrastrukturunun gücləndirilməsi idi. Bu məqsədlə, ölkənin bütün regionlarında Olimpiya İdman kompleksləri və idman qurğularının yaradılması barədə qərar qəbul edildi. Azərbaycanı tərk etmiş idmançıları və idman mütəxəssislərini yenidən ölkəyə gətirəmək isə daha mühüm şərt idi. Onların yenidən ölkəyə gətirilməsi üçün isə məhz ilk iki məsələnin həlli vacib idi. Beləliklə, bir çox təcrübəli idmançılarımız və idman mütəxəssislərimiz geri qayıtdı. Bütün bunlar Azərbaycanda idmanın inkişafına stimul verdi. Eyni zamanda biz beynəlxalq əlaqələrimizi gücləndirməyə başladıq. Xüsusilə qeyd edərdim ki, 1997-2003-cü illər ərzində cənab İlham Əliyev özü şəxsən bütün tədbirlərdə iştirak edirdi. O, beynəlxalq idman qurumlarının rəhbərləri ilə görüşür, onlarla fikir mübadilələri aparırdı.

1997-ci ildə B kateqoriyalı hər hansı bir turnirin Bakıda keçirilməsinə icazə verilmir, şəraitin və təcrübənin olmaması əsas göstərilirdi. 10 il sonra isə mənzərə tamamilə dəyişdi, Azərbaycanda dünya, Avropa çempionatları və ən yüksək səviyyəli turnirlər keçirilməyə başlandı. Belə ki, ölkəmizdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Yeniyetmələrin Yay Olimpiya Festivalı kimi mötəbər idman tədbirləri uğurla təşkil olunmuşdur. Yəni, 10-15 il ərzində Azərbaycan idman ölkəsinə çevrildi. İştirak etdiyimiz hər Olimpiya Oyunlarında nəticələrimiz daha da yaxşılaşdı. Əgər Atlanta Olimpiadasında bizim bir gümüş medalımız var idisə, Rio-2016-da atletlərimiz 18 medal qazandılar. Azərbaycanın Rio Olimpiadasında 51 idmançı ilə təmsil olunaraq 18 medal qazanması həm də rekord bir nəticə idi. Çünki hər üç idmançıdan biri medal qazanmışdı. Bunlar Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətini və Azərbaycanda idmanın inkişafını göstərən məqamlardır.

Azərbaycanda 30 il ərzində Olimpiya Hərəkatı, olimpizm çox inkişaf etmişdir. 30 il bundan əvvəl Olimpiya Hərəkatı, olimpizm, Olimpiya idealları haqqında heç kimin heç bir təsəvvürü yox idi. Bu gün isə Olimpiya Hərəkatı ölkəmizdə artıq formalaşmış bir hərəkata çevrilib. Yəni, inkişaf yolu çoxmərhələli və uğurludur. Ölkəmiz təkcə idman yarışlarını keçirməklə fərqlənməyib. Azərbaycanda eyni zamanda, Avropa Olimpiya Komitəsinin Baş Assambleyası, İslam Həmrəylik İdman Federasiyasının, AİPS-in, WADA-nın, Ədalətli Oyunlar Hərəkatının böyük tədbirləri keçirilib ki, bu da ölkə idmanının inkişafında mühüm əhəmiyyət kəsb edir. Bu gün hər hansı bir beynəlxalq federasiyanın yarış keçirməklə bağlı problemi olanda Azərbaycana müraciət edir və bildirirlər ki, az bir vaxtda bu işləri Azərbaycandan başqa heç bir ölkə yüksək səviyyədə təşkil edə bilməz.

 Milli Olimpiya Komitəsi formalaşdığı bir vaxtda konkret olaraq hər hansı bir ölkə modelindən yararlanmadı. Əsas etibarı ilə Avropa Olimpiya Komitələrinin iş təcrübəsi öyrənildi. Eyni zamanda, Beynəlxalq Olimpiya Komitəsi və Milli Olimpiya Komitələri Assosiasiyası (ANOC) ilə sıx iş birliyi yaradıldı. Məhz bu qurumların keçirdiyi bütün tədbirlərdə cənab Prezident İlham Əliyev özü şəxsən iştirak edirdi. Bundan başqa, o dövrdən bu günə qədər hər hansı bir ölkənin Olimpiya komitələrinin prezidentləri və ya federasiyaların prezidentləri ölkəmizə səfərə gələndə Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev onları şəxsən qəbul edir, onlarla söhbət edir, fikir mübadiləsi aparır.

Azərbaycan idman yarışları baxımından Olimpiya Oyunları istisna olmaqla, bütün mümkün tədbirləri həyata keçirib. Ölkəmiz böyük əhəmiyyətli idman tədbirlərindən yalnız Olimpiya Oyunlarına evsahibliyi etməyib. Artıq olimpiadanın bir ölkə daxilində müxtəlif şəhərlərdə keçirilməsinə imkanlar yaranıb. Son Olimpiya Oyunlarında belə hallara rast gəlmək mümkündür. Beynəlxalq Olimpiya Komitəsi 2-3 ölkənin birləşərək olimpiadaya evsahibliyi etməsini təmin edər. Biz də Türkiyə ilə birlikdə və ya başqa bir şəkildə Olimpiya Oyunlarına evsahibliyi edə bilərik.

