AZƏRBAYCANDA SU TƏMİNATI İLƏ BAĞLI BƏZİ PROBLEMLƏR VƏ ONLARIN HƏLLİ YOLLARI
Ekologiya

AZƏRBAYCANDA SU TƏMİNATI İLƏ BAĞLI BƏZİ PROBLEMLƏR VƏ ONLARIN HƏLLİ YOLLARI

Əhalinin sayının və tələbatlarının artması, eləcə də qlobal iqlim dəyişiklikləri nəticəsində dünyanın əksər regionlarında içməli və suvarma suyu ilə bağlı problemlər kəskinləşmişdir.  Son illərdə cənab Prezident İlham Əliyevin siyasi iradəsi ilə Azərbaycanda su təchizatının yaxşılaşdırılması istiqamətində çox mühüm işlər görülmüşdür.  Buna baxmayaraq, müxtəlif səbəblərdən ölkənin içməli və suvarma suyu ilə təminatında hələ də problemlər yaşanmaqdadır və respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində fundamental və innovativ elmi araşdırmaların aparılmasına ehtiyac güclənməkdədir.  Ölkə Prezidentinin 27 iyul 2020-ci il tarixli “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamında, eləcə də cənab Prezidentin dəfələrlə verdiyi tapşırıqlarda ölkənin su təminatı ilə bağlı mövcud problemlər və onların həlli yolları barədə Azərbaycan elmi qarşısında mühüm vəzifələr qoyulmuşdur. Bu vəzifələrdən biri də Kür çayının deltasında yaranmış problemin kompleks həlli ilə bağlıdır.  Bu məqsədlə Kür çayının mənsəbindən layihə və tikinti işlərinin aparılması üçün ən optimal və əlverişli məsafədə avtomatlaşdırılmış şülüzlərlə idarə olunan hidrotexniki qurğunun tikilməsi təklif olunur.  Bununla yanaşı, ölkə üzrə torpaqların suvarılması müasir metod və normalara uyğun tərtib edilmiş hidromodul qrafikinə əsasən həyata keçirilməli, suvarma sistemləri yenilənməli, Kür çayının aşağı axarında yaranmış ekoloji vəziyyət nəzərə alınmaqla ölkənin su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemi hazırlanmalıdır.  

İnsan cəmiyyətinin dayanıqlı inkişafı təbii resursların, o cümlədən yeraltı və yerüstü şirin su ehtiyatlarının səmərəli istifadəsindən çox dərəcədə asılıdır.  Müasir dövrün ən aktual problemlərindən biri əhalinin və müxtəlif təsərrüfat sahələrinin etibarlı su təminatıdır. Dünya əhalisinin və tələbatların hədsiz artımı yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsinə və sənaye sahələrinin durmadan genişlənməsinə səbəb olur.  Üstəlik, iqlim dəyişiklikləri nəticəsində mövcud su ehtiyatlarının azalma tendensiyası müşahidə olunur.  Nəticədə, bir çox regionlarda su təminatı kəskin pisləşir. Bu isə əhalinin ərzaq təminatına və regionların ekoloji təhlükəsizliyinə birbaşa təsir göstərir.  

Hidrosferdə şirin suyun həcmi ümumi su ehtiyatının cəmi 2%-ni (29 milyon kub/kilometr) təşkil edir.  Bunun 0,004%-i isə çay sularıdır.  Minilliklər ərzində insanların su ehtiyatlarına təsiri çox zəif olmuşdur.  Təbii suların unikal xüsusiyyəti onların öz-özünə təmizlənməsi və su dövranı nəticəsində bərpa olunmasıdır.  Buna görə də çox uzun müddət ərzində su ehtiyatlarının miqdarı, demək olar ki, dəyişməmiş və keyfiyyəti pisləşməmişdir.  Bu, məlum illuziya ilə nəticələnmişdir: su ehtiyatları dəyişməzdir, tükənmir və təbiətin pulsuz sərvətidir.  Bu şəraitdə tarixən su ehtiyatlarından istifadəyə etinasız münasibət, istifadə olunmuş suların təmizlənməsinə və su obyektlərinin mühafizəsinə minimal vəsaitin ayrılması konsepsiyası formalaşmışdır.  

