Azərbaycanda turizm beynəlxalq əlaqələrin bir forması kimi inkişaf etdirilir
İQTİSADİYYAT

Azərbaycanda turizm beynəlxalq əlaqələrin bir forması kimi inkişaf etdirilir

Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilən turizm  iqtisadi tərəqqi və yüksəlişin mühüm amili kimi böyük əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli xahişi ilə hakimiyyətə qayıtdıqdan sonra kifayət qədər investisiya tələb edən turizmin tənəzzüldən çıxarılması və inkişafı üçün kompleks tədbirlər həyata keçirmişdir. Ulu öndərin möhkəm təməl üzərində əsasını qoyduğu sosial-iqtisadi siyasət strategiyası nəticəsində Azərbaycanın maliyyə imkanlarının ildən-ilə yaxşılaşması turizm sahəsində uğurlu islahatların aparılmasına imkan yaratmışdır. Turizmin inkişaf tendensiyası ilk növbədə ölkənin ali qanunvericilik aktlarında öz əksini tapmış, Milli Məclisdə “Turizm haqqında” Qanun qəbul edilmiş, 27 iyul 1999-cu ildə ulu öndər Heydər Əliyev “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Fərman imzalamışdır.

Azərbaycanda turizm müasir həyat tərzinin və mədəniyyətin mühüm atributu, beynəlxalq əlaqələrin bir forması kimi inkişaf etdirilir. Belə ki, müasir dünyamızda  qlobal əhəmiyyətə malik olan turizm sahəsi həm də sosial və iqtisadi əlaqələri  tənzimləməklə müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı münasibətlərlə yanaşı, biznes maraqlarını da gücləndirir.

Hər bir ölkə üçün əlavə gəlir mənbəyini, yerli əhalinin öz məhsulunu satmaq imkanını genişləndirən turizmin inkişaf etdiyi regionlarda əhali daha çox fəal həyat tərzi və gəlir gətirmək vərdişlərinə malikdir.  İstehsal və qeyri-istehsal funksiyasını formalaşdıran turizm sahəsi  həyat üçün birinci dərəcəli tələbat növü olmasa da, insanın inkişafının və onun həyat tərzinin müəyyən sərhədləri və məhdudiyyətləri çərçivəsində həll olunan vacib sahədir. Elə bu səbəbdən də dünyanın hər yerində turizmin inkişafına  böyük maraq göstərilir, daha doğrusu ölkələrin sosial-iqtisadi maraqları turizm sahəsinə əsaslanır. 

Müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasında da turizmin inkişafına dövlət səviyyəsində diqqət göstərilmiş, ölkədə turizmin inkişafını təşkil edə biləcək dövlət strukturları yaradılmışdır. Turizm üzrə dövlət və kommersiya strukturlarının yaradılması, qanunvericilik sənədlərinin qəbul edilməsi, beynəlxalq turizm əlaqələrinin qurulması istiqamətində atılan addımlar bunun əyani sübutudur.

Son illərdə respublikamızın iqtisadi inkişafı, turizmin perspektiv sahə kimi prioritet plana keçirilməsi bu sahənin qanunvericilik bazasında iqtisadi, hüquqi və sosial normalara uyğun təkmilləşmələr edilməsini  zərurətə çevirmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarında da ölkənin ayrı-ayrı regionlarında turizmin inkişaf etdirilməsi məqsədilə mehmanxanaların, turizm sanatoriya-kurort mərkəzlərinin, mədəniyyət abidələrinin, iaşə müəssisələrinin tikintisi, bərpası, həmçinin regionlarda turizm fəaliyyətinin dəstəklənməsi öz əksini tapmış və bu da 2004 - cü ildən başlayaraq respublikanın regionlarında turizmin inkişaf etdirilməsinə güclü təkan vermişdir.

Dünya iqtisadiyyatına inteqrasiyası, neft strategiyası və beynəlxalq layihələrin aparıcı iqtisadi həlqəyə çevrilməsi respublikamızda turizmin zəruriliyi, onun subyektlərini və istehlakçılarını dəyişdi. Azərbaycan Respublikasının inkişaf dinamikası, onun qeyri-neft sektorunun inkişafına yönəldilən strateji inkişaf layihələri və respublikanın resurs təminatı ilə ölçülür. Bununla yanaşı, “Böyük İpək Yolu”nun  Azərbaycan ərazisindən keçməsi ölkəmizin dünyaya inteqrasiya olunmasına  təkan vermiş, bu yolun yenidən bərpası başqa ölkələrin də beynəlxalq turizm bazarında iştirak etməsinə şərait yaratmışdır. Ümumdünya Turizm Təşkilatı belə bu gün “Böyük İpək Yolu”nun bərpasına xüsusi maraq göstərir.

