Azərbaycanda insan hüquq və azadlıqları beynəlxalq hüquq normalarına uyğun təmin edilir
Sosial həyat

Azərbaycanda insan hüquq və azadlıqları beynəlxalq hüquq normalarına uyğun təmin edilir

10 dekabr Beynəlxalq İnsan Hüquqları Günüdür

BMT  Baş Məclisi tərəfindən 1948-ci ilin 10 dekabr tarixində Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsi ilə əlaqədar 1950-ci ildən başlayaraq hər il dekabr ayının 10-u bütün dünyada Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunur. 

Qəbul edilməsindən 74 il ötməsinə baxmayaraq, mütərəqqi müddəaların əhəmiyyətinə görə hələ də təməl sənədi hesab edilərək hüquq tətbiqetmə təcrübəsində rəhbər tutulan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi irqindən, cinsindən, dilindən, dinindən, mənşəyindən və siyasi əqidəsindən asılı olmayaraq, bütün insanların bərabərliyinin təminini özündə ehtiva edir. Bu Bəyannamə ümumbəşəri xarakterə malik olmaqla yanaşı, BMT-yə üzv dövlətlərin qanunvericilik bazası üçün əsas və nümunə olmuşdur.

Etiraf edək ki, ötən uzun illər ərzində insan hüquqlarının müəyyən edilməsi, təşviqi və müdafiəsi sahəsində əsas baza rolunu oynayan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi dünyamızı əsaslı şəkildə dəyişməyə kömək etmişdir. Bu sənəddə ilk dəfə olaraq hər bir insanın bərabərlik və ləyaqət hüququ, hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquq və azadlıqlara malik olduğu bəyan edilmişdir.

Bəyannamədə əks olunmuş müddəalar dövlətlərin insan hüquqlarının müdafiəsi məsələsinə münasibətinin müsbətə doğru dəyişilməsinə səbəb olmuşdur.

Lakin təəssüflə qeyd etmək istərdim ki, bu gün dünyada müxtəlif səbəblərdən hələ də milyonlarla insanın hüquqları pozulmaqda davam edir.

Bəzi dövlətlər tərəfindən sərgilənən irqçilik, dözümsüzlük, ikili standartlar, ayrı-seçkilik hallarının artması və beynəlxalq təşkilatların buna biganə münasibəti insan hüquq və azadlıqlarının pozulmasına gətirib çıxarmışdır.

Dözümsüzlük, ikili standartlar və ayrı-seçkilik hallarından ən çox əziyyət çəkən xalqlardan biri də Azərbaycan xalqı olmuşdur. Belə ki, BMT Təhlükəsizlik Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bir sıra qətnamə və qərarlarda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının tələb edilməsinə baxmayaraq, 30 ilə yaxıın dövr ərzində həmin sənədlərin icrası sadəcə kağız üzərində qalmışdır.

Ermənistanın siyasi və hərbi rəhbərliyini təmsil edən şəxslər cəzasızlıq mühitindən ruhlanaraq, Azərbaycana münasibətdə tətbiq edilən ikili standartlardan öz çirkin və məkrli məqsədləri üçün istifadə edərək azərbaycanlılara qarşı sülh və insanlıq əleyhinə, müharibə və terrorçuluq cinayətləri törətmişlər.

Bu gün qürur hissi ilə qeyd edirik ki, məhz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünü, məcburi köçkünlərin 30 ilə yaxın müddət ərzində pozulmuş hüquqlarını bərpa etmişdir.

Qeyd etmək istərdim ki, bu gün Azərbaycanda insan hüquq və azadlıqları yüksək səviyyədə təmin edilir, bu sahədə qanunvericilik bazası beynəlxalq hüquq normalarına müvafiq olaraq daim təkmilləşdirilir, hüquq müdafiə mexanizmlərinin müstəqil fəaliyyəti üçün geniş imkanlar yaradılır.

Bununla əlaqədar ötən dövr ərzində ölkəmizdə mühüm əhəmiyyətə malik hüquqi və institusional islahatlar həyata keçirilmişdir. Bu islahatlar sırasında insan hüquq və azadlıqlarının müdafiəsi üzrə səmərəli hüquqi müdafiə vasitələrindən biri olan Ombudsman təsisatının yaradılması mühüm yerlərdən birini tutur.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə yaradılmış, dövlətin ali məqsədini həyata keçirən müstəqil məhkəmədənkənar hüquq müdafiə mexanizmi kimi aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında fəaliyyət göstərən Ombudsman təsisatının bu il artıq 20 illik yubileyini qeyd etdik.

Böyük ehtiram hissi ilə qeyd etmək istərdim ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 fevral tarixli "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanında və 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş ilk strateji sənəd olan "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nda ölkəmizdə insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılması məsələsi ilk dəfə olaraq öz əksini tapmışdır.