Su təminatını yaxşılaşdırmaq üçün yalnız ondan qənaətlə istifadə etmək kifayət deyildir, şirin su ehtiyatlarının artırılması istiqamətində də tədqiqatlar aparılmalı, praktiki işlər görülməlidir.  Məhz bu yolla Azərbaycanın su siyasətinin əsas məqsədinə çatmaq, əhali və iqtisadiyyatın bütün sektorlarını tələb olunan həcmdə və beynəlxalq standartlara uyğun keyfiyyətdə su ilə təmin etmək mümkündür.

Son illərdə cənab Prezident İlham Əliyevin siyasi iradəsi ilə Azərbaycan Respublikasında əhalinin və təsərrüfat sahələrinin su təchizatının yaxşılaşdırılması istiqamətində çox mühüm işlər görülmüş, yeni sututarların yaradılması, suvarma sistemlərinin yaxşılaşdırılması, şirin su mənbələri ilə iri yaşayış məntəqələrini birləşdirən su kəmərlərinin tikintisi üzrə iri layihələr icra edilmişdir.  Həyata keçirilən tədbirlər hesabına su təsərrüfatı sisteminin inkişafı sürətlənmiş, məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda əhalinin fasiləsiz içməli su ilə təminatı və irriqasiya sistemləri yaxşılaşdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı və bu sərəncamla təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”, eləcə də cənab Prezidentin dəfələrlə müxtəlif tədbirlərdə etdiyi çıxışlarda və verdiyi tapşırıqlarda yuxarıda qeyd edilən ehtiyacları nəzərə almaqla, Azərbaycan elmi qarşısında ölkənin su təminatı ilə bağlı mövcud problemlər və onların həlli yolları ilə bağlı mühüm vəzifələr qoyulmuşdur.

Yuxarıda qeyd edilən sərəncamın icrası çərçivəsində AMEA-nın Yer Elmləri və Biologiya və Tibb Elmləri bölmələri tərəfindən hazırlanmış "Azərbaycanın su mənbələrinin qiymətləndirilməsi, qorunması və su ehtiyatlarından səmərəli istifadə edilməsinə dair 2021-2024-cü illər üzrə Dövlət Proqramı" layihəsi AMEA Rəyasət Heyətinin 20 noyabr 2020-ci il tarixli iclasında müzakirə edilmiş, təsdiq olunması üçün müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırılmışdır.  Təqdim olunan dövlət proqramı layihəsi su ehtiyatlarının müasir metodlarla kompleks qiymətləndirilməsi, sulardan dayanıqlı inkişaf prinsiplərinə müvafiq istifadə edilməsi, eləcə də suların bioloji təhlükəsizlik prinsiplərinin müasir dövrün tələblərinə uyğunlaşdırılması məsələlərini özündə əks etdirir.  

Vətən torpaqlarının işğaldan azad edilməsi nəticəsində Qarabağın yeraltı və səth sularının mövcud vəziyyətinin öyrənilməsi, su mənbələrinin bərpası, inkişaf etdirilməsi və təhlükəsizliyinin təmin olunmasına da çox böyük ehtiyac yaranmışdır ki, müvafiq problemlərin həllində Azərbaycan elmi öz sözünü deyə bilər.  