2001-ci il tarixindən BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) üzvü olan  Azərbaycan UNWTO-nun “Turizm naminə qlobal liderlər” kampaniyasına və “Bir milyard imkan, bir milyard turist” təşəbbüsünə qoşulmuşdur. 2013-cü ildə UNWTO Baş Assambleyasının 20-ci iclasında Azərbaycan Təşkilatın İcraiyyə Şurasına  2013-2017-ci illər üçün üzv , İcraiyyə Şurasının 104-cü sessiyası zamanı isə 2017-ci il üçün Təşkilatın İcraiyyə Şurasının sədri vəzifəsinə seçilmişdir.

Baş Assambleyanın 22-ci sessiyası zamanı 2018-ci il üçün yenidən İcraiyyə Şurasına seçilən  Azərbaycan  UNWTO-nun Avropa üzrə Regional Komissiyasının 64-cü iclasında Azərbaycan Ümumdünya Turizm Təşkilatının 2019-2021-ci illər üzrə Assosiativ Üzvlük Müraciətlərinə Baxılması üzrə Komitəsinin üzvü olmuşdur.

İstər daxili, istərsə də xarici turizmin  sülhə, qarşılıqlı anlaşmalara, bütün dünyada insanların sağlamlığına və rifahına olan təsirini sürətləndirmək və genişləndirmək, səyahət zamanı insanların təhsil almasına və mədəni səviyyəsinin artırılmasına zəmin yaratmaq, az inkişaf etmiş rayonlarda turistlərin yaşayış normalarının standartlara yaxınlaşdırılmasına kömək göstərmək, turist qəbul edən ölkələrin imkan dairələrinin genişləndirilməsi, ölkələrarası əməkdaşlığın təkmilləşdirilməsi üzrə beynəlxalq agentlik rolunda çıxış etmək, turizm sahəsində milli təşkilatlar üzrə yaranan turlara xidmət göstərmək, turist operatorları birlikləri arasında daimi əlaqə saxlanılmasına yardım etmək məqsədi daşıyan Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyası 2019-cu ildə Bakıda keçirilmiş, tədbirdə dünyanın 37 ölkəsindən və bir sıra beynəlxalq təşkilatdan turizm sahəsi üzrə yüksək səviyyəli nümayəndələr iştirak etmişdir.

Mətbuat konfransında Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili il ərzində dünyada 10 mərkəz açmağı planlaşdırdıqlarını nəzərə çatdıraraq demişdir: “Yaxın vaxtlarda Azərbaycanda da belə bir mərkəz açmaq niyyətindəyik. Kənd turizminin inkişafı da ÜTT-nin diqqət mərkəzindədir. Təhsil də turizm sahəsində önəmlidir. İlk onlayn Turizm Akademiyası yaradılacaq. Bu Akademiya ilə insanlar fundamental biliklərə yiyələnəcək, Akademiyada ingilis və ispan dilləri tədris olunacaq. Biz tərəfdaşlar taparaq, Akademiyanın digər dillərdə, o cümlədən Azərbaycan dilində də fəaliyyətinə nail olmaq istərdik”.

145 həqiqi üzvü, 7 assosiasiya edilmiş, 300-dən çox qoşulmuş üzvləri olan, mərkəzi qərargahı İspaniyanın paytaxtı Madrid şəhərində yerləşən, turizm üzrə ixtisaslaşmış beynəlxalq təşkilat - Ümumdünya Turizm Təşkilatı, dövlətlərarası, birliklərarası əlaqələndirmə işləri aparır.

Müstəqilliyini bərpa etdikdən az müddət sonra Azərbaycan bütün sahələrdə beynəlxalq aləmə  inteqrasiya olunaraq həm dünyada keçirilən  mötəbər tədbirlərə qatılmış, eyni zamanda bütün qapılarını dünyaya açaraq bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etmişdir. Bu, hər şeydən əvvəl ölkəmizdə işgüzar və mədəni turizmin inkişafına səbəb olmuşdur. Müasir dövrdə işgüzar turizm yüksək dinamikliyi, turizm biznesinin və ondan əldə edilən gəlirlərin qloballaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Ümumdünya Turizm Təşkilatı tərəfindən müəyyənləşdirilən işgüzar turizmə qurultay, elmi konqres və konfranslarda, istehsal seminar və müşavirələrində, yarmarkalarda, sərgilərdə, salonlarda iştirak məqsədilə həyata keçirilən səyahətlər, həmçinin danışıqların aparılması və müqavilələrin bağlanması üçün edilən səfərlər aid edilir. İşgüzar və mədəni turizmdə kiçik qruplar üçün biliyi artıran turlar və istirahət edən şəxslərin mədəni abidələrə səyahətlərini özündə birləşdirən birgünlük ekskursiyalar təşkil olunur. Bununla əlaqədar mədəni abidələrin qorunub saxlanması üzrə səmərəli tədbirlərin həyata keçirilməsi və göstərilən ərazilərə turist axınlarının idarə edilməsi mühüm əhəmiyyət daşıyır.

