Azərbaycanda mövcud mal-qaranın cins tərkibinin yaxşılaşdırılması dövlət dəstəyi artırılır
İQTİSADİYYAT

Azərbaycanda mövcud mal-qaranın cins tərkibinin yaxşılaşdırılması dövlət dəstəyi artırılır

Azərbaycanda mövcud mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində artıq neçə illərdir ki, dövlət tərəfindən tədbirlər görülür.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti bildirir ki, respublikamızda ilk dəfə olaraq iribuynuzlu heyvanlarda embrion transferi həyata keçiriləcək. Embrion transferi tətbiqinin əsas məqsədi üstün keyfiyyətə malik inəklərdən alınacaq balaların sayını artırmaqdır. Bu məqsədlə Göygöl rayonunda yerləşən Respublika Süni Mayalanma Mərkəzinə 35 baş "Simmental" cinsindən düyələr gətirilib. Oktyabr ayından başlayaraq düyələrə Almaniyanın "Bayenr genetik" şirkətində istehsal olunan embrionların köçürülməsinə başlanacaq. Embrion transferi prosesini həyata keçirəcək Respublika Süni Mayalanma Mərkəzinin 10 mütəxəssisi əvvəlcədən Almaniyada müvafiq kurslarda iştirak edib.

Qeyd edək ki, embrion transferi dünyanın inkişaf etmiş və etməkdə olan bir çox ölkələrində uğurla tətbiq edilsə də, ölkəmizdə praktik olaraq indiyədək tətbiq olunmayıb. Buna səbəb isə transfer üsulunun baha olması və südlük istiqamətli fermaların azlığı səbəbi ilə embrion transferinə tələbin indiyədək formalaşmaması idi.

Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdürəhmanovun sözlərinə görə, son illər Azərbaycanda böyük südçülük təsərrüfatlarının yaradılması, təsərrüfatlarda rasional, müasir idarəetmə üsullarının tətbiqi embrion transferinə marağı artırıb.

Embrion transferinin tətbiqi xaricdən heyvan idxalına ən yaxşı alternativ hesab olunur. Xaricdən dondurulmuş embrionun gətirilməsi və transplantasiyası xaricdən damazlıq heyvan gətirilməsinə görə daha asan və daha ucuz başa gəlir. Embrion transferi üçün istifadə olunan texnologiya heyvanları ən intensiv üsulla yetişdirməyə imkan yaradır və ənənəvi reproduktiv üsulla müqayisədə genetik qiymətli heyvanların sayını on qat çox artırır", - deyə mütəxəssis bildirir.

Nəriman CAVADOV,

"Respublika".