Burada xüsusilə Qarabağ əraziləri üçün aktual olan bir problemə də diqqət çəkmək yerinə düşərdi.  Respublikanın bəzi dağlıq və dağətəyi ərazilərində, xüsusən Naxçıvan və Qarabağ regionlarında içməli su ilə bağlı problemlərin həllində təbii bulaqlarla yanaşı, ilin bütün fəsillərində əhalini içməli və suvarma suyu ilə təmin edən kəhriz sistemləri də əhəmiyyətli rol oynaya bilər. Məlumdur ki, Azərbaycanda (Naxçıvan MR istisna olmaqla) mövcud olan 623 kəhrizdən 332-si 30 ilə yaxın müddətdə işğal altında olmuşdur.  Hesablamalara görə, Ağdam rayonunda 98 kəhrizdən il ərzində 64,333 milyon kubmetr, Füzuli rayonunda 71 kəhrizdən 19, 016 milyon kubmetr, Cəbrayıl rayonunda 111 kəhrizdən  34,658 milyon kubmetr, Qarabağın dağlıq hissəsində 52 kəhrizdən 4,225 milyon kubmetr, ümumilikdə isə Qarabağ ərazisindəki kəhrizləri bərpa etməklə il ərzində 122 milyon kubmetr su əldə etmək mümkündür. Bu ərazilərdə kəhrizlərin bərpası ilə kiçik çayların illik su sərfini də artırmaq olar.  

Məlum olduğu kimi, respublikanın əksər ərazisi quraq və yarımquraq iqlimə malikdir.  Ölkənin su ehtiyatlarının mühüm bir hissəsi su səviyyəsi il ərzində ciddi tərəddüdlərə məruz qalan, əksər vaxtlarda isə kəskin azalan, yüksək çirklənməyə malik tranzit çaylar tərəfindən təmin edilir.  Eyni zamanda son illərdə qlobal iqlim dəyişikliklərinin təsiri altında yağıntıların paylanma rejimində ciddi fərqliliklər yaranmış, əksər bölgələrdə rütubətlilik əmsalı aşağı düşmüşdür.  Əhalinin intensiv artması, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbat durmadan artır.  Bütün bunların, eləcə də su ehtiyatlarından səmərəsiz istifadənin nəticəsində ölkənin içməli və suvarma suyu ilə təminatında hələ də problemlər yaşanmaqdadır və respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində elmi əsaslı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə, yeni su mənbələrinin tapılması və mühafizəsinə, kəhrizlərin elmi əsaslı bərpasına, mütərəqqi suvarma texnika və texnologiyalarının tətbiqinə və müvafiq tədbirlərin həyata keçirilməsi zamanı ekosistem yanaşmaya riayət edilməsinə, bütün bunlar üçün isə hərtərəfli və məqsədyönlü fundamental və innovativ elmi araşdırmaların aparılmasına ehtiyac güclənməkdədir.  

Ümumiyyətlə, Azərbaycan öz yerli su ehtiyatlarına görə qonşu ölkələrdən xeyli geri qalır. Gürcüstanda daxili su ehtiyatları ilə təminat 85%, Ermənistanda 82% olduğu halda, ölkəmizdə bu göstərici cəmi 28%-dir.  Ölkədə kənd təsərrüfatı məhsullarının təqribən 90%-i əsasən arid iqlimə malik Kür-Araz ovalığında istehsal olunur.  Yəni bu ərazilərdə mümkün buxarlanmanın miqdarı yağıntılardan xeyli çoxdur.  Təbii ki, bu şəraitdə suvarma aparmadan kənd təsərrüfatı məhsullarının istehsalı mümkün deyildir.  

25-30%-i meşə ilə örtülü olan ərazilərdə heç vaxt quraqlıq hiss edilməz.  Azərbaycanın ümumi ərazisinin cəmi 11,8%-ni meşələr təşkil edir.  Mürəkkəb quruluşa malik olan meşələr suların toplanmasında böyük rol oynayır.  Əsasən dağlıq və meşəlik ərazilərdən axan orta və kiçik çaylar Azərbaycan Respublikası su ehtiyatlarının 30%-ə qədərini formalaşdırır.  Su ehtiyatları ilə nisbətən zəif təmin olunan və arid iqlimə malik olan ərazilərdə bu çayların təsərrüfat əhəmiyyəti çox böyükdür.  Müasir dövrdə meşə sahələrinin antropogen təsiri nəticəsində azalması kiçik çayların və bulaqların qurumasına gətirib çıxarır.  

