“Azərbaycanda Olimpiya Hərəkatı
İdman

“Azərbaycanda Olimpiya Hərəkatı" fotomüsabiqəsinin iştirakçılarının sərgisinin açılış mərasimi keçirilib

Noyabrın 10-da Bakı Fotoqrafiya Evində "Azərbaycanda Olimpiya Hərəkatı" fotomüsabiqəsinin iştirakçılarının sərgisinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, "Azərbaycanda Olimpiya Hərəkatı" mövzusunda keçirilən fotomüsabiqə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK) və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə MOK-un 30 illik yubileyinə həsr olunub.

Fotomüsabiqənin iştirakçılarının sərgisində MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Baş katib Azər Əliyev, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, olimpiya çempionları, tanınmış mədəniyyət və incəsənət xadimləri, idman mütəxəssisləri və digər qonaqlar iştirak ediblər.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında bildirib ki, bu il 30 illiyini qeyd edən MOK idmanın və Olimpiya Hərəkatının, olimpizmin, Olimpiya ideallarının inkişafı və təbliği istiqamətində özünəməxsus dəsti-xətti ilə dünya idmanında yeni səhifə açmağı bacarıb. Otuz illik tarixə nəzər saldıqda görürük ki, qarşıda Azərbaycan Milli Olimpiya Komitəsini, olimpiyaçılarımızı zəfər və qürur dolu illər gözləyir.

Müsabiqənin şərtlərini xatırladan Çingiz Hüseynzadə deyib ki, MOK-un 30 illik yubileyinə həsr olunmuş fotomüsabiqəyə bu ilin avqustun 15-də start verilib. Azərbaycanın 20 peşəkar fotoqrafı müsabiqənin əsasnaməsinə uyğun olaraq 10 ədədə qədər foto işi göndəriblər. Münsiflər heyəti 187 foto arasında ən yaxşılarını seçib.

Münsiflər heyətinin üzvü, Azərbaycan Fotoqraflar Birliyinin sədri Rauf Umudov qeyd edib ki, 12 nəfərdən ibarət münsiflər heyəti foto işlərə onlayn qaydada baxış keçirib, seçdikləri fotolar haqqında rəylərini xüsusi bülletenlər vasitəsi ilə MOK-a təqdim ediblər.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə çıxışında Milli Olimpiya Komitəsini 30 illiyi münasibətilə təbrik edib və müsabiqə iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra müsabiqədə ilk üç yerləri tutmuş fotoqraflar təltif olunublar.

Müsabiqənin şərtlərinə uyğun olaraq 3 fotoqraf üçüncü yerə layiq görülüb.

Fotoqraflar İslam Atakişiyev, Bəhruz Qurbanlı və Azər Əlizadəyə MOK-un 3-cü dərəcəli diplomu və pul mükafatı təqdim edilib.

"Azərbaycanda Olimpiya Hərəkatı" mövzusunda keçirilən fotomüsabiqədə birinci yerə fotoqraf Dilavər Nəcəfov, ikinci yerə isə Yaqub Cəfərov və İlqar Cəfərov layiq görülüblər.

Sonda qaliblər MOK-un pul mükafatı və 1-ci dərəcəli diplomla mükafatlandırılıblar.

AZƏRTAC