Azərbaycanda İsrail ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub
Siyasət

Azərbaycanda İsrail ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub

Aprelin 8-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan Respublikası və İsrail Dövləti arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə XİN-in rəhbər heyəti, Milli Məclisin deputatları, İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov və İsrail Dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinin rəhbərliyi və əməkdaşları, habelə Azərbaycanın yəhudi icmasının üzvləri iştirak ediblər.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 1992-ci il aprelin 7-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının tariximizdə əlamətdar hadisə olduğunu bildirib. İsrailin Azərbaycan Respublikası ilə diplomatik münasibətlər quran ilk ölkələrdən biri olduğunu qeyd edən nazir Ceyhun Bayramov, bunun əsl dostluq və həmrəylik nümunəsi kimi dəyərləndirib. Tarixən etnik-dini zənginliyi, tolerant və multikultural dəyərləri ilə seçilən Azərbaycanda heç vaxt antisemitizmin olmadığını bildirən nazir Ceyhun Bayramov, ölkələrimiz arasında hər zaman insani dəyərlər, milli-dini tolerantlıq və qarşılıqlı anlaşmaya əsaslanan əlaqələrin mövcudluğunu qeyd edib. İqtisadiyyat, turizm, ticarət, enerji, təhsil və digər sahələrdə iki ölkə arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsi üçün şəraitin olduğunu bildirən nazir Ceyhun Bayramov, həmçinin bu gün beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkə arasında səmərəli əməkdaşlığın mövcudluğunu məmnunluqla qeyd edib.

Daha sonra çıxış edən İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov 30 il ərzində Azərbaycan və İsrail arasındakı münasibətlərin inkişafında bir çox nailiyyətlərin əldə olunduğunu qeyd edib. Müxtəlif sahələr üzrə inkişaf edən çoxşaxəli ikitərəfli münasibətlərin mövcudluğunu məmnunluqla qeyd edən Yoel Razvozov, Bakıda keçirdiyi görüşlərdən sonra iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün imkanların olduğunu bildirib. İsrail və Azərbaycan arasındakı münasibətlərin dostluq və qarşılıqlı anlaşmaya əsaslandığını ifadə edən Yoel Razvozov, İsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəliklərinin açılmasının iki ölkə arasında birgə iqtisadi layihələrin həyata keçirilməsi və turizm sahəsində əlaqələrin genişləndirilməsi baxımından önəmli addım olduğunu vurğulayıb. Yəhudi icmasının Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşamasının İsraildə yüksək qiymətləndirildiyini qeyd edən Y. Razvozov Azərbaycanın bu baxımdan nümunəvi ölkə olduğunu bildirib.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

AZƏRTAC