Məlumdur ki, 2010-cu ildə Kür çayında baş verən daşqınlar ölkəyə böyük həcmdə ziyan vurmuşdur. O zaman fövqəladə vəziyyətlə əlaqədar yaradılan dövlət komissiysı qəzanın başvermə səbəblərindən birinin də Kür çayının məcrasının uzun illər boyu lillənməsi olduğu qənaətinə gəlmişdir.  Bununla da, Kür çayının deltasında, mənsəbdə məcranın lildən təmizlənməsi işlərinə başlanılmışdır.  Lakin bu işlər görülərkən normalar gözlənilməmiş, çayın məcrası 4-5 m aşağı salınmışdır.  Kür çayı ilə Xəzər dənizi arasında uzun illər ərzində formalaşan arakəsmə, sifon aradan qaldırılmışdır.  Yəni sanki Xəzər dənizinin sahəsi Kür çayına doğru genişləndirilmişdir.  

Müxtəlif minerallığa malik çay və dəniz suları qarşılaşdığı vaxt stasionar vəziyyətdə suda olan asılı hissəciklər dibə çökür.  Bu proses yüz illərlə davam etdiyindən çayla dəniz arasında təbii olaraq arakəsmə əmələ gəlir.  Bu da dəniz suyunun çaya doğru hərəkət etməsinin qarşısını alır.

Xəzər dənizinin səviyyəsi bütün tarix boyu tərəddüd etmişdir.  Xəzərsahili xalqlar bu səviyyə tərəddüdündən daim əziyyət çəkmişlər.  Keçən yüzillikdə dənizin maksimum səviyyəsi 1929-cu ildə müşahidə olunmuşdur.  O zaman Xəzərin səthi Baltik dənizi səviyyəsindən 26 metr aşağıda yerləşməklə, sahəsi 422 min kvadratkilometr idi.  1930-1960-cı illərdə səviyyə 2 metr aşağı düşmüşdür.  Bunun nəticəsində isə dənizin sahəsi 50 min kvadratkilometrə qədər (təqribən Azov dənizinin sahəsi qədər) azalmışdır.  Lakin 1970-ci illərdən 1993-cü ilədək səviyyə yenidən 1 metrə qədər qalxmışdır.  Statistik verilənlərə əsasən, Xəzər dənizinin səviyyəsi 1996-cı ildən 2015-ci ilədək hər il təqribən 7 sm olmaqla 1,4 m aşağı enmişdir.  Hazırda Xəzərin sularının Kür çayına doğru hərəkəti dənizin səviyyəsinin aşağı düşdüyü bir dövrdə baş verir. Səviyyənin qalxacağı mərhələdə dəniz suyunun Kür çayı boyu hansı məsafəyə qədər irəliləyəcəyi haqqında əvvəlcədən proqnoz vermək çətin deyildir.

Xəzər dənizindən Kür çayı boyu 78 km məsafədə 19 nasos stansiyası istismar edilir.  Nasoslar 12-14 q/l minerallılığa malik olan dəniz suyunu suvarma məqsədilə əkin sahələrinə vurur.  Nəticədə əkilən bitkilərin məhsuldarlığı aşağı düşməklə əkin sahələri şorlaşır. Kür çayından öz məişətində istifadə edən Neftçala sakinlərinə içməli su bəzən Salyan rayonundan su maşınları ilə daşınır.  