2001-ci il 28 dekabr tarixində "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanunu qəbul olunmuş, 2002-ci il 5 mart tarixində həmin Qanunun tətbiq edilməsi barədə Fərman imzalanmışdır. Bununla əlaqədar 2002-ci il 2 iyul tarixində bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilmiş, elə həmin tarixdə Azərbaycanın ilk Ombudsmanı seçilmiş və həmin ilin 28 oktyabr tarixindən Ombudsman Aparatında müraciətlərin qəbuluna başlanılmışdır.

Ombudsman təsisatının fəaliyyətini tənzim edən əsas qanunvericilik aktının ən yüksək və birbaşa hüquqi qüvvəyə malik, Konstitusiyanın ayrılmaz hissəsi olan Konstitusiya Qanunu olması da məhz dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin bariz təzahürüdür.

Ombudsman təsisatı müstəqil milli insan hüquqları institutu kimi ölkəmizin Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması istiqamətindəki fəaliyyətini aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında uğurla davam etdirməkdədir.

Qeyd etmək istərdim ki, biz Ombudsman təsisatı kimi Konstitusiya Qanununda təsbit olunmuş səlahiyyətlərə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxmaqla ölkəmizin yurisdiksiyası altında olan hər kəsin, o cümlədən uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların, habelə sosial cəhətdən həssas digər əhali qruplarının hüquqlarının müdafiəsini heç bir ayrı-seçkiliyə yol vermədən həyata keçiririk.

Fəaliyyətimiz çərçivəsində davamlı olaraq insan hüquqlarının təmin edilməsi vəziyyətinin monitorinqi aparılır, bu sahədə mövcud problem və çətinliklər, onların yaranma səbəbləri araşdırılır, həlli istiqamətində zəruri tədbirlər görülür, müvafiq təkliflər irəli sürülür və bir çox hallarda birgə səylər nəticəsində pozulmuş hüquqların bərpasına nail olunur.

Bundan əlavə, cəmiyyətdə hüquq düşünc

əsinin və hüquq mədəniyyətinin inkişafına töhfə vermək məqsədilə insan hüquqlarını təbliğ edən müxtəlif mövzular üzrə hüquqi maarifləndirmə tədbirləri keçiririk.

Yeri gəlmişkən, 2022-ci il üzrə bütün dünyada "Qadınlara və qızlara qarşı zorakılığa son qoyulması naminə birləşin!" devizi altında 25 Noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü və 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü tarixləri aralığında "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" beynəlxalq kampaniyada fəal iştirak edərək ölkəmizdə gender əsaslı zorakılığın qarşısının alınması, bundan zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, eyni zamanda zorakılığa səbəb olan halların aradan qaldırılması istiqamətində maarifləndirmə fəaliyyəti həyata keçirmişik.

Məlum olduğu kimi, Ombudsman təsisatı tərəfindən ənənənəvi olaraq hər il 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində insan hüquqlarını təbliğ edən müxtəlif mövzular üzrə maarifləndirmə tədbirləri və müsabiqələr təşkil olunur.

Ombudsman təsisatının 20 illik yubileyi məhz 2022-ci ilə təsadüf etdiyinə görə bu il bizim üçün ikiqat əlamətdardır. Bu baxımdan bu il 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə elan etdiyimiz jurnalist yazı və uşaq rəsm müsabiqələri "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı - 20 il!" mövzusuna həsr olunmuşdu.

Sonda qeyd etmək istərdik ki, aparılan islahatlar fonunda ölkə Prezidenti cənab İlham Əliyevin fəal dəstəyi ilə yeni dövrün tələbləri və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər nəzərə alınmaqla mütəmadi şəkildə inkişaf etdirilən Ombudsman təsisatı bu gün ölkəmizdə və beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır.

Təbii ki, dövlətin ali məqsədi olan insan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı mühüm vəzifələri yerinə yetirən Ombudsmanın fəaliyyətinin Konstitusiya Qanunu ilə tənzim olunması və onun müstəqilliyinin təminatları bu nüfuzun qazanılmasında müstəsna rol oynayır. Eyni zamanda bu günlərdə həmin Konstitusiya Qanununa dəyişikliklərin edilməsi barədə layihənin Milli Məclis tərəfindən qəbul edilməsi insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə, bu sahədə Ombudsman təsisatının həyata keçirdiyi fəaliyyətinin daha da gücləndirilməsinə xidmət edir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, hər kəsi 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə təbrik edir, insan hüquqlarının müdafiəsi və təbliği naminə birgə əməkdaşlığa çağırıram.       

Səbinə ƏLİYEVA,

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman).