Azərbaycanın Baş nazirinin müavini:  Olimpiya Oyunları sözün geniş mənasında dünya miqyaslı hadisədir
İdman

Azərbaycanın Baş nazirinin müavini:  Olimpiya Oyunları sözün geniş mənasında dünya miqyaslı hadisədir

Olimpiya Oyunları təkcə idman baxımından deyil, həm də sözün daha geniş mənasında dünya miqyaslı böyük hadisədir. Olimpiya Oyunları müasir dünyamızda çox ehtiyac duyulan sülh, humanizm və mehriban qonşuluq ideyalarını təbliğ edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov bu fikirləri Olimpiya oyunları ilə bağlı tədbirlərdə iştirak etmək üçün Çinə səfər ərəfəsində Sinxua agentliyinə verdiyi məxsusi müsahibədə açıqlayıb.

Ə.Əhmədov qeyd edib ki, Çin qlobal tədbirləri ən yüksək səviyyədə keçirmək üzrə çox zəngin təcrübəyə malikdir. 2008-ci ilin Yay Olimpiya Oyunları buna əyani nümunədir. Düzdür, 2022-ci ilin Qış Olimpiya Oyunları COVID-19 ilə bağlı mürəkkəb pandemiya şəraitində keçiriləcək. Lakin cari ilin əsas idman tədbiri də həm idman və sosial baxımdan, həm də sanitariya təhlükəsizliyinin təmin edilməsi cəhətdən yüksək səviyyədə təşkil edilib.

Azərbaycanın Baş nazirinin müavini son illərdə Çin-Azərbaycan münasibətlərini qiymətləndirərək vurğulayıb ki, bizim qarşılıqlı münasibətlər hərtərəfli siyasi dialoq, iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlıq, "Bir kəmər - bir yol" qlobal təşəbbüsünün həyata keçirilməsində fəal iştirak ilə səciyyəvidir. Ticari-iqtisadi əlaqələr genişlənir, Çinin bəzi şəhərlərində Azərbaycan ticarət evləri açılıb və fəaliyyətə başlayıb.

Ə.Əhmədov vurğulayıb: "Əminəm ki, ölkələrimizin hakim partiyaları - Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında yaranmış sıx tərəfdaşlıq münasibətləri Azərbaycan ilə Çin arasında qarşılıqlı faydalı əməkdaşlığın böyük potensialı hesabına zənginləşəcək. Bu potensialdan bacarıqla istifadə edilməsi hər iki dövlətə və onların cəmiyyətlərinə ciddi səmərə təmin edə bilər".

Humanitar sahədə əməkdaşlığın durmadan inkişaf etdiyini vurğulayan Ə.Əhmədov buna əyani nümunə kimi Pekində Tayhu qlobal mədəni forumunun keçirilməsində Heydər Əliyev Fondunun fəal iştirakını qeyd edib.

Baş nazirinin müavini vurğulayıb ki, Çin son onilliklərdə bütün dünyada sosial, siyasi və iqtisadi transformasiyanın parlaq nümunəsidir. Ən başlıcası, Çində baş verən dəyişikliklər təkcə daxili xarakter daşımır. Çinin transformasiyası bütün dünyanın həyatında öz əksini tapmış qlobal layihədir. Başqa sözlə desək, müasir qlobal transformasiyanı Çin Xalq Respublikasında baş verən dərin dəyişiklərsiz təsəvvür etmək mümkün deyil.

Ə.Əhmədov sonda Çin hökumətinə və bu ölkənin xalqına 2022-ci il Qış Olimpiya Oyunlarının keçirilməsində uğurlar, Pekinə gəlmiş idmançılara isə yüksək idman nailiyyətləri arzu edib.

AZƏRTAC