Son il ərzində AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları tərəfindən Baş Mil-Muğan və Şirvan kollektorlarının, onlara axıdılan su yığıcıların, drenlərin və suvarma kanallarının müasir vəziyyəti öyrənilmişdir.  Tədqiqat aparılarkən müəyyən edilmişdir ki, Mil-Muğan kollektorundan saniyədə 78 kubmetr, Şirvan kollektorundan saniyədə 58 kubmetr sərfiyyatla minerallığı 4-5 q/l olan su Xəzər dənizinə axır.  Halbuki kollektorlarda suyun minerallaşması ən azı litrdə 12-15 qram arasında olmalı idi.  Bu da onu göstərir ki, şirin suvarma suları kollektorlara daxil olur.

İnstitutun əməkdaşları tərəfindən Kür çayı boyu hər 5 kilometrdən bir su nümunələri götürülərək analiz edilmiş və mənsəbdən 25 km məsafədə Kürdə olan suyun dəniz suyu olduğu qənaətinə gəlinmişdir.  Kür çayında istismar olunan nasoslar dayandırılarkən çay boyu suyun minerallığının azaldığı müşahidə olunmuşdur.  Bu, 60-70 kubmetr suyun sürətlə dəniz suyunu geriyə itələməsi nəticəsində baş verir.  Lakin dənizin suyunun Kür çayına daxil olmasının qarşısının yalnız müəyyən miqdarda şirin suyun istifadə edilmədən dənizə axıdılması ilə alına biləcəyi qənaəti yanlışdır və problemin köklü həlli deyildir. Böyük ehtimalla, soyuq aylarda yağan yağışlar Kür çayında yenidən bol sululuğa səbəb olacaqdır.  Lakin suvarma mövsümlərində indikindən də pis vəziyyətin yaranacağı ehtimalını nəzərə alaraq, problemin kompleks həlli üçün mənsəbdən təqribən 500 metr məsafədə bütün texniki parametrlərə cavab verən və avtomatlaşdırılmış şülüzlərlə idarə olunan hidrotexniki qurğunun(su qovşağı) tikilməsini təklif edirik.  Bu qurğu vasitəsilə:

Xəzər dənizinin suyunun Kür çayına axmasının qarşısı alınacaq;

su qıtlığı şəraitində şirin suyun istifadə edilmədən dənizə axması baş verməyəcək;

ən quraqlıq illərdə belə sızıntı sular su qovşağı vasitəsilə yığılaraq suvarmada istifadəsi mümkün olacaq;

güclü yağışlar və daşqınlar zamanı çayətrafı zonaların subasma halları da idarəolunan olacaq.

Suyun azlığından istifadə edərək, Kür çayının məcrasında olan lil-qum çöküntülərinin təmizlənməsi işləri (məcranın qazılması deyil) davam etdirilməlidir.  Həmin çökümtülərdən müasir texnologiyaların tətbiqi ilə ekoloji təmiz gübrə hazırlayaraq ətraf ərazilərdə fəaliyyət göstərən fermerlərin istifadəsinə vermək mümkündür.

Bunlarla yanaşı, bütün respublika ərazisində torpaqların suvarılması müasir suvarma metodlarına və normalarına əsasən tərtib edilmiş hidromodul qrafikinə əsasən həyata keçirilməlidir.  

Məlumdur ki, Azərbaycanın bir çox digər regionlarında da şirin suya olan tələbat lazımi səviyyədə ödənilmir.  Belə şəraitdə əhalinin, sənaye və kənd təsərrüfatının su təchizatının müasir və gözlənilən problemlərini həll etmək və ətraf mühitin mühafizəsi üzrə tədbirlər kompleksini hazırlamaq üçün:

su ehtiyatlarının əmələgəlmə prosesinin öyrənilməsi, kəmiyyətinin dəqiq qiymətləndirilməsi, onların zamana görə və ərazi üzrə paylanma qanunauyğunluqlarının aşkar olunması tələb olunur;

su ehtiyatlarına təkcə təbii deyil, həmçinin antropogen amillərin təsiri də nəzərə alınmalıdır.