 Bu yaxınlarda Olimpiya Komitələri Assosiasiyasının Seulda keçirilən 26-cı Baş Assambleyasında Fici dövlətinin nümayəndəsi Robin Mitçell quruma yeni rəhbər seçildi. Bu qurum bütün Olimpiya komitələri ilə əlaqələr qurur, hər hansı bir ölkənin Olimpiya Komitəsinin Beynəlxalq Olimpiya Komitəsinə çatdıra bilmədiyi məsələ ANOC vasitəsi ilə çatdırılır. Bu dəfə isə əsasən, Afrika dövlətləri və maddi rifahı zəif olan dövlətlərin qaldırdıqları məsələlər qurumda müzakirə olundu. Məsələlərdən biri ANOC-un maliyyə bölüşdürülməsinə aid idi ki, güclü ölkələrə maliyyə yardımı azaldılsın və bu dəstək əsasən yoxsul ölkələrə verilsin. Ölkəmizin isə bu yardıma ehtiyacı yoxdur. Azərbaycan təkcə ANOC-dan deyil, heç bir qurumdan dəstək gözləmir.

Seuldakı tədbirdə həmçinin ANOC-un himayəsi altında keçirilən çimərlik oyunlarının təqdimatı oldu. Bu Oyunlara hansı idman növlərinin daxil edildiyi təsdiqləndi. Çimərlik oyunları Bali adasında olacaq. ANOC-un növbəti iclası da Balidə çimərlik oyunlarından sonra orada keçiriləcək. İclasda, eyni zamanda hesabatlar təqdim olundu. Yəni bu iclas əsasən Milli Olimpiya komitələrinin bir-biri ilə əlaqələrinin yaranması məqsədi daşıyır. Burada əsas tribunalarda səslənən çıxışlar deyil, dəhlizlərdə, foyelərdə Olimpiya komitələrinin nümayəndələrinin bir-biri ilə görüşlərində müzakirə etdikləri məsələlərdir. Burada kimsə kimsədən yardım istəyir, qonaq çağırır və ya idmançı mübadiləsini müzakirə edir. Belə ki, bu iclaslarda 206 ölkənin Milli Olimpiya Komitəsi bir araya toplanır və hər kəs öz problemlərini orada həll etməyə çalışır.

 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı qələbə qazandı. Artıq bu gün işğaldan azad edilmiş torpaqlarımızda sürətlə tikinti-quruculuq işləri həyata keçirilir. Quruculuq və bərpa işlərinin sonrakı mərhələlərində həmin ərazidə idman infrastrukturunun formalaşması nəzərdə tutulub.

Azərbaycan 44 günlük müharibədə Cıdır düzünü, Şuşanı işğaldan azad etdi. Bizim o dövrdə ən gözəl idman arenamız olan çaparların yarış məkanı Cıdır düzü idi. Bu baxımdan, Cıdır düzünün işğaldan azad edilməsi həm də idmanımızın qələbəsidir. Ümid edirəm ki, bundan sonra Cıdır düzündə idman yarışları keçiriləcək. Əlbəttə, hər bir rayonda sosial obyektlərlə yanaşı, məktəblər, mədəniyyət ocaqları və eyni zamanda idman qurğuları da tikiləcək. Hazırda həmin ərazilərdə layihələndirmə işləri gedir. Arzu edərdim ki, Kəlbəcər rayonunda stadion tikilsin. Atletika Federasiyasının Prezidenti kimi deyə bilərəm ki, atletlər üçün ən yaxşı məşq etmək üçün yer Kəlbəcərdir. Yüksəkliklərdə məşq edən atlet yarışlarda çox gözəl nəticələr əldə edir. Bununla bağlı işlər görülür, təkliflər toplanılır. Hətta təkcə idman qurğularının yaradılması deyil, həmin regionların müxtəlif idman növləri üzrə komandalarının yaradılması da müzakirə olunur. Amma bu, uzun çəkən bir prosesdir. İdmanla məşğul olmaq üçün gərək əhali həmin ərazilərə qayıdıb, yerləşsin. Onların bütün problemləri həll olunandan sonra uşaqları idmana cəlb etmək mümkün olacaq.

2023-cü il Heydər Əliyev ili kimi qeyd olunacaq. Gələn il ölkədə keçirilən idman tədbirləri də məhz bu adla keçiriləcək. Artıq bu barədə müxtəlif federasiyalar müraciət ediblər. Onlar öz tədbirlərini ümummilli lider Heydər Əliyevin yubileyinə həsr etmək qənaətindədirlər. Əminəm ki, gələn il Azərbaycanda təşkil olunan bütün yarışlar ümummilli lider Heydər Əliyevin yubileyinə həsr olunacaq. Milli Olimpiya Komitəsinin xətti ilə də “Heydər Əliyev ili” çərçivəsində mötəbər bir tədbir həyata keçiriləcək.

Çingiz HÜSEYNZADƏ,

Milli Olimpiya Komitəsinin vitse-prezidenti.