Ölkə Prezidenti İlham Əliyevin qeyri-neft sektorunun inkişafına yönəlmiş əməli fəaliyyətinin əsas istiqamətlərindən biri də  turizm sənayesi ilə bağlıdır. Bunun nəticəsidir ki, son 10 ildə Azərbaycana turizm məqsədilə gələn vətəndaşların sayı  4,6 dəfə, xarici ölkələrə gedən  Azərbaycan vətəndaşlarının sayı isə 5,1 dəfə artmışdır. 2000-ci ildən bəri həyata keçirilən Dövlət proqramları, layihələr ölkənin turizm potensialından daha effektiv istifadə etmək üçün əlverişli şərait yaratmış, Azərbaycan Respublikası ilə 30 -a yaxın ölkə arasında turizm sahəsində əməkdaşlıq sazişləri imzalanmışdır. Regionlarında mehmanxanalar, istirahət zonaları, əyləncə və idman mərkəzləri - Qafqaz Hotel Şəbəkəsi, Qəbələdə Qəbələ Turist Parkı, Qusarda möhtəşəm Şahdağ Qış-Yay Turist Kompleksi, Olimpiya İdman Kompleksi və s. yaradılması turizmin Azərbaycanda dövlət siyasətinin ən vacib prioritetlərindən biri olduğunu təsdiqləyir.

İqtisadiyyatın mühüm sektoru olan turizm üzrə rəqabətqabiliyyətlilik siyahısında Azərbaycan 148 ölkə arasında 39-cu yerdə qərarlaşmışdır. Ümumdünya Səyahət və Turizm Şurasının hesabatına əsasən Azərbaycan 2010-2016-cı illərdə turizmin ən sürətlə inkişaf etdiyi 10 ölkə arasına daxil olmuş, həyata keçirilən məqsədyönlü siyasətə uyğun olaraq son illərdə beynəlxalq səviyyəli idman yarışlarının və tədbirlərin təşkili, ümumiyyətlə, Azərbaycana turist axınının təşviq edilməsi nəticəsində turizm sektorunun daha çox gəlir gətirən sahəyə çevrilməsinə şərait yaratmışdır.

Son 10 ildə  Bakıda 5 beşulduzlu mehmanxana , dördulduzlu, üçulduzlu hotellər  tikilmiş, bölgələrdə hotelçilik ilə bağlı çox böyük işlər görülmüşdür. Bununla yanaşı, əlverişli coğrafi mövqeyi, iqlimi, mədəni-tarixi irsi, qonaqpərvərliyi, daxili sabitliyi, gözəl təbiəti  ölkəmizin tezliklə dünyanın turizm mərkəzlərinin birinə çevrilməsinə öz töhfəsini verəcək.

Bu gün Azərbaycanda turizmin inkişafı respublikamıza xarici vətəndaşların cəlb edilməsi ilə yanaşı, həm də bölgələrdə əmək məşğulluğunun artması, yeni iş yerlərinin açılması baxımından da sərfəlidir. Bu isə dövlət siyasətinin prioritet məsələlərindən biridir.

Bakıda, eləcə də ölkəmizin ayrı-ayrı regionlarında biznes, istirahət, sağlamlıq, idman turizmini inkişaf etdirmək üçün irimiqyaslı layihələr həyata keçirilir. Ölkə rəhbəri 2016-cı ilin oktyabrından etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün elektron vizaların maksimum üç saat ərzində verilməsinə dair sərəncam imzalamış, həmin vaxtdan “ASAN viza” sistemi uğurla fəaliyyət göstərməyə başlamışdır.

Dünyanı cənginə alan COVİD-19 pandemiyasından əvvəl , 2019-cu il Azərbaycana gələn turistlərin sayına görə rekord il olmuş, yanvar-oktyabr ayları ərzində ölkəmizi ziyarət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz və ya 264 min nəfər artaraq təqribən 2.7 milyona çatmışdır.  Həmin  ildə Azərbaycana gələn xarici vətəndaşların sayı 3 milyondan artıq olmuşdur. Son illərdə ölkədə turizm sektoru 3,3 dəfə böyümüş, ölkənin bu sahədə potensialı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Azərbaycanın turizm potensialının gündən-günə daha da güclənəcəyi artıq bir reallıqdır.  Qədim Şuşa, eləcə də işğaldan azad edilən bütün ərazilər sürətlə dirçəlir. Azərbaycanın mədəniyyət  və incəsənət beşiyi olan Şuşada tarixi “Xarıbülbül” festivalı və “Xarıbülbül” oteli yenidən yaranıb. Şəhər tarixi simasını saxlamaqla ən müasir formada bərpa edilir, müasir turizm infrastrukturu yaradılır. Xüsusən də modern memarlıq nümunəsi olacaq yeni məscidin təməlinin qoyulması Şuşanın yaxın gələcəkdəki heyrətamiz  siması olacaq. İsa bulağı, Turşsu, Səkili bulağı, Soyuqbulaq, Yüzbulaq, Qırxbulaq, Çarıqbulaq və digər nadir təbiət möcüzələrinə sahib olan Şuşa yaxın illərdə nəinki Azərbaycanın, bütün türk və islam dünyasının, Qafqaz coğrafiyasının, eləcə də dünyanın əsas turizm mərkəzlərindən birinə çevriləcək.

Mehparə ƏLİYEVA,

“Respublika”.