Bir problem də ölkənin irriqasiya sistemləri ilə bağlıdır.  Burada su itkisi 30-40%-ə çatır.  Respublikada ümumi su ehtiyatının 70%-ə qədəri əsas su istehlakçısı olan kənd təsərrüfatı, 25%-i sənaye, qalan hissəsi isə məişətdə istifadə olunur.  Ona görə də quraq və yarımquraq ərazilərdə suvarma kanalları şəbəkəsinin və kollektor-drenaj sistemlərinin yenilənməsi mühüm əhəmiyyət daşıyır.

Birləşmiş Millətlər Təşkilatında bir neçə komissiya su ehtiyatlarının istifadəsi və mühafizəsi kimi global problemlərlə məşğul olur.  Azərbaycan transsərhəd çayların su ehtiyatlarının istifadəsi və mühafizəsi sahəsində beynəlxalq su qanunvericiliyinə əsaslanmış dövlət siyasəti aparır.  Respublikamız dünyanın bir sıra ölkələri ilə birlikdə su ehtiyatlarının mühafizəsi ilə bağlı Ümumdünya Su Şurasında, Qlobal Su Əməkdaşlığı Təşkilatında, İrriqasiya və Drenaj üzrə Beynəlxalq Komissiyada təmsil olunur.

Ölkəmiz ətraf mühitə dair 14 Beynəlxalq konvensiyaya, o cümlədən “Transsərhəd su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsinə dair Konvensiya”ya (17 mart 1992-ci il, Helsinki) qoşulmuş və 14 mart 2000-ci il tarixində onu ratifikasiya etmişdir.  

Cənubi Qafqaz dövlətlərinin (Azərbaycan, Gürcüstan, Ermənistan), İran və Türkiyənin də daxil olduğu Kür çayı hövzəsi beynəlxalq su hövzələrindən biridir.  Bu hövzənin ən böyük hissəsi, yəni 28,4%-i (52,9 min kvadratkilometr)Azərbaycanın, 21,28%-i (40 min kvadratkilometr) İranın, 19,36%-i (36,4 min kvadratkilometr) Gürcüstanın, 15,85%-i (29,8 min kvadratkilometr) Ermənistanın və 15,37%-i isə (28,9 min kvadratkilometr) Türkiyənin payına düşür.  

Azərbaycanın Muğan-Salyan düzünü və Şərqi Şirvanın 16 min kvadratkilometr çökək sahəsini də nəzərə alsaq, ölkə ərazisinin 79,6%-ni (68,9 min kvadratkilometr) Kür çayı hövzəsi təşkil edir.  Onun ümumi su ehtiyatlarının 72,73%-i qonşu ölkə ərazilərində, 27,27%-i isə Azərbaycan ərazisində formalaşır.  

Ümumiyyətlə, ölkə əhalisinin və iqtisadiyyatının müxtəlif sahələrinin su təminatı qonşu ölkələrin ərazilərində formalaşan tranzit çayların sularının kəmiyyət və keyfiyyətindən bilavasitə asılıdır. Ona görə də Cənubi Qafqazda su ehtiyatlarının səmərəli istifadəsini və mühafizəsini təmin etmək üçün ilk növbədə Ermənistan və Gürcüstan respublikalarının Helsinki Konvensiyasına qoşulmaları lazımdır. Eyni zamanda transsərhəd su ehtiyatlarının çirkləndirilməsinə və tükənməsinə yol verən ölkələrə qarşı beynəlxalq təşkilatların himayəsi ilə iqtisadi sanksiyaların tətbiq mexanizmi hazırlanmalıdır.

İqtisadiyyatın sabit inkişafı və əhalinin şirin suya tələbatının ödənilməsi üçün Kür çayının aşağı axarında yaranmış ekoloji vəziyyəti nəzərə almaqla ölkənin su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxeminin hazırlanması olduqca vacibdir.

Yasin RÜSTƏMOV,

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun

icraçı direktoru, texnika elmləri doktoru.